Başını dik tut!

Başını dik tut!

Səhabələrin həyatlarından bəhs edən Əl-İsabə adlı kitabda belə bir rəvayət nəql olunur: “Bəni-Süheym qəbiləsindən bir qrup təmsilçi Mədinəyə, Hz. Peyğəmbərin (s.ə.s) yanına gəlir. Bir müddət Mədinədə qalırlar. İslamın əsaslarını, nələrə diqqət edəcəklərini, necə ibadət edəcəklərini öyrənirlər. Gedərkən Peyğəmbərimiz (s.ə.s) özü onları yola salır.

 Bu əsnada onların rəhbəri olan Əqəs bin Sələməyə bir qab dua oxunmuş su verir və deyir: “Bunu apar, Bəni Süheym qəbiləsinə ver. Bu suyu məscidlərinə səpsinlər və onlara de ki, başlarını dik tutsunlar. Çünki İslamı qəbul etdiklərinə görə Allah onların başlarını dimdik etmişdir”. O da Hz. Peyğəmbərin dediyi kimi edir. Qəbiləsinə qayıdanda həm onlara İslamı başa salır, həm də Peyğəmbərin tapşırdığı kimi suyun məscidə səpilməsini təmin edir. O qəbilə sonralar nə yalançı peyğəmbərə (Peyğəmbərimizin vəfatından sonra kənar bölgələrdəki bəzi kimsələr peyğəmbərliyin özlərinə keçdiyini iddia edərək özlərinə tərəfdar yığmağa çalışmışdılar), nə də xaricilərə (dində həddini aşaraq üsyan çıxardan qrupa) qoşuldular”.

Biz o kimsələrdənik ki, nə Hz. Peyğəmbəri gördük, nə də ona elçilər göndərib onun pak dəvətinə icabət etdik. Yalnız onun elçiləri bir zamanlar dədə-baba torpaqlarımıza ayaq basdılar və bizə Allahın son dəvətini çatdırdılar. Biz isə hər şeyi hazır tapdıq: Allahımız bir, kitabımız Quran, peyğəmbərimiz Həzrət Muhamməd Mustafa...

Bizdən əvvəlkilər yüzlərlə saxta ilah arasında böyüyüb həqiqi rəblərini axtararaq Allahı tapmış, yüzlərlə əsassız fikrin təzyiqi altında Allahın həqiqət dəvətçisi olan Həzrət Muhammədi hərtərəfli araşdıraraq, tədqiq edərək təsdiq etmişdi. Biz isə tam tərsinə: əvvəlcədən Allah var idi zehnimizdə, sonra onu araşdırmağa başladıq; o bizə nələri əmr edir? Eyni şəkildə peyğəmbəri də hazır tapdıq, dədə-babadan, atalarımızdan eşitdiyimiz kimi: “Muhammədun Rəsulullah” (s.ə.s). Sonra əlimizə bir-iki kitab, jurnal və ya video lent keçəndə öyrənməyə çalışdıq, onun kim olduğunu, harada yaşadığını, necə yaşadığını?..

İnanmış olaraq dünyaya gəlmiş olmağımız bir tərəfdən bizim üçün hazır bir lütf olaraq görünsə də, digər tərəfdən, əslində, ağır bir sınaqdır. Çünki inandığımız Allahı, arxasınca getdiyimiz Peyğəmbəri axtararkən, birdən, səhv mənbələrlə qarşılaşsaq, əlimizə keçən yol bələdçisi bizi yanlış məcraya sürükləsə aqibətimiz necə olacaq? İnandığımız Allahın hər əmrini bir iman əsası kimi bəri başdan qəbul etdiyimizə görə, onun adına yazılan hər ifadə, təhrif edilmiş olsa belə, rahatca bizim ürəyimizə yerləşə və heç xəbərimiz olmadan bizi ummadığımız yerlərə gətirib çıxara bilər. Uzun axtarışlar nəticəsində doğru olaraq yəqin edilən iman daha möhkəm olar, yoxsa əvvəlcə inanıb sonradan içində nələrin yer aldığını müəyyən etməyə çalışdığımız iman?!

Yazımın baş tərəfində Süheym qəbiləsindən misal vermişdim; onların iman axtarışından, bir qrup təmsilçi göndərərək o peyğəmbəri yaxından tanıma və həqiqiliyini təsdiq etmə arayışlarından bəhs edirdi. Bu rəvayətdə onların səmimi təslimiyyəti qarşısında Hz. Peyğəmbərin onlara verdiyi tapşırıq və onun tapşırığını hərfiyyən yerinə yetirən o qəbilənin əsla düzgün yoldan çıxmadığının şahidi olduq. Bir də peyğəmbərin onlara verdiyi təskinlik var: İslamı qəbul edirlərsə, artıq ətrafdakıların onlara nə deməsinə baxmasınlar, başlarını dik tutsunlar, əsla və əsla utanılacaq bir yolda olmadıqlarını bilsinlər.

Buradan, əlavə olaraq, belə bir nəticə də çıxarmaq olar ki, həqiqi və təmiz bir iman üçün Hz. Peyğəmbərin sünnə və həyatının tədqiq edilərək düzgün öyrənilməsi çox mühümdür.

Yüzlərlə qarışıq, məkrli fikirlərin qərəzli olaraq ortaya sürüldüyü zəmanəmizdə Allahı və Peyğəmbərini tanımaq yolunda düzgün ədəbiyyata yönəlmək, haradasa, o imanın özü qədər əhəmiyyət kəsb edir. Quran və sünnə, Allahın kitabı və onun bu kitabı tətbiqdə insanlara nümunə olaraq göndərdiyi Peyğəmbər düzgün anlaşılmazsa, insanların necə yanlış məcralara yönələ biləcəyi aşkardır.

Həqiqi azadlığın yolunun Allaha qul olmaqdan, başını dik tutmağın yolunun səcdədə əyilməkdən keçdiyinin şüurunda olan bir müsəlman aləmdəki bütün məxluqatın tək Yaradanın qarşısında nizamlı bir şəkildə itaət halında olduğunu dərk edər. “Yerdəkilərə mərhəmət göstərməyənə göydəkilər də mərhəmət göstərməz” hədisini bilən və bütün məxluqata şəfqət nəzəri ilə baxmağı şərəf bilən; zalıma onu gözləyən aqibətinə görə yazığı gələn, məzluma onun acısını daxilində hiss etdiyi üçün şəfqətlə əl uzadan bir müsəlman sahib olduğu müdriklik, fərasət və üstün bəsirət sayəsində dünyaya həyat bəxş edən bir imana sahib olduğunun daim fərqində olar.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz