HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Həzrət Mövlana q.s -2-
Mövlana həzrətləri buyurur:
“Ey işlərində Haqqın əmrinə itaətsizliyi vərdiş halına gətirən qafil insan, onu bil ki, sənin bədəninin zərrələri belə Allahın iradəsinin məmurudur. Əgər Allah onlardan sənə asi olmalarını istəsə, hər biri amansız düşmənin kəsilər.
Allah gözə “bu bəndəmi narahat et”, - desə, göz ağrısı səndən yüz cür intiqam alar.
Əgər Allah dişə bir cəfa veribsə, ağrı-acıdan qulağını bükməyə və səni pərişan etməyə başladığını görərsən.
Tibb kitabını aç, xəstəliklər bəhsini oxu. Oxu ki, vücudundakı əsgərlərin nələr etdiyini görəsən.
Madam ki, hər şeyin canının canı Allahdır, canının canına düşmənlik etmək ağıl karıdırmı? Belə etmək dəlilik deyilmi?!”
Bir çox xüsusda özünə söz keçirə bilməyəcək qədər aciz varlıq olan insan nəfsinə uyaraq qəflət çaşqınlığına düçar olduqda özündə bir varlıq və qüdrət görməyə başlayır. Beləcə, onu yaradan Rəbbinin əmr və qadağalarına etiraz etməyə qalxır.
Halbuki sonsuz elm, qüdrət və hikmət sahibi olan Rəbbinə baş qaldıran bir insan sadəcə öz vücudundakı ilahi sənətin möcüzəvi təzahürlərinə vaqif ola bilsə, Haqq-Təalaya üsyanın nə qədər böyük bir cəhalət, cürət, hətta axmaqlıq olduğunu dərhal idrak edər. Çünki insan həyatda qala bilmək üçün hər an Rəbbinə möhtacdır. Belə ki, bədən üzvlərinin demək olar ki, bütün fəaliyyətləri iradəmizdən asılı deyil. Məsələn, ürəyimizin döyüntüsü, nəfəs alıb-verməyimiz, digər bütün orqan və hüceyrələrimizin fəaliyyəti, həmçinin bunlar arasındakı xəbərləşmə və yardımlaşma da belədir.
Vücudumuzda var olan saysız-hesabsız fabrikin saysız-hesabsız şöbəsində hər an milyonlarla bio-kimyəvi proses möhtəşəm nizam içərisində, özümüzün də xəbəri olmadan baş verir. İnsanı bir damcı sudan yaradan Uca Rəbbimiz vücudumuzun hər üzvünü sonsuz elm və qüdrətinin saysız təcəllisindən biri olaraq mükəmməl surətdə proqramlayıb sanki avtomatlaşdıraraq ahəngli şəkildə işləməsini murad etmişdir. Yəni hər bir hüceyrəmiz Rəbbimizin əmr və qüdrəti ilə öz vəzifəsini icra etməkdədir.
Belə ki, vücudumuzdakı orqanların idarə olunmasını sadəcə bir saatlıq bizə versəydilər, kim bilir neçə dəfə səhvə yol verər, sistemi qarışdırardıq. Sadəcə bu həqiqət belə insanın Rəbbinə qarşı acizliyini, möhtac olduğunu, bir sözlə Ona itaət və təslimiyyətin zərurətini ifadə etmək üçün kifayətdir.
Allah-Təala da ayeyi-kərimədə soruşur:
“Ey insan! Səni kərim olan Rəbbinə qarşı aldadan (və ya: məğrur edən) nədir? O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi”. (əl-İnfitar, 6-8)
Yəni ən gözəl şəkildə və əşrəfi-məxluqat olaraq yaradılan insana yaraşan:
ü İlahi qüdrət qarşısında özünün “heç” hökmündə olduğunu idrak etməkdir.
ü Rəbbinin “ol” əmri ilə var olduğunu, bir gün “öl” əmri ilə də can verəcəyini unutmayıb həddini bilməkdir.
ü Rəbbi əmr etdiyi zaman gözlə görülməyəcək qədər kiçik bir mikrobun kürəyini yerə vurmaqdan aciz olduğumuz iri cüssəli pəhləvanları yerə necə sərdiyindən ibrət almaqdır.
ü Yüksək təvazökarlıq, heçlik, ədəb və təzim ilə Haqq-Təalaya həmd, şükür, zikr, istiğfar və sığınma halını mühafizə etməkdir.
Çünki sadəcə insan vücudundakı zərrələr deyil, bütün məxluqat öz vəzifəsini ilahi nizam çərçivəsində hərfiyyən ifa etməkdədir. Belə olan təqdirdə ən mükəmməl varlıq olaraq yaradılan insanın bu həqiqəti göz ardı edərək ilahi əmrlərin əksinə hərəkət etməsi nə qədər əbəsdir…
Mövlana həzrətləri buyurur:
“İnanc zəifliyinin səbəb olduğu dərdə acımaq lazımdır. Çünki o dərdin çarəsi yoxdur”.
Əsil acınacaq dərd imandan məhrum olmaqdır. Çünki insanın bu dünyada heç nəyi olmasa belə, nəticədə bu, müvəqqətidir. Lakin imandan nəsibsiz olmaq əbədi məhrumiyyət səbəbidir.
İmandan məhrum olan bir insana bütün nemətlər verilsə və həmin adam dünyada min il səltənət sürsə, yenə də bir gün öləcək və əliboş halda dünyanı tərk edəcək.
Unutmayaq ki, üstümüzə doğan günəş bir müddət yer üzündə zülmlə səltənət sürən fironların, hamanların, nəmrudların, hülakülərin, ad və səmudların üzərinə doğan eyni günəşdir. Fani güclərinə güvənərək məğrur halda Allaha baş qaldıran o zalımların ardından nə səma ağladı, nə gözlər yaşardı, nə də könüllər sızladı. Əksinə, onlar məzlumların ah-naləsi və bədduası ilə tarixin zibilliklərində çürüyüb məhv oldular. Bir vaxtlar səltənət sürdükləri məskənlərini indi bayquşlar və köpəklər şənləndirir…
Yəni əbədi aləmə iman və saleh əməllərlə getməyən bir adam dünyada nemətlər içində üzsə də, əslində zavallı bir müflisdir. Bunun əksinə, insan heç bir dünya nemətinə malik olmasa da, iman sahibidirsə, əslində hər şeyə sahib deməkdir. Çünki iman və saleh əməllərin bəxş edəcəyi səadət əbədi səltənətdir.
Rəsulullah r –in ifadə etdiyi kimi:
“Əsil həyat axirət həyatıdır. Əsil səadət əbədiyyət səadətidir!”. (Buxari, Cihad 33, Salət 48)
Mömin əbədiyyət səfərindəki qısa bir qonaqlama yeri olan dünyada yaşanan məhrumiyyət və çəkilən çilələrin axirətdəki əzabla müqayisədə bir heç olduğunu yaxşı bilir. Buna müqabil olaraq da dünyada sürülən zövq-səfa və səltənət axirətdəki əbədi səadətlə müqayisədə bir heç hökmündədir. Ona görə də mömin yoxsulluq içində boğulsa da, firavan həyat sürən kafir və fasiqlərin halına baxıb əsla hüznlənməməlidir. “…Qəm yemə, Allah bizimlədir…” (ət-Tövbə, 40) ayeyi-kəriməsinin tələbi olaraq Allahla bərabərliyin həzzi ilə bütün fani iztirabları unutmalıdır.
“Əsla ruhdan düşməyin və qəmgin olmayın. Əgər möminsinizsə, siz çox yüksəkdə durursunuz!” (Ali-İmran, 139) ayeyi-kəriməsinin gərəyi olaraq da iman nemətinin sevinci ilə rahatlıq tapmalıdır.
Ətaullah əl-İskəndəri həzrətlərinin bu duası həqiqi imanın qəlbə bəxş etdiyi rahatlığa necə də gözəl misaldır:
“Ya Rəbb, Səni tapan nəyi itirdi? Səni itirən nəyi tapdı?..”
Xülasə, iman hər dərdin dərmanıdır. İmanın gerçək ləzzət və hüzurunu dadan qəlbi heç bir dünyəvi bəla böhran və stressə sürükləyə bilməz. Necə ki, bu fani aləmdə ən böyük iztirab imtahanından keçənlər başda peyğəmbərlər, vəlilər və dərəcələrinə görə saleh qullardır. Lakin ən məsud insanlar da yenə onlardır.
Əshabi-kiram da bu iman səadəti ilə heç bir əza və cəfaya əhəmiyyət vermədi. Hidayət nurunu könüllərə çatdırmaq üçün yorğunluq və bezginlik göstərmədən fədakarlıqla bir diyardan o birinə keçdilər. İman həyəcanı və ləzzəti sayəsində dünyəvi qorxu, əndişə və arzularını arxa plana atdılar.
