TERROR MƏZLUMLARI
“Qorxu” və ya “dəhşət” mənasına gələn terror siyasi, dini və ya iqtisadi hədəflərə çatmaq üçün qeyri-qanuni yollardan istifadə edərək dövləti, milləti və ya hansısa bir qrupu qorxuya salmaq məqsədi ilə törədilən şiddət hadisəsidir.
Terror deyiləndə, təəssüflər olsun ki, bu gün müsəlmanlar ağla gəlir. Bunun nəticəsində də dünyada islamafobiya, yəni, islam qorxusu fikri formalaşmağa başladı. Əlbəttə, bu fikir heç də təsadüfi yox, əksinə, islam düşmənlərinin məqsədyönlü planlarına uyğun olaraq formalaşdırıldı.
Tarixə nəzər salanda nəinki İslam dini, ümumiyyətlə, heç bir dinin mənsubları tərəfindən o dinin tələbi olaraq terror hadisəsi törədilmədiyini görürük. Əksinə, bu gün olduğu kimi tarixən də terror daha çox inananlara qarşı törədilmişdir. Bu barədə Qurani-Kərimdə yer alan iki hadisə diqqətəlayiqdir. Bunlardan biri Musa peyğəmbərlə sehrbazlar arasında baş verən müsabiqənin nəticəsi, digəri isə Əshabi-Uxdud hadisəsidir.
Məlum olduğu üzrə, Hz. Musaya peyğəmbərlik verildiyi vaxt Firon bundan çox narahat olmuşdu. Çünki Hz. Musanın gətirdiyi din onun insanlar üzərində qurduğu hökmranlığının təməlini sarsıdırdı. Halbuki Firon özünün tanrı olduğunu iddia edirdi. Musa peyğəmbər Firona: “Ey Firon! Bil ki, mən aləmlərin rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm”, - dedikdə, Firon: “Peyğəmbərliyini isbat edəcək möcüzən varsa, göstər”,- demişdi. Hz. Musa da Allahın izni ilə əlindəki əsanı fərqli bir məxluqa çevirərək öz möcüzəsini göstərdi. Bunu görən Firon və onun yaxınları belə bir məsləhətə gəldilər ki, ölkənin ən güclü sehrbazlarını toplasınlar və Hz. Musa ilə yarışdırsınlar. Onlar Hz. Musanın göstərdiyi möcüzəyə, dolayısilə onun Peyğəmbərliyinə qalib gələcəklərinə inanırdılar. Bundan o qədər əmin idilər ki, bunu bütün insanlara nümayiş etdirmək üçün müsabiqə gününü insanların ən çox toplaşdıqları bir bayram gününə saldılar.
Sehrbazlar Firona: “Biz qalib gəlsək, bizi mükafatlandıracaqsan, deyilmi?” – deyə soruşduqda Firon: “Nəinki sizi mükafatlandıracağam, hətta sizi ən yaxınlarımdan edəcəyəm”, - deyir. Bu söhbətdən sonra müsabiqə başlayır. Sehrbazlar özlərinə o qədər çox güvənirdilər ki, kimin öncə öz hünərini göstərəcəyi belə önəmli deyildi. Buna görə də: “Ey Musa, sən başlayırsan, yoxsa biz?” - dedilər. Hz. Musa öncə onların başlamalarını istədi. Sehrbazlar əllərindəki ipləri yerə atdılar. Bir anda iplər insanların gözündə qıvrılan ilan kimi göründü. Həqiqətdə onların əllərindən atdıqları iplər ilan olmasa da, insanların gözlərini çox mahiranə şəkildə əfsunladılar. Quranın ifadəsi ilə desək, onlar “doğrusu, böyük bir sehr göstərdilər”.(əl-Əraf,116) Hz. Musa belə bundan təsirlənmişdi. Sıra ona gəlmişdi. Allah-Təala Hz. Musaya qorxmamasını, əlindəki əsasını yerə atmağı vəhy etdi. Hz. Musa əsanı yerə atar-atmaz əsa bir əjdahaya döndü və sehrbazların insanların gözlərində ilan kimi göstərdiklərini uddu. O anda sehrbazlar bunun bir sehr olmadığını anladılar və səcdəyə qapanaraq “biz Musanın rəbbinə iman etdik” dedilər.
Firon xalqın baş verənlərdən təsirlənib Musa peyğəmbərin dininə girəcəyindən ehtiyatlanaraq insanların gözünü qorxutmaq üçün sehrbazları belə hədələdi: “... Əlləriniz və ayaqlarınızı çarpaz kəsəcək, sonra da hamınızı çarmıxa çəkəcəyəm” (əl-Əraf,124)
İnananlara qarşı törədilən başqa bir terror hadisəsi də “Əshabi-Uxdud”, yəni xəndək ətrafına toplaşan bir qrupla bağlıdır. Bu hadisə də yenə Fironun məntiqi yanaşması ilə eyni idi. Allahın göndərdiyi dini qəbul edənlərin sayının artması bir qrup yüksək mövqe sahibi olan kəslərə sərf eləmirdi. Bu dinə girənlərin qarşısını almaq üçün elə bir şiddət, terror hadisəsi törədilməli idi ki, heç kim o dinə girməyə cəsarət etməsin. Beləliklə, onlar bir xəndək qazdılar. Bu xəndəyin içini yanan maddələrlə doldurup alışdırdılar. Sonra da Allaha iman edən kişi, qadın, qoca, uşaq ayırmadan hamını xəndəkdə yanan bu atəşə atdılar. Allahın mərhəmətindən uzaq qaldıqlar üçün qəlbləri daşlaşmış olan bu insanların özləri də xəndəyin ətrafına toplaşıb bu hadisəni zövqlə izləyirdilər. Allah-Təala bu hadisəni Quranda belə xəbər verir: “Məhv olsun xəndək kənarına yığışanlar! Odunla alışdırılmış (xəndək). Onlar o (xəndəyin) qırağında oturub, möminlərə verdikləri cəzaya (işgəncələrə) şahidlik edirdilər...” (əl-Buruc, 4-8)
Qurani-Kərimdə anladılan bu hadisələr tarixdə müsəlmanlara qarşı törədilən terror hadisələrindən sadəcə iki nümunə idi. İslam dini adının mənasından da irəli gəldiyi kimi, sülh dinidir. Terror isə tarixən öz mənafeləri üçün, fitnə və xaos yaratmaq məqsədi ilə qeyri-müsəlmanların əl atdığı bir yol olmuşdur.
ŞƏRHLƏR