Bir yanlışı düzəldək; QURANÇILAR, YOXSA QURANSIZLAR?
Jurnalımızın 119-cu nömrəsində dərc olunan “Könül dünyamıza edilən hücumlar” başlıqlı bir məqalədə hər zaman güncəlliyini qoruyan bu ifadələr yer alırdı:
Bu gün əziz millətimizə yönləndirilən ən böyük hücumlardan biri də islami kimliyə sahib kəlmələrin mənaları ilə oynamaq, müsbət məna daşıyan söz və məfhumlara mənfi mənalar yükləyərək onların etibarını yox etməyə çalışmaqdır. Bununla əslində könüllərdəki islami həssaslığı zəiflətməyi hədəfləyirlər...
Bu dəyərləndirmədən yola çıxaraq İslam dünyasında özünə yer etməyə çalışan və ya şou-biznes xadimlərisayaq gündəm oluşdurmağa və “məşhur”laşmağa can atan, son zamanlar Azərbaycanda da baş qaldıran bir zümrəyə verilən addan söz açmaq istəyirəm. Qayəsi İslamı parçalamaq olan qərəzli qüvvələrin “Peyğəmbərsiz İslam” siyasətinə alət olaraq dinimizin əsasını formalaşdıran, əsrlərdir müsəlman həyat tərzi modelinə nümunə təşkil edən sünnəyə düşmən kəsilən, nəbəvi əxlaqdan yoxsul bu kimi zavallıları ifadə etmək üçün söylənən “Quraniyyun” və ya dilimizdəki qarşılığı olan “Qurançılar” deyimi bizi düşünməyə vadar edir.
Quraniyyun kəlməsi ərəb dilində Quran tərəfdarı, Qurançı, Qurana bağlı, Qurana görə hərəkət edənlər mənasına gəlir. Bu zaman bir sual yaranır: Bir çox ayəsində Peyğəmbərə itaəti əmr edən, Quranı anlamamızda əvəzsiz rolu olduğunu bildirən və bizim üçün həyatın hər sahəsində ən gözəl örnək olduğu dönə-dönə xəbər verilən Quranın əksini iddia edərək, Peyğəmbəri sadəcə təbliğ və təbyin vəzifəsi ilə məhdud çərçivəyə sığdıranlar necə Qurançı ola bilərlər? Diqqət etsək görərik ki, özlərini belə adlandıranlar sadəcə insanların Qurana olan inancından sui-istifadə edərək bu kimi deyimlərlə kütlələri aldatmağı, yoldan çıxarmağı, Quranın canlı nümunəsi olan Peyğəmbər sünnəsindən uzaqlaşmağı hədəfləyənlərdir. Eynilə bəzi fırıldaqçıların “kitab açmaq” adı altında Quranla insanların falına baxması kimi.
Onlar özlərini Qurançı adlandıra bilərlər, amma biz oynanan oyunun fərqində olaraq bu kimi islami deyimləri onlara rəva görməməli, dilimizdə işlənən həssas kəlmələrin məsumluğunu ləkələməməli, beləliklə, duyulduğu an zehinlərdə mənfi mənalara səbəb olmasına yol verməməliyik. Mütləq bir ad vermək zərurəti hiss ediriksə, Qurançılar yerinə Quransızlar desək daha doğru olmazmı? Quranın mahiyyətindən bixəbər, qoymuş olduğu əsaslardan uzaqlaşan, izahında peyğəmbərə lüzum görməyən bu xəstə zehniyyətə nə deyəsən? Məncə belələrini “Qurançı” deyil, “Quransız” məfhumu daha gözəl xülasə edir.
ŞƏRHLƏR