Hicri Yeni il - Məhərrəm
Məhərrəm ayı, içində meydana gələn ülvi hadisələr, ilahi təcəllilər və hicri təqvimin başlanğıcı olması baxımından müsəlmanlar arasında böyük bir əhəmiyyət daşımaqdadır.
Məhərrəm ayı hicri təqvimin birinci ayıdır. Yəni İslamın yeni ili. Günəşin hərəkətləri əsas alınaraq hesablanan aylara “şəmsi aylar - miladi təqvim”, ayın hərəkətlərinə görə müəyyən edilib hesablanan aylara isə “qəməri aylar - hicri təqvim” deyilir. İslamda qəbul edilən bu hicri-qəməri tarix, Hz. Məhəmməd (s.ə.s)-in Məkkədən Mədinəyə hicrəti ilə başlayır. Ancaq təqvim başlanğıcı kimi bu tarix Hz. Ömərin xilafəti dövründə qəbul olunmuşdur. Ondan əvvəl ərəblər bu aylardan istifadə etsələr də, hicri təqvim kimi müəyyən bir tarixi yox idi. -Hz. İbrahimin atəşə atılması, Fil hadisəsi və s.- kimi bəzi əhəmiyyətli hadisləri tarixə başlanğıc olaraq göstərirdilər.
Peyğəmbərimizin hicrətindən 16 il sonra dövrün xəlifəsi Hz. Ömərin əmri ilə Mədinədə bir məclis toplanaraq tarix məsələsinə çarə axtarıldı. Hz. Əlinin təklifi və məclisdə olanların da qəbulu ilə Peyğəmbərimizin hicrəti İslam təqvimin başlanğıcı, Məhərrəm ayı da bu ilin, bu təqvimin ilk ayı olması qərarlaşdırıldı. Beləliklə ay hesabına görə aparılan bu qəməri aylar, yeni ad olaraq hicri təqvim, artıq müsəlmanların yeni ili və yeni təqvimi oldu. Müsəlmanlar yeni ilə Məhərrəm ayı ilə girər, bir il boyunca gördükləri işlərin, ibadət və itaətlərin, zəkatların hesabatını bu aylara görə edərlər. Qurani-Kərimdə belə buyurulur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin. ..və bilin ki, Allah müttəqilərlə bərabərdir!” (Tövbə 36)
Haram aylar, hörmətə layiq aylar deməkdir. Bu aylarda savaş etmək qadağan olduğu üçün bu adı almışdır. Cahiliyyə dövründə ərəblər bu aylarda savaş etməz, sərgi bazarları qurular, şeir yarışları keçirilər, hər kəs öz dinini yaymağa çalışardı.
Tarix boyunca bəzi hadisələrin Məhərrəm ayında baş verməsi bu aya ayrı bir dəyər qazandırmaqdadır. Hz. Adəmin cənnətdən yer üzünə endirilməsi, Hz. Nuhun tufandan qurtulması və s. Bu önəmli günlərdən biri də Məhərrəm ayının onuncu günü Aşura günüdür. Lakin məhərrəmliklə bağlı hər bir möminin qəlbini sızladan bir məsələ də var ki, bu da Həzrət Peyğəmbərin ciyər parası olan nəvəsi Həzrət Hüseynin məhz aşura günündə qətlə yetirilməsidir.
Tarixdə yaşanmış və geri dönüşü mümkün olmayan belə acı hadisələri qəbul etmək əlbəttə çətindir. Ancaq bu üzücü hadisələri xatırlamaq və onlardan dərs çıxarmaq lazımdır. Çünki bu hadisə bütün müsəlmanları dərindən sarsıdan və kədərləndirən acı bir təcrübədir. Ona görə belə hadisələr qarşısında ağlı-səlim ilə hərəkət edərək Allah və Peyğəmbər sevgisi ətrafında birləşməliyik. İslamın xoş görmədiyi və qəbul etmədiyi; insanın özünə əziyyət etməsi, qan çıxartması, özünü döyməsi kimi hər cür davranışlardan uzaq olmaq lazımdır. Hz. Peyğəmbəri, onun əhli-beytini və bütün əshabını sevmək hamımızın ortaq həyəcanı olmalıdır və bu da hamımızın borcudur. Onun üçün belə mənzərələrin yenidən yaşanmaması üçün dinimizin bizdən istədiyi kimi qardaşlıq ruhunu hər yöndə göstərməmiz lazımdır.
Məhərrəm ayı gəldikdə hər kəs saleh əməllərlə məşğul olmalı, saleh əməllərin sayını artırmalı, möminlər bu yeni hicri illərini təbrik etməli, oruc tutmalı və halı vəziyyəti yaxşı olanlar xeyir işlərinə daha çox əhəmiyyət vermələri, sədəqə və yardımları artırmaları gözəl olar. Məhərrəm ayı İslam nəzərində ən fəzilətli və əhəmiyyətli aylardan biridir. Hz. Peyğəmbərimiz bu aya çox önəm vermişdir. Bu ayda tutulacaq orucların dəyəri və fəziləti haqqında müxtəlif hədislər söyləmişdir. Birində belə buyurulur: “Ramazandan sonra nə vaxt oruc tutmamı tövsiyə edirsiniz?” deyə soruşan birinə Peyğəmbərimiz (s.ə.s): “Məhərrəm ayında oruc tut. Çünki o, Allahın ayıdır. Onda elə bir gün vardır ki, Allah o gündə bir qövmün tövbəsini qəbul etmiş və o gündə başqa bir qövmü də əfv edə bilər” buyurdu. (Tirmizi). Başqa bir hədisdə Peyğəmbərimiz: “Ramazan orucundan başqa ən fəzilətli oruc, Allahın ayı Məhərrəmdə tutulan orucdur...” (Müslim) buyuraraq bu günlərdə tutulan orucun fəzilətini açıq şəkildə bildirməkdədir. Başqa bir hədisdə də belə buyrulur: “Zilhiccənin sonuncu günü ilə Məhərrəmin birinci günü oruc tutan, keçmiş ili orucla bitirib, yeni ilə orucla başlamış olur.”
Dünən əsri-səadətdə olduğu kimi, bu gün də, gələcəkdə də eyni qardaşlığa çox ehtiyacımız var. Rəbbimizin aramıza yerləşdirdiyi bu qardaşlığı heç kimin pozmasına imkan verməyək. Qardaş olaq, bir və bərabər yaşayaq. Bir və bərabər yaşamanın zövq və həyəcanını hamımız birlikdə dadaq və hiss edək. Öz təmiz ağlımız və vicdanımızla düşünək. Heç kim başqalarının İslamı və müsəlmanları parçalamaq, ayırmaq, araya ayrılıq salmaq kimi fikir və fitnələrinə aldanmasın. Çalışaq ki, İslamın və müsəlmanların birliyini qoruyaq. Bu gün biz müsəlman olaraq İslamın və müsəlmanların birlik və vəhdətini qoruyaq ki, bu, bütün müsəlmanlara şamil olsun. Və yenə çalışaq ki, sabah, qiyamət günü Rəbbimizin və Rasulullahın hüzuruna alnıaçıq çıxa bilək.
ŞƏRHLƏR