İSTƏK, ÜRƏK VƏ MƏHƏRRƏM
Qazax türkcəsində ıstık, Azəri türkcəsində isti, Qırğız türkcəsində ısık, Özbək türkcəsində issık şəklində keçən söz Anadolu türkcəsindəki sıcaklıkla eynimənalıdır. İsinmək feli olaraq işlətdiyimiz is sözü bütün türk ləhcələrində istifadə olunur. Uşaqları ıs və ya cıs deyərək oddan çəkindirməyə çalışırıq.
İstəmək feli isti, yəni is kökündən törəmişdir. İstənilən hər şey istidir. İstənməyən şeylər soyuq. Sevdiyimizə ürəyimiz isinmişdir. Qan istidir və qan ilə istək arasında böyük bağ vardır. Şəhvəti artan və ya əsəbiləşən insanın rəngi qızarar və bədən hərarəti yüksələr. Ölü isə soyuqdur. Qan dövranı dayanmış, istiliyini itirmişdir. İstiliyini itirdiyi üçün də yuyunduğu su, yatacağı qəbir, büküləcəyi kəfən haqqında istək və şikayət edə bilməz.
Qışdan başqa hər mövsümün meyvəsi vardır. Ərəb atalar sözündə "Qışın meyvəsi atəşdir" deyilir. Lətifə kimi danışılan bir hadisə var: Bir nəfər qışda o qədər çox üşüyür ki, az qala sobanı qucaqlayır, bir tərəfdən də dua edir: Rəbbim, bizi dünyada və axirətdə atəşdən ayırma.
İsinmə sözü kimi ürək sözü də qazax, qırğız, özbək, uyğur və türkmən dilində müştərək işlənir. Ürəyi yanmaq, ürək dağlamaq, ürəyinə atəş düşmək, içi cız etmək ürəyinə su səpilmək, manqal ürəkli kimi deyimlərdə ürək və istilik arasındakı əlaqəni açıq formada görürük.
Böyrək böyürmək ilə yaxın mənalıdır. Böyrəklərdə yaşanan ağrılar (daş salma, iltihab) insanı böyürdür. Ürək sözü getmə hərəkəti ilə eyni kökdən törəmişdir. İnsan ürəyinin istədiyinə qarşı bədən və ruhən gedər. Bəzən də getməsini sürətləndirərək qaçar. Azəri atalar sözündə "qonaq gedilən elə evlər var ki, ayaq gedər, ürək getməz; ürək gedər, ayaq gedə bilməz"deyilir.
Aşiq olmayana Bağdad uzaqdır. Bağdaddakı sevgiliyə bədəndən əvvəl aşiqin ürəyi uçaraq gedər. İstək və ya istəksizlik halı könül sözüylə ifadə edilər. İstəyənin könlü vardır. Könülsüz olmaq istəyin olmaması halıdır. Oynamaq istəməyən gəlin könülsüzlüyünə yerin darlığını bəhanə edər.
Ürək istək (istilik) duyduqda gedərkən digər orqanları da özü ilə birgə sürüyər. Bədən dili mütəxəssislərinə görə “insan sevdiyinə qulaq asarkən başını ona doğru uzadaraq diqqət kəsilər. Qorxulan, ürpərdi və şübhə duyul bir kimsəni isə dinləyərkən baş geriyə doğru çəkilər. Bu vəziyyət ən çılpaq halıyla sinifdə müşahidə olunur. Yaramaz, tənbəl dərsini oxumayan və problemli şagirdlərlə müxatəb olan müəllim fərqində olmadan başını geriyə doğru çəkər, gərilər, arxaya söykənər və başını daha dik tutaraq ciddi dayanar.
Ürəkdən qopanlar, ürəkdən gələnlər, candan və ürəkdən verilənlər insan üçün isti çörək kimidir. Qaranlıq, daş kimi və buz kimi soyuq xəsis ürəklərdən çıxan hər şey insanın özünü, sözünü, gözünü və mədəsini üşüdər.
Bəyazid Bistamiyə görə "Hər ürəyin döyüntüsü öz əcəlinin ayaq səsidir. “Qəlb döyüntüsü ilə normal bir yeriyişdə yaşanan səs və temp eyni ritimdədir. Körpələrin ilk eşitdikləri səs analarının ürək döyüntüsüdür. Kim olursa-olsun bir insanın ürəyində olmaq, sevildiyini hiss etmək insanı xoşbəxt edər. Ana, ata, bacı, qardaş, yoldaş, sevimli uşaqlara qədər insanlara sarılma və bağrına basmanın səbəbi ürək döyüntülərini eşitmək, ürəyin istiliyini hiss etməkdir. Gözdən və könüldən uzaq olmaq arada soyuqluq yaradar. Qucaqlamanın şiddəti qəlbdəki istiliklə düzmütənasibdir. Anaların ürəkləri atalara nəzərən övladlarına qarşı daha çox yanar. Bir yeri ağrıyan insan ata yerinə “anaaa” deyərək fəryad edər. Ana deyərək fəryad etməyin səbəbi ana ürəyinin daha sürətli və isti olmasıdır.
Bir yerə toplaşan insanlar birlik olarlar. Birlik olmağın ən birinci şərti tək ürək olmaqdır. Bədən baxımından bir yerdə ola bilməyən insanların könüllərinin bir olması ən böyük xəzinədir. Bir yerə toplaşan heyvanlar isə sürü adlanırlar. Qəlb qəlbə qarşıdır sözü yalnız insanlar üçün keçərlidir. Heyvanların cinsi birləşməsi üçün cütləşmə, insanlar üçinsə birləşmə sözündən istifadə edilir.
Nə itirdiyini bilməyən nə tapdığını da bilməz demişlər. Ürək, könül və şəfqət baxışının istiliyini itirənləri səhradakı günəş də isidə bilməz.
Tibdə ürək köçürmək mümkündür, amma könül və qəlbin köçürülməsi tibbi baxımdan mümkün deyil. Könül və qəlb nəqli metafizik olaraq insibağ (sevilən və heyran olunan şəxsin əxlaqi və ruhi boyası ilə boyanmaq), inikas (sevilenin hal, əxlaq və xarakterinin sevən üzərində əks olunması) və incizab (sevilən tərəfindən çəkilərək tamamilə onun orbitinə girmək) ilə müəyyən qədər mümkündür. İnsibağ və inikas sevilənin maddi və mənəvi xüsusiyyətlərinin sevən insanın gözündə, sözündə, geyimində, əxlaqında və hər hərəkətində nəzərə çarpması deməkdir. Veysəl Qərani həzrətlərinin Uhudda Rəsulullahın hansı dişinin qırıldığını bilmədiyi üçün bütün dişlərini çıxardığı kitablarda yazılmışdır. Hz. Hüseyn və Əhli-beytin susuzluqdan çəkdikləri iztirabı nəzərə alaraq məhərrəm ayında su içməyənlər var. Sevən ilə sevilən arasındakı fərq zamanla qalxar "sən və mənin" yerini "ancaq sən" alar. “Mömin möminin güzgüsüdür” sözünə inanırıqsa, könül güzgüsündə görünənlərə təəccüb etməmək lazımdır.
Ömər Xəyyamdan bir bənd ilə əlvida:
“Bir ürək ki, yanmaz ürək deyilirmi ona?
Sevmək haram, ürəyində atəş olmayana.
Bir gününü sevgisiz keçirdinsə təəssüf.
Ən boş keçən gün o gündür inan mənə.
ŞƏRHLƏR