BƏŞƏRİYYƏTƏ TUŞLANAN SİLAH
Bu gün tez-tez televiziya ekranlarında müşahidə etdiyimiz, radio xəbərlərində eşitdiyimiz, qəzet və jurnal səhifələrində oxuduğumuz ən təhlükəli xəbərlərdən biridir terror. Nə üçün ən təhlükəli deyirik? Çünki terror irq, din, millət, cinsiyyət ayrı-seçkiliyi qoymadan bütün insanlığa tuşlanmış kütləvi qırğın silahıdır. Belə ki, terrorun əsas məqsədi öldürmək deyil, ölüm qorxusunu yaymaq olduğu üçün iradəsi zəif insanların həyat stimulunu minimuma endirərək kütlələri kortəbii surətdə istənilən istiqamətə yönləndirmək olduğundan zərərə məruz qalan da məhz həmin kütlələr olur. İnsanların ağıl və məntiqini zədələyərək mənfi hisslər aurasında bəd əməllərə çatmaq üçün atılan hər bir addımı terror adlandıra bilərik.
Terrorun nə olduğunu izah edərkən “siyasi, dini, ideoloji, iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni zorun, gücün və hədənin tətbiqi” tərifindən istifadə olunur. Terrordan məqsədin qəlblərə qorxu salaraq insanlar üzərində təsir gücü qazanmaq olduğunu demişdik. Terrorun yeganə hədəfi isə, əlbəttə ki, bütün insanlıqdır. Nəfs və şeytanın əsirinə çevrilərək dünyada öz hegemonluğunu qurmağa və ya qorumağa çalışanların əlində tutduqları terror silahı bütün zamanlarda bəşəriyyətə bəla və müsibətlər gətirmişdir. Ümumi götürsək, bəlkə də, müharibədə həyatını itirənlər terror nəticəsində ölənlərdən daha çoxdur, lakin təsir gücünə görə terror daha təhlükəli və daha genişmiqyaslıdır. Çünki bir az əvvəl də dediyimiz kimi terrorun dini, irqi, milli mənsubiyyəti olmadığından bütün insanlar üzərində təsir gücünə malik ola bilir.
Ümumiyyətlə, tarixin bütün dövrlərində insanlar arasında qorxu və xaos yaratmaq üçün müxtəlif terror hadisələrinin törədildiyinin şahidi oluruq. İstər tarix kitablarında, istərsə də dini mətnlərdə zaman-zaman bəşəriyyətin amansız terrora məruz qaldığına dair məlumatlarla qarşılaşırıq. Lakin keçən əsr və yaşadığımız XXI əsr terrorun ən geniş vüsət tapdığı dövr kimi səciyyələndirilə bilər. Məsələn, bir azərbaycanlı kimi, hər ilin 31 martı bir daha bizə “Dünya Azərbaycanlılarının Soyqırım Günü”nü yaşadaraq erməni vəhşiliklərini xatırladır. Ötən əsrin əvvəllərində, 1905, 1918-ci illərdə yaranan fürsətdən istifadə edərək qadın-kişi demədən, böyük-kiçik ayrı-seçkiliyi etmədən xalqımızı yox etmək siyasəti əsrin sonlarında da davam edərək Qarabağ hadisələri, xüsusilə də Xocalı soyqırımı kimi tarixin yaddaşına qanlı hərflərlə həkk olundu. 1990-cı ildə paytaxt Bakıda yaşanan 20 Yanvar hadisələri, erməni terrorçuları tərəfindən metroda baş verən partlayış və bu kimi qanlı hadisələr sadəcə Azərbaycana qarşı yönəldilmiş terror aktlarından bir neçəsidir.
Terrorun XX əsrdə yüksələn xətlə inkişafı birbaşa II Dünya Müharibəsindən sonrakı dövrlə bağlıdır. Belə ki, I və II Dünya Müharibələri nəticəsində on milyonlarla insan həyatını itirmişdi, yüz milyonlarla dollar maddi ziyan dəymiş, dünya iqtisadiyyatı iflic vəziyyətinə düşmüşdü. Dünya bu vəziyyətdən çıxmaq üçün sülhə qədəm qoymuşdu. Hər şeyin yoluna düşəcəyi, problemlərin öz həllini tapacağına ümid edilsə də gözlənilənin tamamilə əksi baş verdi. Dünya iki qlobal problem qarşısında qaldı:
1.Soyuq müharibə
2.Terrorizm
Soyuq müharibə bəşəriyyəti daim nüvə təhlükəsi altında saxlayırdı. Digər qlobal problem sayılan terrorizm isə mülki əhalinin ziyan çəkdiyi əsas faktor idi. Terror təşkilatları tərəfindən törədilən saysız terror aktları günahsız əhalinin ölümünə səbəb olur, insanlara maddi ziyan vurur və digər ağır nəticələrə səbəb olurdu. Əslində terrorizm də elə soyuq müharibənin başqa bir təzahür forması idi. İki qütb arasında qalan dünya xalqları zaman-zaman sırf hansısa ambissiyaların həyata keçməsi üçün, tərəflərin bir-birinə güc nümayişi məqsədi ilə atılan qanlı addımların qurbanına çevrilirdi.
Məsələni geniş mənada ələ aldıqda terror təşkilatlarını maliyyələşdirən əsas maddi qaynaqların da bu baxımdan bəşəriyyətə ikiqat ziyan vurduğunu qeyd etmək vacibdir. Siyasi maraq güdən xarici ölkələrin dəstəyi ilə yanaşı terrora yardım edən ən böyük qaynaqların insan qaçaqçılığı, narkotika ticarəti, geniş çaplı soyğun, xərac, məcburi vergi və qaçaqmalçılıq olduğu öz isbatını tapmışdır. Onsuz da xaosa səbəb olan insan qaçaqçılığından, gənclərin gələcəyini məhv edən, nəsilləri hədəf alan narkotika ticarətindən əldə olunan vəsaitin digər terror əməllərinə xərclənməsi ikiqat terror deyilmi?
Bu gün terror dedikdə ağlımıza ilk növbədə qapanmayan yaramız olan Suriyada, İraqda, Arakanda və digər bölgələrdə müsəlmanlara qarşı törədilən cinayətlər gəlir. Bu gün İraqda, Suriyada yaşananlar təkcə insanları deyil, İslam mədəniyyətini də hədəf alır. Göz görə-görə Şam və Hələb kimi İslam şəhərləri sakinləri ilə birlikdə məhv edilir. Adətən tökülən qanlar müsəlman qanı olsa da media vasitələri tərəfindən hədəf yayındırılaraq yenə müsəlmanlar terrorçu kimi qələmə verilir. Beləliklə, zehinlərdə qondarma “İslam terrorizmi” yaratmağa çalışırlar. Halbuki İslamda terrora rəvac verən ən kiçik bir işarə belə yoxdur. Hətta müharibə şəraitində də olsa yaşlılara, uşaqlara və qadınlara mərhəməti, din xadimlərini məbədlərində sərbəst buraxmağı, onlara toxunmamağı əmr edən, əkin sahələrini yandırmağa mane olan, yaş ağacların kəsilməsi ilə razılaşmayan, dilsiz- ağızsız heyvanlara əziyyəti rəva görməyən rəhmət və sülh dinini terrorla eyniləşdirərək qəlblərdə İslama qarşı qorxu oyatmaq ən böyük terror deyilmi?
Təəssüflər olsun ki, terror dediyimiz ümumbəşəri bəla bu gün hər tərəfimizi hörümçək toru kimi hördü. Artıq bəşəriyyət silahlı hücumlar, ani partlamalarla yanaşı bir sıra süni bakterial xəstəliklərə yoluxmaq, geni dəyişmiş qidalarla müəyyən xəstəliklərə tutulmaq, haqlı ola-ola KİVlər tərəfindən haqsız göstərilmək təhlükəsi ilə qarşı-qarşıyadır. Belə bir şəraitdə gələcəyimizi qorumaq naminə, sonrakı nəsillərə abad dünyanı miras qoymaq naminə əlimizdən gələni etmək məcburiyyətindəyik. Hər kəs öz təsir gücü dairəsində insanlığa tuşlanan terror silahının önünə sipər olmalıdır. Valideyn verdiyi tərbiyəsi ilə, müəllim təlqin etdiyi həyati məlumatlarla, siyasətçi siyasi gücündən istifadə edərək, bir sözlə hər kəs əlindən gələni edərək gələcəkdə baş verəcək terrorun qarşısını almalı, yeni terrorçuların yetişməsinə şərait yaratmamalıdır. Boynumuzdakı ən böyük borclardan biri də terror qurbanlarına qucaq açaraq yaralarına məlhəm olmaqdır. Maddi və mənəvi dəstəyimizi onlardan əsirgəməyərək özlərini tənha hiss etmələrinə yol verməməliyik.
Terrorsuz dünyada yaşamaq ümidi ilə...
ŞƏRHLƏR