XƏSTƏ ZİYARƏTİ
Sağlamlıq və xəstəlik insanların imtahan edildikləri iki mühüm xüsusiyyətdir. İnsanların hər yaşda mübtəla ola biləcəyi müxtəlif xəstəliklər var.
Xəstəlik üzüntü və kədər mənbəyidir. Belə vəziyyətdə insan xanımını, dostunu və qohumlarını yanında görmək, onların köməyi ilə təsəlli tapmaq istəyər. Hətta sağlığında itirib axtarmadığı insanların belə, onu ziyarət edib halını və əhvalını soruşmasını gözləyər. Gəlmədikləri təqdirdə isə çox kədərlənər. Ona görə də Allah Rəsulu (s.ə.s) xəstə ziyarəti kimi insanları bir-birinə yaxınlaşdıran ictimai ibadətləri bütün insanlara əmr etmişdir. Bəra bin Azib (r.a) belə deyir:
“Allah Rəsulu (s.ə.s) bizə xəstə ziyarətini, cənazənin arxasından getməyi, asqırana “yərhəmukəllah” deməyi, and içənin andını yerinə yetirməsini, haqsızlığa uğrayana yardım etməyi, dəvət edənin dəvətini qəbul etməyi və salamı yaymağı tövsiyə etdi”. (Buxari, Cənaiz, 2; Müslim, Libas, 3)
Xəstə olan adamın qəlbi qırıq və həssas olur. Uca Allah belə insanlara daha yaxındır. Xəstələri ziyarət etmək Allah-Təalanın çox xoşuna gəldiyi üçün, bunu özünə edilmiş ziyarət kimi qəbul edir. Allah Rəsulu (s.ə.s) belə buyurur:
“Allah-Təala qiyamət günündə:
- Ey Adəm oğlu! Xəstələndim, məni ziyarət etmədin, - buyurar. Adəm oğlu:
- Sən aləmlərin Rəbbi olduğun halda mən səni necə ziyarət edə bilərdim, - deyər. Allah-Təala buyurar:
- Filan bəndəm xəstələndi, ziyarətinə getmədin. Onu ziyarət etsəydin, məni onun yanında görərdin. Bunu bilmirsənmi?....” (Müslim, Birr, 43)
Bir sözlə, bəndə, kimi ziyarət etdiyini deyil, kimin əmrini yerinə yetirdiyini düşünməlidir. Ona görə də Peyğəmbərimiz əshabına, bir xəstənin yanına gedincə ondan dua istəməyi tövsiyə etmiş və xəstənin duasının mələklərin duası kimi olduğunu bildirmişdir. (İbn Macə, Cənaiz, 1)
Xəstə ziyarəti barəsində müsəlman, qeyri-müsəlman, tanış, yad, yaxın qonşu, uzaq qonşu arasında ayrıseçkilik edilməməlidir. Belə ki, Allah Rəsulu xəstə olan yəhudi bir uşağı ziyarət etmiş və müsəlman olmasına səbəb olmuşdur. (Buxari, Cənaiz, 80)
Rəsulullah (s.ə.s) xəstə olan insanlara bəzi dualar da öyrətmişdir. Belə ki, Osman ibn əbil-As bədənində hiss etdiyi bir ağrıdan ötrü Rəsulullaha şikayət etdiyi zaman Allah Rəsulu belə tövsiyə etmişdi:
“Bədəninin ağrıyan yerinə əlini qoy və üç dəfə “bismillah” de, yeddi dəfə də:
Əuzu billəhi və qudratihi min şərri mə əcidu və uhaziru (məndəki bu xəstəliyin və çəkindiyim şeylərin şərindən Allahın izzət və qüdrətinə sığınıram) - de!” (Müslim, Salam, 67)
Peyğəmbərimizin tövsiyəsini eynilə tətbiq edən Hz. Osman (r.a) sonralar: “Rəsulullahın öyrətdiyi kimi etdim, Allah xəstəliyimə şəfa verdi. Bundan sonra həmin duanı davamlı olaraq ailəmə və digər isanlara tövsiyə etdim”, - demişdir. (Əbu Davud, Tibb, 19)
Bütün bunlarla yanaşı, hər hansı bir xəstəliyi olan kimsə həkimə də müraciət etməyi unutmamalıdır.
Hz. Peyğəmbər (s.ə.s) ölüm anında olan xəstələr ziyarət ediləndə onlara: “lə iləhə illəllah” - deyərək təlqin etməyi tövsiyə edərdi. (Müslim, Cənaiz, 1-2)
Xəstəni ziyarət etmək ədəblərindən bəziləri bu şəkildədir:
1. Xəstəyə yaxınlaşıb hal-əhval soruşular. Ancaq, həkimin bu barədəki tövsiyə və xəbərdarlığına da diqqət edilməlidir. Yoluxucu xəstəliklər olduqda xəstənin yanına girmək məhdudlaşdırıla bilər.
2. Xəstəni yoran, əhvalını pozan söz və davranışlardan çəkinmək lazımdır. Ziyarət qısa olmalıdır.
3. Xəstəyə ürəyi bir şey istəyib-istəmədiyi soruşulmalı, lazım gələrsə maddi yardım edilməli, ona zərər verməyəcəksə yemək və digər hədiyyələr aparılmalıdır. İbn Abbas (r.a) belə rəvayət edir: “Allah Rəsulu bir xəstəni ziyarət etdi və: “Ürəyin nə istəyir?” - deyə soruşdu. Xəstə: “Buğda çörəyi”, - dedi. Rəsulullah (s.ə.s): “Kimin yanında buğda çörəyi varsa, qardaşına göndərsin!” - buyurdu. Sonra da bu sözləri əlavə etdi: “Əgər xəstəniz bir şey istəyərsə, ondan yedirin!” (İbn Macə, Cənaiz, 1)
4. Bəzi xəstələr hey ölmü düşünür, narahat olurlar. Belə insanları münasib sözlərlə təsəlli etmək, hər xəstəliyin ölümə səbəb olmayacağını, əksinə, günahlara kəffarə olacağını xatırlatmaq faydalı olar. İbn Abbasdan (r.a) rəvayət edildiyinə görə, Rəsulullah xəstə bir bədəvini ziyarət etmişdi. Bütün xəstə ziyarətlərində olduğu kimi ona da: “Keçmiş olsun, xəstəliyin günahlarına kəffarə olar, inşallah!” - buyuraraq təsəlli etdi. (Buxari, Tövhid, 31)
5. Xəstəyə dua etmək, sağlıq və şəfa diləmək də ziyarət ədəbindəndir. Hz. Aişədən (r.anhə) rəvayət edildiyinə görə, Peyğəmbərimiz ailə fərdlərindən biri xəstələnəndə sağ əli ilə xəstəni sığallayar, sol əli ilə dua edərdi: “Bütün insanların Rəbbi olan Allahım! Bunun iztirabını aradan qaldırıb şəfa ver. Şəfanı verən yalnız Sənsən. Sənin şəfandan başqa şəfa yoxdur. Buna heç bir xəstəlikdən əsər qalmayacaq şəkildə şəfa ehsan et!” (Buxari, Mərda, 20; Müslim, Salam, 46-47)
ŞƏRHLƏR