ZƏRƏRLİ VƏRDİŞLƏR “Qumar”

ZƏRƏRLİ VƏRDİŞLƏR “Qumar”

Artıq üç gün idi ki, Zaur evə gəlmirdi. Ailəsi, qohumları, qonşuları hər yerdə onu axtarırdı. Zaurun hansı səbəbdən evə gəlməməsi hamıya məlum idi. O, qumar oynayırdı. Əlinə nə keçirdisə hamısını qumara qoyurdu.

 Demək olar ki, evdə dörd quru divardan başqa heç nə qalmamışdı. Hər şeyini satıb qumara qoymuşdu. Ailəni şəxsən tanıdığıma görə vəziyyətlərinin nə yerdə olduğunu bilirdim. Qonum-qonşu da sağ olsun, əlindən gələn maddi-mənəvi köməkliyi  edirdi. Artıq vəziyyət o həddə çatmışdı ki, yoldaşı boşanmaq qərarına gəlmişdi. Hətta bunun üçün Zaur yoxa çıxmamışdan bir gün əvvəl məhkəməyə müracət belə etmişdi. Həmin gün Zaurun qardaşı Tofiq (ondan 1 yaş böyük) onunla danışmış və bu işlərdən əl çəkib ailəsini, yuvasını dağıtmamağı, bu işi yoluna qoymağı tapşırmışdı. Hətta aralarında bu barədə balaca bir mübahisə belə olmuşdu. Qardaşı ilə mübahisə edən zaman Zaur evdən çıxmaq istəyəndə balaca oğlu Vüqar (14 yaş): “Ata, sən aciz birisən”, - deyə arxasınca kövrək səslə qışqırmışdı. Bundan hiddətlənən Zaur geriyə dönərək qapının ağzında oğluna şillə vuraraq: “Bu acizliyimdən qurtulmağa çalışıram”, - deyib  evdən çıxmış, elə o çıxan bir daha geri qayıtmamışdı. Əlbəttə, onun bu sözünü  heç kim  ciddi qarşılamamışdı. Zaurun yoxa çıxma səbəbi kimi də onun çoxlu borcu olduğunu düşünür və onun həyatı üçün narahat olurdular.

Üçüncü günün axşamı Zaur evə qayıtdı. Ailəsi, qohumları,qonşuları, hamısı onlarda idi. Evdə heç nə qalmadığına görə qonşular gələrkən özləri ilə stol-stul və döşək gətirmişdilər; bu ailənin dərdinə şərik olurdular. (Çünki Zaurun atası Fazil kişi vaxtı ilə hamıya əl tutan, köməklik edən, sayılıb seçilən adamlardan olmuşdur. Elə yoldaşı da qohum-qonşuya can yandıran idi.) Qapıdan içəri girən Zaurun üstünə birinci qaçan qızı Ayan, sonra isə anası Solmaz xala oldu. Qonaq otağında ağsaqqallar, qardaşı Tofiq və oğlanları Vüqar və İlkin əyləşmişdi. Yan otaqda isə xanımlar oturmuşdu. Zaur vəziyyəti evdəkilərə başa saldı və tövbə etdiyini, artıq qumar oynamadığını, namaza başladığını söylədi. Əlbəttə, əvvəlcə buna heç kim inanmadı, amma artıq o gündən bu vaxta kimi 3 il 6 ay keçib. Zaur indi işləyir və o gündən bu yana bir dəfə də olsun qumar oynamayıb. Zaurun üç gün harada olması isə hələ də heç kimə məlum deyil. (Bəzi hal şahidlərinin dediyinə görə Zaur 3 gün dayanmadan məsciddə dua və tövbə edib.) Amma hər nə olursa olsun, Zaurun tövbə etməsi və ailəsini dağılmaqdan qurtarması, övladlarının sevgisini qazanması təqdirəlayiqdir.

“Zərərli vərdişlər” deyə başlatdığım silsilə yazıların budəfəki mövzusu qumar olduğuna görə belə bir hekayəni yazmaq qərarına gəldim. Məqsədim digər zərərli vərdişlər kimi qumarın da zərərlərini bir daha göz önünə gətirməkdir. Oynayana qazanc və ya zərər gətirən hər cür şans (bəxt) oyunu qumar sayılır. Uca Rəbbimiz bu haqda Qurani-Kərimdə belə buyurmuşdur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”  (əl-Maidə, 90) Fərd və cəmiyyət həyatında unudulmaz yaralar açan qumarın hər cürü İslam dinində haram qılınmışdır. Qumar haqqında Peyğəmbərimiz (s.ə.s) də belə buyurmuşdur: “Kim dostuna (qumar oynamasa belə) “Gəl səninlə qumar oynayaq” deyərsə, o kimsə dərhal (söz ilə işlədiyi bu günahına əvəz olaraq) sədəqə versin”. (Buxari, Müslim, R.S. tərc. c. 3 №: 1839)

Qumar ictimai fəlakətdir.

Necə nəticələnəcəyi əvvəlcədən məlum olmayan, ehtimala bağlı qalaraq mal vermək və ya almaq qumardır. Adı nə olursa olsun, bu xüsusiyyəti daşıyan pul və ya mal qarşılığı oynanan hər oyun və ortaq bəhs də qumardır. Qumar – insana yaradıcısını unutduran, namaz qılmaqdan uzaqlaşdıran, tənbəlliyə sürüyən, kin və düşmənçilik saçan haqsız bir qazanc yoludur. Tarix boyu qumar bir bəla mənbəyi olmuşdur. Qumar – haqsız yerə başqasının malını almaq, bilə-bilə ortaq şəkildə oğurluq etməkdir. Dinin şiddətlə qadağan etdiyi bu dağıdıcı pisliyin çox ailəni səfil və pərişan etdiyi hər kəs tərəfindən bilinən bir həqiqətdir.   Ondan nə qədər uzaq dura bilsək, vərdiş halına gəlmədən, daha dərinə batmadan geri çəkilə bilsək, həm ailəmizi, həm cəmiyyətimizi, həm də öz şəxsiyyətimizi qorumuş olarıq.

Qeyd: Yazı ilə əlaqədar bəzi mənbələrə istinad olunub.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz