Arif Həşimovla REPORTAJ

Arif Həşimovla REPORTAJ

TAM SƏHİH BUXARİ kitabını Azərbaycan dilinə tərcümə edən ilahiyyatçı (eynək də taxır) ARİF HƏŞİMOV: Hədis ən qısa izahıyla “İslam Mədəniyyəti” deməkdir.

İrfan jurnalı: Hədis və sünnənin İslam dinindəki yeri nədir?

Arif Həşimov: Hz. Peyğəmbərin (s.ə.s) sözləri, kəlamları kimi bilinən hədis termini qısa izahıyla Peyğəmbərə (s.ə.s) aid söz, fikir, əməl və davranışları ifadə edir. Hədis insanlara ixtilaf etdikləri mövzularda aydınlıq gətirən, bu cəhətdən onlar üçün hidayət və rəhmət mənbəyi olan Qurani-Kərimin özünə nazil olduğu bir Peyğəmbər sözü olması baxımından ali dəyər daşımaqdadır. Hz. Peyğəmbərin (s.ə.s) insanlar içərisindəki ali mövqeyinə, verdiyi hökmlərin hüquqi bir dəyərinin olmasına işarə edən ayələr onun hədislərinin Qurandan sonra ikinci əsas mənbə kimi müraciət olunan məxəz olduğunu bəyan edir:

“Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab, 33/21)

“Peyğəmbərə itaət edən kimsə, şübhəsiz ki, Allaha itaət etmiş olur ...” (Nisa, 4/80)

“Kim mənim sünnəmdən (həyat tərzimdən) üz çevirsə, məndən deyildir” (Buxari, Nikah 1; Müslim, Nikah 5).

Məsələn, Qurani-Kərim namaz qılmağı əmr etməklə kifayətlənir. Namazın qılınma keyfiyyətinin müfəssəl bəyanını isə Hz. Peyğəmbərə (s.ə.s) həvalə edir. Bu cür nümunələrin sayını çoxaltmaq olar...

Bu səbəbdən əshabələr Allah ilə daim mənəvi əlaqədə olan Hz. Peyğəmbərə (s.ə.s) səmimiyyətlə iman gətirib bağlandıqlarına görə,  onun hər bir söz və əməlini böyük diqqət və həssasiyyətlə hafizələrinə nəqş edirdilər. Yazıb-oxumağı bilənlər isə hədisləri həm əzbərləyir, həm də yazırdılar.  Məhz ilk dövrdən başlayaraq dini hökm və məlumatların qeydə alınması faktı, digər dinlərdən fəqli olaraq İslam dininin sistemləşərək günümüzə qədər təhrifə məruz qalmaqdan qorumuşdur. Ravi tərəfindən edilmiş hədis nəqlindən əvvəl onun sənədinin – ravilərin sadalnması, hədis elmi fəaliyyətlərinin və tərcümə-hallarının araşdırılması – qeyd olunması insanlıq tarixində sadəcə müsəlmanlara məxsusdur.  Bu fakt isə doğru, dəqiq informasiya təminatının əsas rüknüdür. Veriləcək hər hansı bir hökmün ədalətli, sanballı və dəqiq olması əsaslandığı fikrin səhihlik və mötəbərliyi ilə birbaşa əlaqəlidir.

İrfan jurnalı: Bilirik ki, hədis sahəsində yazılmış bir çox əsər var. Bəs nə üçün məhz Buxariyə müraciət etdiniz?

Arif Həşimov: Hədis sahəsində qələmə alınmış əsərlər İslamın Hz. Peyğəmbər –səllallahu əleyhi və səlləm- timsalında yaşanmış izahatı, təfsiri və yazıya keçirilmiş xəzinədir. Bunlardan biri də Əbu Abdullah Muhəmməd bin Əbülhəsən İsmayıl Buxarinin “əl-Cami əs-Sahih” yəni Səhih-Buxari əsəridir. Əsərin tam adı belədir: “əl-Cami əs-Sahih əl-Müsnəd min Hədisi Rəsulillahi -Sallallahu Əleyhi və Səlləm- və Sünənihi və Əyyamihi.” Bu kitab İslam dünyasında, hədis ədəbiyyatı sahəsində mötəbər mənbələrdən biridir. Vətənimizdə də oxucular tərəfindən həmin əsərə olan araşdırma və mütaliə istəyini müşahidə edib orijinal mətnindən ana dilimizə tərcümə etmək qərarına gəldik. Ümid edirik ki, xalqımıza mənəvi dəyərlərinin qorunması yolunda bir hədiyyə olmuşdur.

Deyə bilərik ki, hədis-sünnə ən qısa və ümumi izahıyla “İslam Mədəniyyəti” deməkdir. Bidət isə İslam mədəniyyətinə tərs düşən, onda yeri olmayan, lakin ondanmış kimi görülməyə və göstərilməyə çalışılan yad ünsür deməkdir. Müxtəlif qitə və ölkələrdə yaşayan müsəlmanlar arasında əsrlər boyu görülən ortaq dəyərlər, bənzərliklər sünnənin bəhrəsidir. Müsəlmanlar sünnə ilə vardır, onunla kimliyini qoruyur. Fəsad sünnədən ayrılmaqla başlayar.

İrfan jurnalı: Bir az da kitabın hazırlanması və ərsəyə gəlməsi barədə danışaq mümkünsə!

Arif Həşimov: Oxuculara təqdim olunan əsərin orijinal mətni İmam Şəhabəddin Əbülabbas Əhməd bin Muhəmməd Qastalaninin Səhih-Buxari üzərinə yazdığı İrşad əs-Sari Şərh Sahih əl-Buxari kitabından alınmışdır. Qeyd olunan əsərdə müəllif əvvəlcə İmam Buxarinin mətnini olduğu kimi qeyd etdikdən sonra, şərh etməyə başlayır. Belə ki, o, mətndə yer alan mürəkkəb kəlmələrin mənasına açıqlıq gətirdikdən sonra, mürəkkəb cümlələrin qrammatik təhlilini verir, hədisi nəql edən ravinin qısa tərcümeyi-halını yazır. Ardınca da fiqhi məktəblərin alimlərinin hədis barəsində mövcud olan rəylərini sadalayır.

Bundan əlavə biz  tərcümə edərkən yol verə biləcəyimiz xətaları minimuma endirmək məqsədilə Buxarinin digər şərhləri ilə yanaşı Türk dilində məşr olunmuş tərcümələrə də müraciət etdik. Yeri gəldikcə Azərbaycan klassiklərindən də misallar verərək mövzuların şərh olunmasına çalışdıq. Hələ ki, oxuculara kitabın birinci cildini təqdim edirik. Növbəti cildlər üzərində tərcümə işləri davam etməkdədir.

Yaranmış fürsətdən istifadə edərək kitabın hazırlanmasında göstərdikləri maddi-mənəvi dəstəyə görə, Gəncliyə Yardım Fondunun prezidenti cənab Ahmet Tecim bəyə və İpəkyolu Nəşriyyatının əməkdaşlarına öz minnətdarlığımı bildirirəm.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz