MÜQƏDDƏS AMAL UĞRUNDA HƏMRƏY OLMAQ
Yaşadığımız torpaqlar öz strateji əhəmiyyətinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman yadelli işğallarına məruz qalmış, məkrli düşmən siyasətinə hədəf olmuşdur. Çox da uzağa getmədən, hələ 19-cu əsrin ilk qərinəsində (1828-ci ildə) Rusiya və İran arasında imzalanmış Türkmənçay müqaviləsi ilə otaylı-butaylı Azərbaycanımızın ikiyə bölünməsini ürək ağrısıyla dilə gətirmək kifayətdir. Beləliklə də bir anda Arazın o tayında bacı, bu tayında qardaş, o tayda ata, bu tayda oğul, o tayda ana, bu tayda gəlin... qaldı. Uzun illər vətən və millət həsrəti ilə yanıb-qovruldu qəlblər. Öz vətənində öz vətəni üçün darıxan, həsrət qalan həmvətənlərimizin bu ayrılıq nisgili misralara bu cür həkk olundu:
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
(M. Şəhriyar)
Bütöv bir xalqı zahirən bir-birindən ayırmaq mümkün olsa da, beyinlərdəki fikirləri, qəlblərdəki sevgini yerindən kürüyüb atmaq mümkün olmadı, ola da bilməzdi. Və gün gəldi, vədə yetişdi...
1989-cu il 31 dekabr... Soyuq, şaxtalı bir qış gecəsi... O gəcədən bəhs edərkən gözlər önündə yalnız bir mənzərə canlanır: Sovet İmperiyasının uzun illər davam edən müstəmləkə siyasətinə etiraz edən minlərlə azərbaycanlının neçə vaxtdır ölkənin hər yerində nümayişlərə qatılması və “azadlıq” şüarları ilə öz müqəddəratını həll etmə istəyinin nəticəsində Naxçıvanla İran arasındakı sərhəd dirəklərinin yandırılması, tikanlı məftillərin yalın əllə qoparılıb atılması, havanın soyuğuna, şaxtasına əhəmiyyət vermədən Arazın buz kimi sularına girib əzizləri ilə görüşən insanlar. 1989-cu ilin 31 dekabrına təsadüf edən bu hadisə sadəcə iki ölkə arasındakı keçilməz sərhədləri aradan qaldırmadı, eyni zamanda Azərbaycan xalqının bütün dünyaya səpələnmiş övladlarının zehnindəki gözəgörünməz əngəlləri aradan qaldırdı. Artıq xəyali sərhədlər qalxmış, bütöv bir millət şüuru formalaşmağa başlamışdı. Təsadüfi deyil ki, 1991-ci ilin 16 dekabrında o zamanlar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri mərhum Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni, məhz həmin günü “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” elan etdi. O gündən bu yana hər ilin 31 dekabrı bütün dünya azərbaycanlıları tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd olunur.
Artıq bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Bayramı 70-dən çox ölkədə azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün mühüm bir bayramdır. Eyni günə təsadüf edən Yeni İl bayramı isə artıq ikinci plana keçmişdir. Necə ki, bir zamanlar kimlərsə isti ocaqlarının başında Yeni İli qeyd edərkən, həmin bu xalq birliyimizə xələl gətirən sərhəd maneələrini dağıdırdı, zehinlərdə tabulaşmış fikirləri yıxmaq üçün soyuq-sazaq demədən küçələrə axışırdı...
Burada həmrəyliyimizə təkan verən başqa bir məsələyə də aydınlıq gətirməyi özümə borc bilirəm. Hər bir xalqı xalq edən, formalaşdıran, birlik və bərabərliyə səsləyən müəyyən ünsürlər var. Bu ünsürlərdən biri də şübhəsiz ki, din faktorudur. Millətin birliyi üçün eyni din duyğularını daşımaq eyni dildə danışmaq qədər əhəmiyyət kəsb edir. Çünki din insanları müqəddəs bir amal ətrafında birləşdirən mühüm amillərdəndir. Hicri təqvimin başlanğıcı bu il noyabrın son həftəsinə təsadüf etdi. Məhərrəmlik ayının gəlişi bir daha İslam Peyğəmbəri Həzrət Məhəmmədin göz bəbəyi olan Həzrət Hüseynin və onun timsalında bütöv Əhli-beytin çəkdiyi iztirabları, müsibətləri gündəmə gətirdi. Hər il olduğu kimi bu il də ölkənin hər yerində Əhli-beyt sevgisindən qaynaqlanan xoşməramlı aksiyalar, xeyirxah tədbirlər həyata keçiriləcəkdir. Bu mübarək ayda İmam Hüseynin haqq bağıran səsi, ədalət uğrunda son damla qanınadək mübarizəsi, Əhli-beyt fəlsəfəsinin öyrənilməsi artıq xalqımız arasında ənənəvi hal almışdır. Çünki bu millət bilir ki, onları sevmək, həyatlarını öyrənmək, onlar kimi yaşamağa çalışmaq hər bir müsəlmanın ən ümdə borclarındandır. Ölkə başçımızın bir əmri ilə Qarabağın düşmən işğalından azad edilməsi uğrunda başlayacaq döyüşlərdə mənfur düşmənə qarşı silahlanmağa hazır olan vətən oğullarının hər biri İmam Hüseyn məktəbinin yetirməsidir. Çünki o, bütün ümməti haqq ətrafında birləşməyə, həmrəy olmağa, lazım gəldikdə də batilə qarşı sonuna qədər savaşmağa, ədalət naminə canından fədakarlıq etməyə səsləmiş, yaşadığı həyatı ilə də buna nümunə olmuşdur.
ŞƏRHLƏR