SÜNNƏ/HƏDİS OLMASA NƏ OLAR?
Qərb şərqşünaslarının və onların fikirlərindən təsirlənən qərb fəlsəfəsi məhkumları olan İslam alimlərinin əsas fikri Sünnənin dindəki mövqeyinə və dəyərinə kölgə salmaqdır. Əsas məqsəd cəmiyyətə sünnəsiz din anlayışını təlqin etməkdir.
Çünki müsəlmanların birlik və bərabərliyini bu şəkildə daha rahat pozmaq olar. Halbuki sünnəsiz din naqisdir; Peyğəmbərin (s.ə.s) izahları isə heç bir zaman Quranın nöqsanlı, yetərsiz və qapalı olduğu mənasına gəlməz.
İslam alimlərinin böyük əksəriyyəti dinin əsas mənbələri kimi Qurani-Kərim və Sünnəni (Hz. Peyğəmbərin tətbiqatları) qəbul etmişlər. Bunlardan Qurani-Kərim “əsil”də özünə müraciət edilən birinci, Sünnə isə onu əyani şəkildə izah edən ikinci mənbədir. Quran ilə Sünnə ruh və bədən kimi bir-birindən ayrılmaz bütövlükdür. Məlum olduğu kimi, Hz. Peyğəmbərə (s.ə.s) Uca Allah tərəfindən bəzi vəzifə və səlahiyyətlər verilmişdir. Verilən vəzifələr arasında təbliğ, təbyin və təşrini (hökm qoyma səlahiyyəti) göstərə bilərik. Bunlara əsasən Hz. Peyğəmbər (s.ə.s) Allahın nazil etdiyi dini insanlara təbliğ etmək məcburiyyətində idi. Əgər bundan imtina etmiş olsaydı, vəzifəsini icra etmiş sayılmazdı. Eyni zamanda Uca Allahın endirdiyi dini/hökmləri insanlara açıqlamaq məcburiyyətində idi. Əgər Allahın Elçisi (s.ə.s) ona endirilən vəhyi insanlara izah etməsəydi, anlayış fərqliliyinə görə hər kəs dini fərqli anlayar və insanlar qədər fəqli din təsəvvürü və anlayışı ortaya çıxardı. Nəhayət, təşri vəzifəsi ki, “O (peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər” (əl-Əraf, 157) ayəsi bunu qeyd edən ayələrdən biridir. Odur ki, günümüzdə bəzilərinin iddia etdiyi kimi, Hz. Peyğəmbər (s.ə.s) sadəcə vəhy çatdıran bir “poçtalyon” deyil, eyni zamanda Quranda tam qeyd edilməyən hökmləri qoyma səlahiyyətinə malik bir peyğəmbərdir. Ancaq onu da bilmək lazımdır ki, hər bir sünnənin mütləq Quranda bir əsli-əsası vardır. Namazın necə qılınacağını göstərən sünnənin namazın qılınmasını əmr edən ayəyə əsaslanması kimi digər məsələlərdəki sünnələr də mütləq hansısa bir ayəyə əsaslanır.
Əgər Hz. Peyğəmbərin (s.ə.s) hökm qoyma səlahiyyətinin olmadığını qəbul etsək, biz hansı namazın neçə rükət olduğunu necə bilərdik? Sübh, axşam və işa namazlarında qiraətin səsli, digərlərində səssiz tilavət ediləcəyini hansı ayəyə əsasən müəyyənləşdirə bilərdik? “Mən necə namaz qılıramsa, siz də elə namaz qılın” (Buxari, Müslim) hədisinin nə mənası qalardı? Eyni şəkildə zəkatın nisab miqdarını necə müəyyənləşdirərdik? Qırx qoyundan bir, yüz iyirmi qoyundan iki, iki yüz bir qoyundan üç, üç yüz bir qoyundan dörd qoyun veriləcəyini hansı riyazi məntiqlə izah edə bilərdik? Dəstəmazın hansı hallarda pozulduğunu necə müəyyənləşdirərdik? Əxlaqi keyfiyyətimizi Quran əxlaqına necə uyğunlaşdırardıq? Bütün bu və buna bənzər saysız sualların cavabları məhz sünnənin dəyərini göstərən amillərdəndir. “Əgər ona itaət etsəniz, doğru yolu tapmış olarsınız” (ən-Nur, 54) ayəsi sünnənin qurtarıcı olduğunu ortaya qoyan Quran dəlillərindən biridir. Deməli, nicat tapmaq üçün Onun (s.ə.s) yoluna ehtiyacımız var. Vəhyi qəbul edib öyrənmək xüsusunda insanların peyğəmbərin vasitəçiliyinə ehtiyacı olduğu kimi, Quranı başa düşməkdə də Peyğəmbərin izahına, yəni sünnəyə bir o qədər ehtiyacımız var. Hətta bəzi alimlər Quranın hədislərə, hədislərin Qurana olandan daha çox ehtiyacı olduğunu ifadə etmişdir. Yəni Quran hədislərlə izah edildiyinə görə, izahsız Quran tam mənası ilə başa düşülə bilməz. Yeri gəlmişkən onu da qeyd edək ki, Quranın izahında Hz. Peyğəmbərə ehtiyac görməyənlər onu öz fikirləri ilə izah etməyə çalışarlar. Hz. Peyğəmbərin (s.ə.s) izahları daha mötəbərdir, yoxsa özlərini alim sanan yazıqların?
Hz. Peyğəmbərin (s.ə.s) hədis/sünnələrini vəhyə əsaslanan və vəhyə əsaslanmayan şəklində iki qrupa ayırmaq mümkündür. Onun peyğəmbərlik tələbi ilə etdiyi əmrləri yerinə yetirmək vəhy əsaslıdır və tabe olmaq labüddür. Məsələn, ibadət, halal və haramlar kimi fiqhi mövzulardakı əmrlər bu qrupa daxildir. Ancaq Peyğəmbərin (s.ə.s) bir insan olaraq etdiyi ticarət, təsərrüfat, idarəçilik və s. kimi davranışlarına tabe olmaq şərt olmamaqla bərabər, onun əxlaqi keyfiyyətlərinə bürünmək məqsədi ilə bunları da həyatımıza daxil etmək məsləhətdir. Ona tabe olmaq niyyəti və ona bənzəmək məqsədi ilə yerinə yetirilən bu xüsuslar bizə savab qazandırıcı mahiyyət daşıyır.
“İnsan sevdiyi ilə bərabərdir” şüarını əsas alaraq həyatımızdan Peyğəmbəri (s.ə.s) çıxarmağa çalışanlara qarşı, həyatımızın hər sahəsinə və anına Onu daxil edək. Çünki Ona (s.ə.s) tabe olmaq, Onu (s.ə.s) sevmək Allaha tabe olmaq və Allahı sevməkdir. Biz Peyğəmbərimizi (s.ə.s) sevərək və onun kimi yaşayaraq onun yanında olmaq istəyirik. Əksini düşünən varsa, yolu açıq olsun...
ŞƏRHLƏR