İmtahanın adı: FİTNƏ

İmtahanın adı: FİTNƏ

Ənfal surəsinin 25-ci ayəsində Uca Rəbbimiz buyurur: “Sizdən təkcə zalımlara toxunmayacaq (pis əməllərin müqabilində hamıya üz verə biləcək) bəladan qorxun. Bilin ki, Allah şiddətli əzab verəndir!” Bu ayədə “bəla” mənasında “fitnə” kəlməsi işlədilmişdir.

Fitnə ilə bağlı bir hədisi-şərifində Peyğəmbərimiz (s.ə.s) belə buyurur: “Şübhəsiz ki, bəxtiyar kəs fitnələrdən uzaq qalan və bir müsibətə məruz qaldığında səbir edən kəsdir. Yazıqlar olsun fitnəyə səbəb və dəstək olanlara!” (Əbu Davud)

Qurani-Kərimdə fərqli mənalarda istifadə edilən fitnə kəlməsi eyni zamanda “imtahan” mənasına da gəlir. Bəzən canımızla imtahan oluruq, bəzən də sahib olduğumuz və neçə əziyyətlərlə yığdığımız malımızla, mülkümüzlə… Bəzən göz bəbəyimiz olan övladlarımızla imtahan oluruq, bəzən də üzümüzü güldürən bir sevincimizin adı olur, imtahan…

Elə anlar da olur ki, imtahanımız fərqli hüzursuzluqlara, qarışıqlıqlara səbəb olan fitnə qarşısındakı davranışımız olur. Uca Rəbbimiz fitnənin adam öldürməkdən daha pis, daha qorxunc olduğunu bildirir. Bəs niyə fitnə bir insanı öldürməkdən daha qorxunc və pis olaraq təqdim olunur?! Çünki fitnə kin və düşmənçiliyə səbəb olur. Qardaşlığımızı və birliyimizi sarsıdır, gücümüzü zəiflədir. Fərd və cəmiyyətlərin bu günə və sabaha olan ümidlərini yerlə bir edir.

Fitnə ilə məşğul olmaq zehni kirlədər, qəlbi kirlədər, dili kirlədər. Fitnə-fəsad arxasınca gedən və insanları bir-birinə düşmən etmək üçün çalışanlar sadəcə şeytana xidmət edib onun məqsədinə nail olmasını asanlaşdırmış olarlar. Mənliyində, xasiyyətindəki fitnə duyğusu insanın sadəcə özünü deyil, eyni zamanda cəmiyyəti və hətta insanlıq ailəsini tar-mar edər. Elə bu səbəblədir ki, uca Rəbbimiz və Hz. Peyğəmbərimiz (s.ə.s) fitnəni yox, islahı; dalaşmağı yox, mehribanlığı və qaynaşmağı əsas almağımız barədə bizə tez-tez nəsihət edir. Qurani-Kərim fitnə çıxararaq hüzursuzluq və qarışıqlığa səbəb olanların axirətdə ağır bir cəzaya məruz qalacaqlarını xəbər verir. (əl-Buruc, 10)

Tarix fitnənin səbəb olduğu nə qədər dağıntılara, nə qədər qırğınlara, nə qədər qaranlıq dövrlərə şahid olmuşdur. Keçmişdə yaşanan müharibələrin, davaların, qırğınların bir çoxunun təməlində fitnə yatır. Zaman-zaman müxtəlif fitnələrə məruz qaldıq, müxtəlif fitnələrlə sınandıq.

Bu gün də ümmət olaraq ən ağır imtahanlardan keçirik. Birlik və bərabərliyimizə, vəhdətimizə qəsd edən və bizi bir-birimizə qarşı gətirmək istəyənlər tərəfindən fitnə atəşi hər keçən gün bütün şiddəti ilə qızışdırılıb körüklənməkdədir. Bir çox müsəlmanlar və günahsız insanlar fitnənin səbəb olduğu xain hücumlarla, terror cinayətləri ilə vicdan və insafını itirmişlərin sərhəd tanımayan vəhşilikləri ilə can verir. Cəhalətdən qaynaqlanan fanatizmlə, bəzi fitnə mərkəzlərinin istiqamətləndirməsi ilə hər cür şiddət və cinayəti məşru görən bir anlayış, ürəyimizə bir xəncər kimi gündən-günə batmaqdadır.

Ən böyük fitnələrdən biri, bir insanın qürur və şərəfinə qəsd etməkdir. Ən böyük zülmlərdən biri, dili zəhərli bir ox halına gətirərək nəzərgahi-ilahi sayılan ürəkləri yaralamaqdır.

Unutmayaq ki, hal-hazırkı imtahanımızın adı Fitnədir.

Keçmişdən günümüzə bu ümmət hər çətinliyi, hər imtahanı Rəbbimizin əmrlərinə, Peyğəmbərimizin nəsihətlərinə riayət edərək keçib gəldi. Fitnə-fəsad, xaos və qarışıqlıqları ümmət olaraq bəsirətlə, fərasətlə birlikdə keçdik. Könülləri bir, hüzn və kədərləri bir, məqsədləri bir qardaşlar olduq, ümmət olduq.

Onun üçün bu gün də millət olaraq, ümmət olaraq İslamın üstünü (dolayısıyla da bizi) əhatə edən, sabahlarımızı təhdid edən fitnə və çətinlikləri aşa bilmək üçün rəhmət, ədalət, haqq və həqiqət dini İslama möhkəm sarılmalıyıq. Birlikdə fitnə atəşini söndürməyin yollarını axtarmalıyıq. Müsəlmanlar olaraq bizi bir-birimizə qarşı gətirməyə çalışan tələ və süni mübahisələrə, içimizdən və xaricimizdən bəslənən fitnə əlbirlərinə qarşı oyanıq olmalıyıq.

Fərqliliklərimizi bir əskiklik və ayrılıq səbəbi deyil, bir zənginlik vəsiləsi olaraq görməliyik. Bunu əsla unutmayaq ki, hər nə qədər bəzi kiçik fərqliliklər görünsə də, bunlar heç vaxt ayrılıq səbəbi olmamalıdır. İslam qardaşlığımızı, birlik və bərabərliyimizi hər cür qrup təəssübkeşliyinin üstündə tutmalıyıq. Ön mühakimələrdən sıyrılaraq bir-birimizin izzət, qürur və şərəfini hörmətli bilməliyik. Allaha, Peyğəmbərə, əxlaqi dəyərlərə könül vermiş möminlər olaraq fitnə-fəsadın deyil, islahın, mehribanlığın, hüzurun öndəri olmalıyıq. Boş, əsassız, əslinə vaqif olmadığımız, fitnəyə səbəb olan dedi-qodu və töhmətin arxasınca qaçaraq ömürümüzü və zamanımızı israf etməməliyik. Əlimizlə, dilimizlə, xülasə: bütün bədənimizlə bir gün mütləq hesaba çəkiləcəyimizi unutmayaq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz