Rəşadət ABDULOV- TERRORİZMİN TARİXİ
Bu gün dünyanın hər yerində bu və ya digər şəkildə təzahür edən, bəşəriyyətin bəlasına çevirlmiş terrorizmin tarixini araşdırmış tədqiqatçılar qeyd edirlər ki, terrorizm leqal olmayan “məqsədlərə çatmaq” üçün dinc əhaliyə qarşı silah yolu ilə, dəhşət və vahimə yaratmaqla, eləcə də amansızlıqla törədilən bəşəriyyət əleyhinə cinayətdir. Elə “terror” kəlməsi də latın sözü olub qorxu, vahimə deməkdir. Tez-tez KİV-lərdən dünyanın müxtəlif yerində törədildiyini oxuyub izlədiyimiz terror aktlarının ilki eramızın başlanğıcında, indiki İsrail ərazisində Roma işğalçılarına qarşı yəhudi dini sektası “zelatos” özünümüdafiə məqsədi ilə törədilmişdir.
Şərqdə terrorizm tarixinin “intibahı” isə əsası XI əsrdə Həsən Səbbah tərəfindən qoyulan “xaşxaşilər” hərəkatı ilə başlayır. Belə ki, xaşxaşilərin törətdikləri terror və yağmalamalar həm Səlcuq imperyasını zəiflədirdi, həm də səlib yürüşlərinin genişlənməsinə təkan verirdi. Xaşxaşilər hətta sultan Məlikşaha və onun vəziri Nizamülmülkə sui-qəsd etməkdən belə çəkinmədilər. Nəhayət, Hülakü xan 1256-cı ildə xaşxaşilərin iqamətgahı sayılan Ələmut qalasını yerlə yeskan etdi və onların kökünü kəsdi.
Zaman keçdikcə terrorizm müxtəlif siyasi qrupların əlində müəyyən məqsədə nail olmaq üçün vasitəyə çevrildi. 1793-cü ildə Fransada hakimiyyətə gələn yakobinçilərin demokratiyanı qorumaq bəhanəsi ilə demokratiyaya zidd olan terrora əl atmaları buna bir sübutdur. Bu səbəbdən həmin dövr Fransa tarixinin “terror dövrü” adlanır. Heç təsadüfi deyil ki, terrorizm ifadəsi də ilk dəfə 1975-ci ildə Fransa hökumətinin siyasətinə qarşı irəli sürülmüşdür.
XIX əsrin II yarısından başlayaraq terrorizm ictimai həyatın daimi faktoruna çevrilirdi. Milli dövlətlərin formalaşıb güclənməyə başladığı bir vaxtda dövlətçilik ənənələrinə, köklü mədəniyyətə sahib olmayan bir sıra xalqlar terroru varlıqlarını “qorumaq” üçün vasitə olaraq seçdi. Adı siyasi partiya, fəaliyyət dairəsi isə terror olan erməni terror təşkilatları da məhz belə formalaşmışdı. Armenakan, Hnçak və Daşnaksütyun kimi erməni siyasi partiyaları bədnam “arzularını” başqa dövlətlərə terror vasitəsi ilə qəbul etdirmək yolunu seçdi. Elə buna görə də 1886-cı ildə yaradılan Hnçak qruplaşması Osmanlı imperiyasına qarşı mübarizənin əsas yolunun terror olduğunu bəyan etməkdən çəkinməmişdi. Eyni qəbildən olan digər erməni partiyası Daşnaksütyun “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək üçün onlara qarşı gələn siyasi xadimlərlə mübarizə yolu kimi yalnız terroru gördü.
Heç şübhəsiz ki, erməni terrorundan ən çox əziyyət çəkən isə Azərbaycan xalqı olub. Türkmənçay sülhünün ədalətsiz maddəsinin (XV maddə) təzahürü olan ermənilər XX əsrin başlanğıcında bir zamanlar qapılarını onlara açmış azərbaycanlılara qarşı qırğınlar törətdilər. Çar Rusiyasının bu məsələdə seyrçi mövqe tutması milli-demokratik ziyalılarımızı hərəkətə gətirdi. Bu zaman ölkənin müxtəlif yerlərində xalqı bəladan xilas etmək üçün müxtəlif müdafiə təşkilatları yaradıldı. Qeyrət, Difai, Müdafiə və İttifaq belələrindən idi.
