AXİRƏT RƏHBƏRİ

AXİRƏT RƏHBƏRİ

Uca Allah Qurani-Kərimdə belə buyurur:

“(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir!” (ət-Tövbə, 40)

Ayeyi-kərimədə bəhs edilən şərəfli insan övladlarının ilahi hökmlərin yer üzərində təşəkkül tapması uğrunda apardıqları mücadilənin həqiqətini anlamaqla, onu yaşamaqla və yaşatmaqla istiqamətində böyük problemlər müşahidə edilən bəşəri münasibətləri ilahi istək qanunları ilə səsləşən məcraya yönəltmək mümkündür. Bu mümkünlüyü özlərinin ibrətli həyat salnamələri ilə sübuta yetirmiş olan Hz. Məhəmməd (s.ə.s) və onun şərəfli səhabələri hər birimizə örnək olmağa ən layiqli misaldır. Səhabə dövrünün ən görkəmli nümayəndələrindən olan Əbu Bəkr əs-Siddiq həzrətlərinin İslamiyyətin qəlblərdə zəfər çalmasına yönələn fəaliyyətini izləməklə səhabə qətiyyətinin dərinliyinə nüfuz etmək olar. Hz. Əbu Bəkrin, son peyğəmbərin həyatla əbədi vidalaşmasından sonra Allah Rəsuluna hədsiz sevgi ilə bağlanmış qəlbləri ilahi vəhyin həqiqətinə səsləyərək öz ardınca aparması və Peyğəmbərdən sonrakı dövrlərdə İslam dininin ehtişamını qoruyub saxlama yolundakı əvəzsiz xidmətləri bu gün də hər bir müsəlmanın həyatında mənəvi intibah qapılarını aralayır:

“Rəsulullah (s.ə.s) vəfat etdikdə Əbu Bəkr Mədinənin kənar məhəlləsindəki evində idi. Acı xəbərin təsiri ilə özünü ora yetirən Əbu Bəkr ağzını Rəsulullahın alnına qoyaraq: “Atam, anam sənə fəda olsun!” sədaları altında onu öpüşlərə qərq etməyə başladı. Otaqdan çıxdığında Hz. Ömərin yanında keçirdi. Hz. Ömər (r.a) bu əsnada: “Vallahi, Rəsulullah ölmədi, münafiqlər öldürmədikcə də ölməyəcək!” deyirdi. Münafiqlər də Rəsulullahın vəfatına sevinmiş və başlarını dik tutaraq yeriməyə başlamışdılar. Hz. Əbu Bəkr Hz. Ömərin bu halına biganə qalmayaraq ona belə dedi: “Öz halına acı, Rəsulullah vəfat etdi. Uca Allahın: “(Ya Peyğəmbər!) Şübhəsiz ki, sən də öləcəksən, onlar da öləcəklər!” (Zumər, 30), “(Ya Rəsulum!) Səndən əvvəl də (dünyada) heç bir bəşərə əbədiyyət (ölməzlik) vermədik. Belə olduğu təqdirdə, sən ölsən, onlar dirimi qalacaqlar?!” (Ənbiya, 34) buyurduğunu eşitmədinmi?” Əbu Bəkr daha sonra minbərə çıxdı. Allaha həmd və sənadan sonra bunları söylədi: “Ey insanlar! Əgər Məhəmməd (s.ə.s) sizin qulluq etdiyiniz ilahınız idisə, artıq bu ilahınız ölmüşdür. Ancaq ilahınız möhtəşəmliklərin sahibidirsə, O, ölməzdir!” dedi və bu ayəni oxudu: “Məhəmməd ancaq bir peyğəmbərdir. Ondan əvvəl də peyğəmbərlər gəlib-getmişlər. Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz? (Dininizdən dönəcək və ya döyüşdən qaçacaqsınız?) Halbuki geri dönən şəxs Allaha heç bir zərər yetirməz. Lakin Allah şükür edənlərə mükafat verər.” (Ali İmran, 144) Soonra minbərdən endi. Möminlər buna sevinərək rahatlıq tapdılar. Münafiqləri isə kədər bürüdü.” (Heysəmi, Məcməüz-Zəvaid 9/38)