Allah-Təala Tövbə surəsinin 100-cü ayəsində mühacir və ənsarı bizə nümunəvi nəsil kimi təqdim edir. Onların izindən gedən ehsan sahiblərini də mədh edir. Məhz həmin nümunəvi nəsli təqib edən ehsan sahibi möminlər də qarşılaşdıqları əza və cəfaların ya günahlarına kəffarə, ya da dərəcələrinin yüksəlməsinə vəsilə olduğu şüuru və qəlb hüzuru ilə yaşayarlar.
Hədisi-şərifdə buyurulur:
“Möminin halı qibtə və heyranlığa dəyər. Çünki hər halı onun üçün xeyrə vəsilədir. Belə bir hal sadəcə möminə xasdır: Mömin sevinsə, şükür edər, bu onun xeyrinədir. Başına bir bəla gəlsə, səbir edər, bu da onun xeyrinədir”. (Müslim, Zöhd, 64)
Xülasə, mömin həyatın acı və şirin bütün imtahanından mənən qazanclı çıxmağı bacaran bəxtiyar kəsdir. Yəni əhli-dünya üçün zərər və ziyan kimi görünən və onları qəm-qüssəyə qərq edən ünsürlər arif möminlərin nəzərində səbir, riza, hətta şükürlə qarşılanmalı olan uxrəvi qazanc vəsiləsidir.
Allaha və axirətə imandan məhrum qalan qəlblərsə bu könül üfüqündən nəsibsiz olduqları üçün kiçicik bir çilə qarşısında özündən çıxar, aləmi bir-birinə qatar, şikayət və üsyana əl atar. Əslində isə acınacaq əsil məhrumiyyət “iman” kimi möhtəşəm sükunət və səadət mənbəyindən məhrum qalmaqdır.
Mövlana həzrətləri buyurur:
“Şam olmaq asan deyil. İşıq saçmaq üçün əvvəlcə yanmaq lazımdır”.
İnsanın kamilləşməsi üçün qəlb aləminin təkamülü zəruridir. Qəlb kamilliyi isə nəfsin xoşladığı şeyləri tərk etməyi, xoşlamadığı çilələrlə də tərbiyə olmağı zəruri qılır.
Şair və mütəfəkkir Muhamməd İqbal bu həqiqəti təmsil metodu ilə necə də gözəl ifadə edir:
“Bir gecə kitabxanamda güvənin pərvanəyə belə dediyini eşitdim:
- İbn Sinanın yazdığı kitabların arasına yerləşdim. Farabinin əsərlərini gördüm. (Onlardakı bitib-tükənməz quru sətirlərin və həmin sətirlərdəki solğun hərflərin arasında gəzdim, onları gəmirdim. Farabinin fəzilətlər şəhəri mənasına gələn “əl-Mədinətül-Fazilə”sini küçə-küçə, tin-tin dolandım.) Amma bu həyatın fəlsəfəsini heç cür anlaya bilmədim. Kabusa dönən çıxılmaz dalanların qəmli biçarəsi oldum. Günlərimə işıq saçacaq bir günəşim yoxdur...
Güvənin bu fəryadı qarşısında pərvanə yanıq qanadlarını göstərib dedi:
- Bax, mən bu eşq yolunda qanadlarımı yandırdım. Sonra sözünə belə davam etdi:
- Həyatı daha canlı qılan məhəbbət və çırpınmadır, onu qanadlandıransa eşqdir!..”
Deməli, yanmadan aydınlanmaq və aydınlatmaq mümkün deyil. Bütün Haqq dostları da Allah eşqi ilə yanaraq kamala çatan ali ruhlardır.
Bütün Allah dostlarında bu yanğının təzahürlərini görmək mümkündür. Qəlbində sonsuz ilahi eşq yanğısı olan Həzrət Mövlana da həyatındakı mərhələləri üç kəlmə ilə xülasə edir:
“Xamdım, bişdim, yandım!..”
Mövlana həzrətləri Səlcuqlu mədrəsəsində zahiri elmlərin zirvəsində olduğu məşhur müdərrislik dövrünü “xamdım”, mərifətullah təcəllilərinə nail olub kainatdakı sirlərdən agah olmağa başladığı halı “bişdim”, ilahi məhəbbətdə fani olma halını isə “yandım” deyərək ifadə etmişdir.
Allah və Rəsuluna aşiq olan şair Füzuli də məşhur Su qəsidəsinin başında:
Saçma, ey göz, əşkdən könlümdəki odlarə su,
Kim bu dənli tutuşan odlara qılmaz çarə su…
deyərək yanıq qəlbindən yüksələn fəryadı dilə gətirmişdir.
Əsad Ərbili həzrətləri də elə bir eşq yanğısı ilə kamilləşmişdi ki, hara baxsa artıq həmin yanğının təzahürünü seyr edirdi:
Təcəllayi-camalından, Həbibim, növbahar atəş!
Gül atəş, bülbül atəş, sünbül atəş, xaki-xar atəş!
“Həbibim! Sənin gözəlliyinin təcəlli edərək ortaya çıxması səbəbi ilə Sənə aşiq olan bahar da atəş oldu! Gül atəş, bülbül atəş, sünbül atəş, torpaq və tikan da eşq atəşi içindədir!..”
Əvvəllər xristian olduğu halda Muhammədi eşqdən sıçrayan bir qığılcımla qəlbindəki eşq ümmanı tutuşan, gözüyaşlı mömin və Peyğəmbər aşiqi olaraq yanıb qovrulan Yaman Dədənin şeirləri də eyni könül yanğısının başqa bir təzahürüdür. Onun bu yanıq tərənnümləri necə də gözəldir:
Susuz qalsam, yanan çöllərdə can versəm, ələm duymam,
Yanardağlar yanar bağrımda, ümmanlarda nəm duymam,
Alovlar yağsa göylərdən və mən məss eyləsəm duymam,
Camalınla fərah-nak et ki yandım, ya Rəsulallah!..
Xülasə, bütün Allah dostları İbrahim u kimi Haqqa yaxınlıq uğrunda çilə atəşlərinə atılmağı özlərinə minnət bilərək kamillik rütbəsinə yüksəlmişlər. Allah-Təala da həmin atəşi onlara sərin və əmin qılmışdır. Dünyadakı ilahi eşq atəşini uqbadakı ilahi qəzəb atəşini söndürən ən böyük rəhmət vəsiləsi etmişdir.
Möminləri nəfsin xamlığından qurtarıb mənəvi zirvələrə yüksəldəcək olan da:
ü Allah eşqi ilə acıları bal etmək, zəhmətləri rəhmət, külfətləri nemət görməkdir.
ü İbtila və müsibətləri səbirlə, unutqanlığı zikrlə, nankorluğu şükürlə, üsyanı itaətlə, xəsisliyi səxavətlə, eqoizmi qayğıkeşliklə, şübhəni yəqin ilə, riyanı ixlasla, təkəbbürü təvazökarlıqla, günahları tövbə ilə, qəfləti təfəkkürlə dəf etməkdir.
ü Başa gələn əza və cəfaları Haqdan gələn təzkiyə və tərbiyə vəsilələri bilərək təbəssümlə qarşılaya bilməkdir.
Kal meyvə yetişmək üçün günəşin hərarətinə möhtac olduğu kimi qəlbləri xamlıqdan qurtarıb kamala çatdıracaq da çilələrlə tərbiyə olmaqdır.
Bəzən sahildə dalğalar tərəfindən əsrlər uzunu döyülə-döyülə bütün sivrilikləri yonulmuş, kələ-kötür yerləri hamarlaşaraq qranit kimi sərtləşmiş və müqavimət qazanmış daşlar görürük. Həmin daşlar asanlıqla qırılıb ovxalanmaz.
Eynilə bunun kimi, ilahi imtahan təcəlliləri ilə mənən kamilləşən könüllər də müstəsna mətanət qazanarlar. Onlar artıq qırmaz, qırılmaz, yəni icitməz və inciməzlər. Təsəvvüfi tərbiyənin də ilk dərsi incitməmək, son dərsi inciməməkdir.
Mövlana həzrətləri buyurur:
“Axmaq adam hər kəsin eyib və qüsurunu araşdırıb tapar və camaata yayar. Lakin axmaqlığı ucbatından öz eyiblərini zərrə qədər görməz”.
Mömin din qardaşlarının deyil, öz xəta və qüsurlarının dərdində olmalıdır. Bilməlidir ki, başqalarına hirslənib tənqid etməklə özünü təmizə çıxarmış olmaz. Çünki öz xətalarını görməyib başqalarını günahlandırmaq özünə iynə batırmayıb başqalarına çuvalduzu rəva görməyə bənzəyir.
Əslində öz xətalarının dərdində olan bir möminin başqalarının qüsurları ilə məşğul olmağa macalı qalmaz. Bir könülə bu məşğuliyyət artıqlaması ilə kifayət edər.
“Hesaba çəkilmədən özünüzü hesaba çəkin!” düsturuna layiqincə riayət edən bir möminin qəlbi:
“Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir)”. (əz-Zilzal, 7-8) ilahi fərmanının dəhşəti ilə ürpərər. Bu təlaşla öz qüsurlarının dərdinə düşər.
Necə ki, bir bədəvi Rəsulullah r – dən bu ayeyi-kərimələri eşitdikdə heyrətlə soruşdu:
- Ey Allahın Rəsulu, zərrə ağırlığındamı? – deyə soruşdu.
Rəsulullah r:
- Bəli, - buyurdu.
Bir anda halı dəyişən bədəvi:
- Vay, mənim xətalarım, - deyə inildəməyə başladı. Bu sözü dəfələrlə təkrarladı. Sonra da eşitdiyi ayələri təkrar edərək qalxıb getdi.
Rəsulullah r onun ardınca:
– “İman bu bədəvinin qəlbinə girdi”, - buyurdu. (Süyuti, əd-Dürrül-Mənsur, VIII, 595)
Deməli, bu gün mühüm görünməyən zərrə qədər kiçik qüsur və xətaların belə mizanda hesaba çəkiləcəyi axirət gününü düşünərək bu günahlarımızın dərdinə düşmək həqiqi imanın şahididir. Bunu unudaraq başqalarının şəxsi qüsurlarını araşdırmaq isə iman zəifliyinin təzahürüdür.
Allah-Təala “…casusluq etməyin…” (əl-Hucurat, 12) buyuraraq qullarının gizli olan şəxsi eyib və qüsurlarını araşdırıb ifşa etməyin daha böyük eyib olduğunu bəyan edir.
Haqq dostlarından Abdullah Dəhləvi həzrətlərinin hüzurunda bir din qardaşının eyib və qüsurları dilə gətirildikdə dərhal buna mane olar və:
“Dediyin sözə mən daha layiqəm”, - deyərdi.
Beləliklə, həm yanındakıları qeybətdən çəkindirər, həm də başqalarının şəxsi qüsurlarına deyil, öz nöqsanlarımıza baxmalı olduğumuzu təlqin edərdi.
Digər tərəfdən, unutmayaq ki, baş verən hər bir zahiri hadisə onları yönləndirən batini səbəblərə əsaslanır. Necə ki, ayeyi-kərimədə:
“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad çıxdı”. (ər-Rum, 41)
Elə isə başımıza gələn hadisələrə bu gözlə də baxmalıyıq:
ü Əcəba, yaşanan maddi-mənəvi fəlakətlərdə bizim nə kimi qüsurlarımız var? Cəmiyyətin hüzur və sükunəti üçün qulluq səviyyəmiz hansı dərəcədə olmalıdır?
ü İslam şəxsiyyətinin və iman nemətinin labüd qıldığı vəzifələri kifayət qədər yerinə yetirə bilirikmi? Hal və davranışlarımızla nə qədər nümunəvi müsəlman mənzərəsi sərgiləyirik?
ü Qəlblərdə qoyduğumuz izlər nə qədər mənfi, nə qədər müsbətdir? Söz və davranışlarımızla nə qədər xeyrə açar, şərə kilid ola bilirik? Haqqı və xeyri nə qədər tövsiyə edib batil və şərdən nə qədər çəkindirə bilirik?
ü Gücümüz nisbətində cəmiyyətin gedişatından məsul olduğumuzu nə qədər təfəkkür edirik? Yoxsa -Allah qorusun- “mənə dəyməyən ilan yüz il yaşasın” deyirik?
ü Zahirən əleyhimizə olsa da, daima haqq və ədalətin yanında yer ala bilirikmi? Yoxsa dünyəvi mənfəətlər uğrunda haqdan vaz keçə bilirikmi? Zəmanəmizdə tez-tez yaşanan vicdan-cüzdan kəsişməsində nə qədər vicdanın səsinə qulaq verə bilirik? Dünya ilə axirət arasında seçim etmək məcburiyyətində qaldığımız zaman nə qədər “əsas həyat axirət həyatıdır” – deyə bilirik?
ü Halımızı layiqincə götür-qoy edə bilirikmi? Yoxsa mühasibəmiz də başqa bir mühasibata möhtacdır?..
Xülasə, möminlər olaraq vəzifəmiz “müaxizəni nəfsimizə, müsamihəni başqasına” yönəltməkdir. Yəni başqalarının şəxsi xətalarının tənqidi ilə vaxt itirmək yerinə öz halımızı ciddiyyətlə gözdən keçirməkdir. Ən gizli xəta və qüsurlarımızın belə mizanda önümüzə çıxacağını fikirləşərək indidən bütün bunların fərqinə varmalı və əfvi üçün səmimi tövbə-istiğfar etməli, saleh əməllər işləməyə çalışmalıyıq.
Allah-Təala lütf-kərəmi ilə hər birimizi sevib razı qaldığı, ixlasını qoruduğu saleh bəndələri arasına daxil etsin.
Amin!..
ŞƏRHLƏR