Erməni terror təşkilatının meydana gəlməsində və formalaşmasında kilsə mühüm rol oynayıb. Bu amil Rusiya, İngiltərə və Fransanın regionla bağlı strateji maraqlarından doğmuşdur. Kölə təfəkkürünün daşıyıcıları hələ də bundan xilas ola bilməmişdir. Əsas hədəflərindən biri də qondarma erməni soyqırımını Türkiyəyə qəbul etdirmək olan ASALA- erməni terror təşkilatı məqsədinə nail olmaq üçün hər zaman Türkiyə ictimaiyyətini qorxu altında saxlamağa çalışmışdır. ASALA öz “xidmətlərini” XX əsrin sonlarında Qarabağda azərbaycanlıların soyqırımı zamanı da əsirgəmədi. Tarixin daha dərin qatlarında terrordan əziyyət çəkən siyasi liderlər idisə, indi terrordan daha çox sivil insanlar əziyyət çəkir. Ermənilər tərəfindən Xocalıda törədilən vəhşiliklər dünya terrorizminin ən qanlı səhifələrinə çevrildi
Başqa bir terror təşkilatı olan PKK 1970-ci ildə yaradıldı. Onunla mübarizədə Türkiyə dövlətinin çağırışları əksər hallarda cavabsız qaldı. PKK əsla etnik mənşəli təşkilat olmayıb, guya bölgədə kommunist dövlətinin qurulmasını istəyir. Lakin bu “məqsədə” çatmaq üçün ən dəhşətli terror aktlarını belə törətməkdən çəkinməmişdir. BMT, AŞ tərəfindən terror təşkilatı kimi qəbul olunmasına baxmayaraq hələ də dünya birliyi PKK- nın fəaliyyətinə son verəcək heç bir addım atmayıb. Bu terror təşkilatı dünyanın bir çox bölgələrində zaman-zaman ortaya çıxmışdır.
Dünya dinlərinə yanlış açıqlama gətirən, xurafata söykənən fanatik düşüncə tərzindən də özü kimi olmayana yaşama haqqı verməyən bir çox terror təşkilatlarının meydana gətirilməsində istifadə edildi. Məsələn, SSRİ-nin Əfqanıstanı işğal etmək təhlükəsi qarşısında yaradılan və məqsədi guya Əfqanıstanı işğaldan qorumaq olan Əl-Qaidə SSRİ dağılandan sonra sözdə İslam dünyasına xəlifəlik etmək iddiası ilə müxtəlif terror aktları gerçəkləşdirdi. Ən üzücü olanı isə bu terrorun İslam adına və müsəlmanlara qarşı törədilməsi idi. Bu missiyanı indi Əl-Qaidənin xələfi olan İŞİD terrorçuları öz üzərinə götürüb.
Terror təşkilatlarından söz açarkən keçən ilin 15 iyul tarixində Türkiyədə dövlət çevrilişi cəhdləri və bəd əməllərinə çatmaq üçün silahsız əhaliyə qarşı amansızlığı ilə iç üzü tamamilə ortaya çıxan FETÖ təşkilatını da qeyd etmək zəruridir. Dünyanın bir çox ölkəsində şəbəkəsi olan və əsas məqsədi dövlətləri ələ keçirmək olan FETÖ-nün uzun illər gizli sürdürdüyü terror fəaliyyəti aşkarlandıqdan sonra təşkilatın zərərsizləşdirilməsi üçün Türkiyə rəhbərliyi tərəfindən ciddi addımlar atılmaqdadır.
XX əsrin miras qoyduğu qlobal problemlərin ən başlıcası olan terrorizm XXI əsrdə artıq beynəlxalq xarakter almışdır. Belə olan halda terrorizm bəzən o qədər gəlirli biznesə çevrilir ki, ona qarşı müqavimət göstərəcək qüvvələrin sayı durmadan azalır.
ŞƏRHLƏR