Peyğəmbər təbliğini olduğu kimi anlama istiqamətində Uca Allahın xüsusi bir lütfünə layiq görülən Hz. Əbu Bəkrin bir şəxsiyyət olaraq İslam tarixinin ən ağır dövründə göstərdiyi xidmətin əhəmiyyətini dərk etməyə və onu əldə rəhbər tutmağa yönəlmiş bütün fəaliyyətlərə zamanımızda böyük ehtiyac duyulur. Rəsulullahın (s.ə.s): “Ey insanlar! Hər hansı bir möminin başına bir müsibət gəldikdə məni itirməsini düşünsün və özünü təsəlli etsin. Çünki ümmətimdən heç bir kimsənin başına məni itirməkdən daha böyük bir müsibət gəlməyəcək.” (Beyhəqi, Şuabul-İman) deyə buyurduğu reallığı yaşama məcburiyyətində qalan və Peyğəmbərlərin böyük bir heyranlıqla ilahi dərgahdakı üstünlükləri səbəbi ilə qibtə etdikləri şanlı səhabə toplumu inanılmaz bir sıxıntı və çaşqınlıq burulğanında silkələnərkən Allah-Təala Əbu Bəkr adlı möhtəşəm bir təcəllisi ilə onların imdadına yetişdi. Əbu Bəkrin (r.a) dünya işlərində səriştəli bir xəlifə və ən əsası axirət işlərində əvəzedilməz bir rəhbər olaraq Məhəmməd ümməti üzərində yarpaq kimi titrəməsi müsəlman cəmiyyətinin və İslam dininin növbəti uğurlarına  yardım etdi. Rəsulullah (s.ə.s) Hz. Əbu Bəkrdən “Nəyi düşünürsən?” deyə soruşduqda o: “Ya Rəsulallah! Vücudumun bütün cəhənnəmi tutacaq qədər genişlənməsini və bu surətlə də Uca Allahın Məhəmməd ümmətini bu atəşdə yandırmamasını düşünürəm.” deyə cavab vermişdi. Belə bir insanı Məhəmməd ümmətinə dünya və axirət işlərində rəhbər etmiş Uca Allaha şükrümüz nə qədər azdır. Rəsulullahın və onun şanlı səhabəsinin qiymətsiz bir nemət olaraq Rəbbimizin izni ilə qəlblərimizə verdiyi iman həyəcanının yalnız onların və bu gün də onların izi ilə gedən axirət rəhbərlərinin ilahi ehtişam qarşısındakı əxlaqı ilə əxlaqlanmaqla dəyər qazanacağı hər birimizə gün kimi aydın olan bir həqiqətdir. Hz. Əbu Bəkrin axirət rəhbəri kimi imandan ehsana doğru gedən ən etibarlı yolun xəritəsini çəkən və onunla əməl etməyə sövq edən bir bəşər olduğu, ölümündən sonra söylənən bu cümlələrdə öz təsdiqini tapmışdır: Əmirəlmöminin Hz. Ömər belə demişdi:

“Allah sənə rəhmət etsin, ey Əbu Bəkr! Arxada qalanlara yaşaması nə qədər də çətin olan bir həyat qoyub getdin.” (İbn Sad Tabaqatul -kubra, 3/196)

Ölüm xəbəri ilə gözyaşlarına təslim olan Əmirəlmöminin Hz. Əli bu etirafdan özünü saxlaya bilməmişdi: “Allah sənə mərhəmət etsin, ya Əbu Bəkr! Sən insanların İslam yönüylə ən öndə olanı, iman yöyüylə ən mükəmməli, Allahdan ən çox qorxanı, yük etibar ilə də ən ağırının altına girəni idin. Rəsulullahın izində yürümə məsələsində səndən daha həssas, dostları barədə səndən daha anlayışlı kimsə ola bilməz.” (Heysəmi, Məcməuz-Zəvaid, 9/48)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz