Pərvanələr şama həsrətdir

Pərvanələr şama həsrətdir

Dünya get-gedə inkişaf etdiyinə görə artıq texnika həyatımızın bir parçasına çevrilmişdir. Dünya tarixini iki hissəyə böldülər: qədim və müasir dövr. Qədim dünyanı klassik, yeni dünyanı isə modern, müasir adlandırdılar. Həyatımızı bu günə və gələcəyə görə tənzimlədik. Biz ancaq bu günü və gələcəyi düşünürük. Beyinlərdə yalnız gələcəyi xilas edəcək yeni ideyalar, ixtiralar canlanır.

 Belə getdikcə keçmişi, yəni qədim dünya dediyimiz klassik dövrü unutmağa doğru gedirik. Amma keçmişə nəzər salanda, görərik ki, hər nə var idisə, elə klassik dövrdə var idi. Əsl məhəbbət, əsl eşq, əsl ədəbiyyat elə klassik dövrdə özünün yüksək zirvəsinə çatmışdır. Bu gün hansı şair pərvanədən şeir yaza bilər. Bəlkə də yazar. Amma keçmişin şairi kimi yaza bilməz. Düzdür, bu, bir az iddialı çıxışdır. Amma bunun fərqinə dərindən varanda, görərik ki, həqiqətən də bu belədir. Pərvanə deyiləndə ağlımıza gələn ilk məfhum şamdır. Şamsız pərvanələri, pərvanəsiz şamları təsəvvür etmək mümkün deyil.

 

Pərvanə əgər yansa da şəmin sitəmindən,

Şəmin də yaxar ömrünü pərvanə tələsmə.

(Əliağa Vahid)

 

Əsas demək istədiyim məqsəd  budur ki, pərvanə və şam məfhumu daha çox ədəbiyyat nöqteyi-nəzərindən mənalandırılır. Keçmişin şairi şam işığında şeir yazmışdır. Şamın solğun işığında, qaranlığı yarıb ətrafa bəxş etdiyi zəif nurunda, sirli və müəmmalı gecənin səssizliyi və bu gecə insanın diləgəlməz, qələməalınmaz hisslərini oyadanda yazılan şeir əlbəttə ki, əsl şeir olur. Bundan əlavə, şamın ətrafında fırlanan pərvanələrin canfəşanlığını, onların özlərini necə şamın odunda həlak etdiyini görən şair - əlbəttə, bu mənzərə qarşısında onun daxilində dözülməz iztirablar baş alıb gedir - elə məhz o zaman şair əsl məhəbbəti, əsl eşqi, əsl fədakarlığı anlayır, başa düşür, dərk edir. Yar yolunda canından keçən aşiqin obrazını pərvanənin özünü şamın odunda fəda etməsi ilə canlandırır.

 

Pərvanə əgər şəmə yanır atəşi qəmlə

Mən də yanıram hər gecə pərvanələr içrə.

(Əliağa Vahid)

 

Eşq rəsmin aşiq öyrənmək gərək pərvanədən

Kim, göyər gördükdə şəmin atəşi-suzanına.

(Füzüli)

 

Biz bilirik ki, pərvanə oda aşiqdir. Yəni pərvanə o qədər oda məhəbbət bəsləyir ki, ona qovuşmaq üçün canından belə keçir. Pərvanələrin əsas arzusu da oda qovuşmaqdır. Amma bu, onun həyatının bahasına başa gəlir. Buna baxmayaraq pərvanələr üçün həyat yox, öz istəyinə, öz arzusuna qovuşmaq əhəmiyyət daşıyır.

 

Pərvanə yaxar var-yoxunu bir oda yetsə

Razı deyiləm ki, mənə pərvanə desinlər.

(Qövsi Təbrizi)

 

Keçmişdə gecələr şam yandırılırdı. İndi isə şam yandırmaq mümkün deyil. Çünki elektrik lapmalar artıq gecəmizi belə gündüzə çevirmişdir. İndi pərvanəyə aid yazılan şeirlərin hamısı xəyalidir. Keçmiş şairlərinin şeirlərindən ilham alaraq yazılır. Amma keçmiş şairlər birbaşa pərvanənin şamda həlak olduğu mənzərənin şahididir və məhz ondan ilham alaraq şeir yazmışlar. İndi hər şey həm əslini, həm də şəklini dəyişmişdir. Hər şey maddiyyata çevrilmişdir. Onun üçün də pərvanələr şama qovuşa bilmir. Şam daha yandırılmır. Deməli, onun ətrafında pərvanələr dövrə vurmurlar. Şam daha öz zəif ziyası ilə ətrafı müəmmalı şəklə sala bilmir. Pərvanənin canfəşanlığını şairlər görə bilmirlər. Bunun üçün də yazılan şeirlərin dadı-duzu olmur. Məhz indi şairlər şama və pərvanəyə həsrətdirlər, həmçinin şam pərvanələrə, pərvanələr də şama həsrətdir!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz