BİR HƏDİS

BİR HƏDİS

عن أَنس رضي اللَّه عنه عن النَّبيّ صَلّى اللهُ عَلَيْهِ وسَلَّم فيمَا يرْوِيهِ عنْ ربهِ عزَّ وجَلَّ قَالَ: "إِذَا تَقَربَ الْعبْدُ إِليَّ شِبْراً تَقرَّبْتُ إِلَيْهِ ذِراعاً، وإِذَا تقرَّب إِلَيَّ ذِرَاعاً تقرَّبْتُ مِنهُ بَاعاً، وإِذا أَتانِي يَمْشِي أَتيْتُهُ هرْوَلَة

            Ənəsdən (r.a) rəvayət edildiyinə görə, Rəsulullah (s.ə.s) bir hədisi-şərifdə Allah-Təalanın belə buyurduğunu xəbər vermişdir: “Qulum mənə bir qarış yaxınlaşarsa, mən ona bir arşın yaxınlaşaram. O mənə bir arşın yaxınlaşdıqda, mən ona bir qulac yaxınlaşaram. O mənə tərəf addımlayaraq gəlsə, mən ona tərəf qaça-qaça gələrəm”. (Buxari, Tövhid, 50; Müslim, Zikr, 2)

            Bu hədis, Allahın rəhmətinin genişliyini ifadə etməsi baxımından möminlərə böyük ümidlər vəd edən mübarək bir hədisdir. Allah Rəsulu (s.ə.s) bəndənin Allaha yaxınlaşacağı təqdirdə Allahın o bəndəyə daha çox yaxınlaşacağını, beləliklə, Allahın edilən yaxşı əməllərin və gözəl işlərin əvəzini tez bir zamanda verəcəyini, edəcəyi ibadətləri qatbaqat savabla qarşılayacağını diqqətə çatdırır. Hədisdə keçən qarış, qulac və qaçmaq ifadələri Allah haqqında məcazi mənada işlədilmişdir. Bunları Allah haqqında həqiqi mənasında düşünmək doğru olmaz.  

            Allaha yaxınlaşmağın ən doğru yolu Allahın əmr etdiyi fərzləri yerinə yetirməkdən keçir. Fərzlərə əlavə olaraq yerinə yetirilən sünnələr də qulu Allaha daha çox yaxınlaşdıran vasitələrdir. Beş vaxt namaz qılmaq əmr olunduğu halda onun əvvəlində və ya sonrasında sünnələri də qılmaq, bir ay oruc tutmaq əmr olunduğu halda ona nafilə orucları da əlavə etmək, ömründə bir dəfə həcc etmək əmr olunduğu halda ümrə ziyarəti ilə onu gücləndirmək, zəkat vermək əmr olunduğu halda nəzir və sədəqə verərək daha çox infaq etmək və s. kimi əməllər insanı Allaha yaxınlaşdıran əməllərdəndir. Bunlardan başqa, mömini Allaha yaxınlaşdıran ən gözəl əməllərdən biri də Allahı xatırlayaraq onun varlığını qəlbə nəqş etmək, yəni onu daim zikr etməkdir. Allah üçün edilən ibadətləri qəlbən səmimiyyətlə yerinə yetirmək və dinimizin xoş gördüyü bütün xeyirxahlıqlar da Allaha yaxınlaşmağın əsas vasitələrindən sayılmaqdadır.

            Bütün bunlar Allah ilə bəndə arasındakı əlaqəni qorxuya bağlı bir əlaqə olmaqdan çıxarıb sevgiyə bağlı dostluq səviyyəsinə qaldıraraq qula Allahın sevgisini və rizasını qazandırar. Allah-Təalanın bir qulunu sevməsi isə o qul üçün ən böyük səadət və xoşbəxtlikdir. Uca Yaradan belə bir bəndəni hər cür təhlükədən də mühafizə edər. Rəsulullah (s.ə.s) bir hədisində Allah-Təalanın belə buyurduğunu xəbər verir: “Qulum (nafilə) ibadətlərlə dayanmadan mənə yaxınlaşar və nəhayət, mən onu sevərəm. Qulumu sevdiyim zaman isə, mən onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən nə istəsə, onu mütləq verərəm. Mənə sığınsa, onu qoruyaram”. (Buxari, Riqaq, 38)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz