XX əsrin ən amansız terror təşkilatlarından biri: ASALA

XX əsrin ən amansız terror təşkilatlarından biri: ASALA

Bu gün erməni terrorizmi mütəşəkkilliyi və yaxşı təşkilatlanmasına görə qlobal şəbəkədə özünün “layiqli” yerini tutur. İlk gündən onun hədəfi türklər, azərbaycanlılar və onların təəssübkeşliyini çəkən müsəlmanlar olmuşdur.

 Bu da öz növbəsində erməni terrorçularının Türkiyə və Azərbaycan ərazilərində “Böyük Ermənistan” yaratmaq iddialarından irəli gəlir. XIX əsrin II yarısından etibarən mütəşəkkil qaydada baş verən erməni terroru XX əsrin 70-ci illərində  daha da fəallaşdı və mahiyyətcə özünün ikinci mərhələsinə qədəm qoydu. Qorxu, vahimə yaratmaqla özünün və yaxud da maşası olduğu “böyük güclərin” məqsədlərini reallaşdırmağa çalışan erməni terror təşkilatları arasında ASALA (Armenian Secret Army for the Liberation of Armenia- Ermənistanın qurtuluşu üçün gizli erməni ordusu)-nın xüsusi yeri var.

ASALA terror təşkilatı 1975-ci il, 20 yanvar tarixində Livanda Fələstin Azadlıq təşkilatının da dəstəyi ilə  Aqop Aqopyan tərəfindən yaradılmış və aktiv olaraq terror aktları törətməyə başlamışdır. 1981-ci ilin sonunda açıqlanan “siyasi proqramı”nda təşkilatın məqsədi guya “Demokratik, sosialist və inqilabi bir hökumətin öndərliyində birləşmiş bir Ermənistan qurmaq” idi. Təşkilat, tərkibində  siyasi (terror planlayanlar), maliyyə (terroru maliyələşdirənlər), hərbi (terror törədənlər) və təbliğat-təşviqat (tərəfdar toplayanlar) alt komitələrinin olduğu “Mərkəzi Komitə”dən idarə olunurdu. Əsas mətbuat orqanı “Hayastan” qəzeti olsa da, “Hay-Baykar”, “Armeniya” və Londonda "Qaytzer” adlı jurnallar da nəşr olunmuşdur. Təşkilat ilk radionu 1981-ci ildə Beyrutda açmışdı - gündə 1 saatlıq “Livan ermənilərinin səsi” adlı proqram yayınlanırdı.

ASALA-ya dəstək verən, maddi və mənəvi yardım göstərən ölkələr və qurumlar:

Dəstək verən ölkə və qurum

Dəstəyin məqsədi

SSRİ - Şərq bloku və Sosialist ölkələri

Kapitalist blokdan ərazi qoparmaq və burada sosialist bir dövlətin qurulması

Suriya və Yunanıstan

Türkiyəyə qarşı münasibətləri kəskin olduğu üçün  bu ölkəni düşmən elan etmiş ASALA dəstəklənir

Erməni kilsələri, kommunist partiyaları və Hnçak terror təşkilatı, Avropa və ABŞ-da fəaliyyət göstərən erməni diasporu

Guya erməni xalqının düşmənlərinə qarşı mübarizə aparan ASALA bu etnosun milli kimlik və ideologiya məsələlərini möhkəmləndirir

Siyasi proqramda düşmənlər də göstərilmişdir:  

Ø  ASALA-ya qarşı olan, onun fikirlərini qəbul etməyən ermənilər (daşnaqlar da bura aiddir);

Ø  “Beynəlxalq imperializmin dəstəklədiyi türk imperializmi”.  

ASALA-nın strategiyasına görə bütün erməni hərəkatları Livandan - bir mərkəzdən  idarə olunmalı idi. Bununla da ermənilərin birləşdiyi “ASALA xalq hərəkatı”  başlamalı və yeni birlik formalaşmalı idi. İkinci mərhələdə isə sosialist ölkələrin yardımıyla terrora rəvac verərək, kapitalist blok yeni bir müharibəyə və xaosa sürüklənməli idi. Göründüyü kimi, ASALA həm onu qəbul etməyən erməniləri düşmən elan edir, həm də “böyük güclərin” terror maşını funksiyasını yerinə yetirir.

Parisdə 1979-cu ildə (3-6 sentyabr) keçirilmiş “I Dünya Erməni təşkilatlar konqresi”ndə erməni terror təşkilatları arasında ittifaqlar quruldu və ASALA-ya yeni üzvlər qoşuldu. Bunların içərisində ən fəalları Aleks Yenikomsiyan və Monte Melkonyan idi. 1981-ci ildə bir çox terror aktlarını məhz bu qrup həyata keçirmişdir. Elə bu illərdə Fransadakı “Yeni Erməni Müqavimət təşkilatı”, Kanadadakı “Azad Hay” və İngiltərədəki “Gaitzer” qrupları bu terror təşkilatına qoşulur  və onun fəaliyyət dairəsi genişlənir. ASALA-nın Livanda-Bekaa və Zeli vadilərindəki əsas hərbi bazalarında təlim görmüş terrorçular, yalnız 1975-1984-cü illərdə ASALA adına müxtəlif ölkələrdə 42 türk diplomatını, Orly hava limanında qətliam törədərək bir çox Türkiyə və başqa ölkə vətəndaşlarını qətlə yetirmişdir.

1983-cü ildə Livanın  İsrail tərəfindən tutulması ilə ASALA buradakı üç təlim düşərgəsini itirir. Beləliklə, Fələstin Azadlıq Təşkilatından aldığı dəstək kəsilir, daxildəki ixtilafları dərinləşərək təşkilat zəifləyir. Bu gedişatla təşkilatın rəhbərlərindən Melkonyan ASALA-dan ayrılaraq, Fransada ASALA-MKA (ASALA-inqilabi hərəkatı)-nı yaradır. Əsas təşkilatın lideri Aqopyan 1988-ci ilin  28 aprelində elə Melkonyan və Arar Toraryanın adamları tərəfindən Afinada öldürülür. Melkonyan isə 1993-cü ildə Qarabağ döyüşlərində  Azərbaycan əsgərləri tərəfindən məhv edilir.

1988-ci ildən ASALA rəsmi şəkildə üç yerə parçalandı: ASALA-MKA(inqilabi hərəkat), ASALA-PMNA (xalq hərəkatı) və SASSOON. Budapeştdə 1991-ci ildə Türk səfirinə qarşı törədilmiş terror aktını məhz SASSOON öz üzərinə götürmüşdü. Yunanıstanın Egina adasında ASALA PMNA-nın bir gizli hərbi bazası olduğu və  burada yunan general Matafiasin tərəfindən PKK-lı terroristlərə də hərbi təlim keçirildiyi bilinir.  

Əslində ASALA-PKK əməkdaşlığının əsası birlikdə siyasi və hərbi təlim aldıqları Bekaa və Zeli düşərgələrində qoyulmuşdu. İlk toplantılarını isə 1979-cu ildə keçirmiş və birgə bəyannamə imzalamışdılar. 21-28 aprel 1980-ci il tarixini “qızıl həftə” elan etmiş və 24 aprel tarixini sözdə ermənilərin qətliamı günü  kimi qəbul etmişdir. Bundan sonra 1987-ci ildə PKK ilə ermənilər arasında anlaşma, 1993-cu il 4 iyunda Qərbi Beyrutda PKK terror təşkilatının mərkəzində ASALA və PKK mənsublarının birgə keçirdiyi toplantı ilə hər iki təşkilat türklərə qarşı mübarizədə əlaqələri daha da gücləndirmişdir. Ermənistanda kriminal-terrorçuların hakimiyyətə gəlməsi ilə bu ölkədə bir çox terror təşkilatları, o cümlədən ASALA, PKK və s. dövlət səviyyəsində dəstəklənməyə başladı. Bütün bu məsələlər 2002-ci ilin 25-26 iyununda Fransanın Strazburq şəhərində keçirilən AŞPA-nın növbəti sessiyasında o zamanlar cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nümayəndə heyətinin hazırladığı “Ermənistan işğal olunan ərazilərdən terrorçu istehsalı üçün istifadə edir və Ermənistan terroru dövlət səviyyəsində dəstəkləyən ölkədir” adlı sənəddə öz əksini tapmışdır. Sənəddə qeyd olunur ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində ASALA və digər erməni terror təşkilatlarının hərbi bazaları və təlim düşərgələri var. Laçında Samoyanın rəhbərliyi altında PKK təşkilatı, Kəlbəcərdə Beyrut vətəndaşı erməni mənşəli Ter-Qriqoryanın rəhbərliyi altında “Qayıdan qəhrəmanlar” adlı terror təşkilatı və başqa terror təşkilatları fəaliyyət göstərirlər.

Törətdiyi qanlı terror aktının sayına görə ASALA, İRA-dan sonra ikinci yerdədir və hazırda öz fəaliyyətini Yunanıstanda, Cənubi Kipr, Suriya, İran, Kanada, Ermənistan və işğal olunmuş Azərbaycan torpaqlarında davam etdirir.

 

 

 

*ASALA-nın ölkələr üzrə törətdiyi terror aktları

Ölkələr

Terror aktının sayı

Ölkələr

Terror aktının sayı

Fransa

37

Kanada

4

İsveçrə

25

Yunanıstan

4

İtalya

20

Qərbi Almaniya

4

Livan

17

Hollandiya

2

ABŞ

15

Portuqaliya

2

Türkiyə

13

Avstriya

1

İspaniya

11

Avstraliya

1

İran

7

İraq

1

Belçika

6

SSRİ

1

İngiltərə

5

Bolqarıstan

1

Danimarka

4

Yuqoslaviya

1

Erməni terror maşını “Böyük Ermənistan”ı qurmaq, 1915-ci il hadisələrini soyqırım kimi qələmə verməklə Türkiyədən kompensasiya (pul və ərazi) almaq və bu yolla guya dünya dövlətlərinin siyasi həyatında həlledici rol oynamaq absurd-xülyasına nail olmaq məqsədilə bir sıra amansız terror aktları törətmiş, Xocalı soyqırımını və digər faciələri tarixin yaddaşına yazmışdır. Məhz bu xülyalar uğrunda ASALA vasitəsilə minlərlə insan qətlə yetirilmiş, yüz minlərlə insan xəsarət almış, dəyəri milyon dollarlarla ölçülən maddi ziyan vurulmuşdur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz