Söz və əməlin vəhdəti
Uca Allah (c.c) Qurani-Kərimdə belə buyurur: “Mələklər onların canlarını pak olduqları halda alıb: “Sizə salam olsun! Etdiyiniz (gözəl) əməllərə görə Cənnətə daxil olun”, - deyərlər”. (ən-Nəhl, 32)
“Onlara öz əməllərinin cəzası artıq yetişdi. İstehza etdikləri (əzab da) onları yaxaladı”. (ən-Nəhl, 34)
Aləmlərin Rəbbi olan Allaha (c.c) şükürlər və həmd-sənalar, onun haqq rəsulu Hz. Muhammədə salətu-salam olsun.
Yüksək əxlaqı, dürüstlüyü, müstəsna bir mənəvi cazibəsi ilə bəşər əhlini qulluğa, yəni Rəbbimizi məmnun edəcək əməllərə sarılma həssasiyyətinə dəvət üçün göndərilmiş Hz. Muhamməd əleyhissalam belə buyurur:
“Allah-Təala gözəldir. Yalnız gözəl ibadətləri (əməlləri) qəbul edər. Allah-Təala peyğəmbərlərinə əmr etdiyini möminlərə də əmr etdi və buyurdu ki: “Ey peyğəmbərim, halalından yeyin və saleh, gözəl əməllər işləyin”.
O halda hər birimizin üzərinə düşən vəzifə imtahan dünyasında keçirdiyimiz zamanı axirət yönümlü saleh işlərlə canlandıraraq hər anımızı son nəfəsdə mələklərin salamına nail olma fərasəti ilə əhatə etməliyik. İlahi iradənin mənəvi kimliyimizi inşa edən məna bütövlüyünü əməllərimizə tətbiq etməklə, hər birimiz üçün son dərəcə lazım olan əbədi qurtuluş sərmayəsinin xilaskarlıq keyfiyyətini yüksəldə bilərik. Bunun əksinə, zamanı mənasız işlərlə yola vermə çalışmaları, nə yazıq ki, adəm övladını qəflətlə veriləcək son nəfəs əndişəsi və bunun yaradacağı vicdan rahatsızlığı ilə baş-başa buraxacaqdır. Rəsulullahın qulluq əxlaqını inanılmaz bir dəqiqlik və məharətlə qəlblərinə, əməllərinə əks etdirmə yarışında müvəffəq olan Allah dostları insanlığı nəbəvi qulluğa alışdırma məqsədi ilə kəlam və əməlin bütövlük həqiqətini onlara daima təbliğ etmiş və bu gün də etməkdədirlər. İlahi muradın hadisələrdəki tələblərini bu murada köklənmiş vicdan nəzəri ilə seyr edən Haqq ərləri iman, söz və əməl müvazinətini zədələyəcək məsələlərə dərhal aydınlıq gətirərək ümməti təhlükələrə qarşı oyanıq olmağa səsləmişlər:
Bir nəfər “Kişi sevdiyi ilə bərabərdir” hədisini eşitmiş və demişdi ki, “Madam ki mən Rəsulullahı, onun əhlini və əshabını sevirəm, deməli, əbədi axirət həyatında da onlarla bərabər olacağam”. Məsələdən agah olan Həsən Bəsri həzrətləri təcili olaraq həmin adamı yanına çağırıb bunları söyləmişdi: “Aman Allahım! Ey kişi! Bu söz səni qətiyyən aldatmasın. Sən öndə gedənlərin əməli kimi əməl işləmədikcə onlara yetişə bilməzsən. Hətta belə ki, (doğru yoldan ayrılan) yəhudi və nəsranilər (xristianlar) peyğəmbərlərini sevdikləri halda Cənnətdə onlarla bərabər deyillər. Çünki peyğəmbərlərinə müxalifət etmiş və onların əməllərindən ayrılmışlar”.
Qulluqda əbədi səadətə və ya fəlakətə götürəcək məqamları, bütün varlığını Rəsulullahın əlinə, dilinə, qəlbinə hakim kəsmiş səhabə toplumunun əməllərinə və vicdanlarına tanıdan və bu məsuliyyəti sözlə əməlin vəhdəti müstəvisində yaşanan bir hala gətirən Allah Rəsulu, bizləri də bu həqiqətlərlə həmhal olmağa dəvət etməkdədir. Ukbə bin Amr Əl-Cuhəni (r.a) Rəsulullahın Allaha həmd edib Onu tərif etdikdən sonra ümmətə bunları söylədiyini demişdir:
“Allaha (c.c) həmd edərək onu söyləyirəm ki, ən doğru söz Allahın (c.c) kəlamıdır. Ən üstün din Hz. İbrahimin (ə.s) dinidir (onlar da Allaha təslim olmuş müsəlmanlar idilər). Ən mükəmməl həyat tərzi Hz. Muhammədin (s.ə.s) həyat tərzidir. Ən dəyərli söz Allahı (c.c.) zikr etməkdir. Anladılan ən gözəl şey uca Quranımızdır. Ən dəyərli ibadətlər Allahın (c.c) sizləri əzmlə dəvət etdiyi fərz ibadətlərdir. Ən çirkin əməllər dində sonradan çıxarılanlardır. Ən doğru istiqamət verənlər peyğəmbərlərdir. Ən şərəfli ölüm şəhidlərin ölümüdür. Ən böyük peşmanlıq hidayətə nail olduqdan sonra təkrar zəlalətə düşməkdir. Ən iyrənc korluq qəlb korluğudur. Ən axmaq üzr ölüm anında önə sürülən üzrdür və ən acı peşmançılıq qiyamət günündəki peşmançılıqdır. Bəzi insanlar var ki, bunlar daima vaxtı çıxdıqdan sonra namaz qılarlar. Bəziləri də Allahı (c.c.) daima qəlbləri və zehinləri başqa yerdə ikən ixlassızca zikr edərlər. Xətaların ən böyüyü durmadan yalan söyləyən dildir. Qəlbə yerləşən ən gözəl şey yəqindir (yəni şübhə qəbul etməyən kəskin inanc). Şübhə küfrdəndir. Gizlicə edilən hər xəyanət, qənimətdən gizlicə oğurlanan mal dərilən bir cəhənnəm meyvəsidir. Ən pis qazanc faizli qazancdır. Əfv edəni Allah (c.c) əfv edər. Allah (c.c) özünə qarşı günahkar olanı əzaba məruz buraxar. Ey Allahım! Məni və ümmətimi əfv elə! Məni və ümmətimi əfv elə! Amin!”
ŞƏRHLƏR