Ata "məsləhəti"

Ata "məsləhəti"

Müəllim dekanın kabinetinə girib salam, kef-əhvaldan sonra dedi ki, dördüncü kursda oxuyan qohumu marketdə satıcı işləyir deyə, dərslərə heç cürə gələ bilmir, nə qədər lazımdı, “hörmətini” eləyər, mümkünsə, bu semestr jurnalda bütün dərslər üzrə jurnallarda qayıb yazılmasın ona. Dekan da bir az söhbətə giriş edib sonda dedi ki, bunun haqqı yeddi yüz manatdı. Müəllimin birdən yadına düşdü ki, qohumu “hörmət eləməyə hazır olsa da”, konkret verə biləcəyi pulun miqdarı barədə bir şey deməyib ona.

-Mən elə indi zəng eliyim qohumuma, görüm nəyə gücü çatır.

-Amma demə ha, mənim yanımdasan, - dekan təşvişlə dilləndi.

-Hə, əlbəttə, demərəm.

Qohumun nömrəsini yığdı:

-Alo, salam qohum... Hə, mənəm. Qulaq as, mən bir az qabaq dekanla görüşüb, sənin o məsələni dedim ona. Deyir, yeddi yüzdü qiyməti... Manat, dollar yox... Aşağı saldırmaq deyəndə, gərək sən əvvəlcədən mənə deyəydin, nəyə gücün çatır.... Oldu, amma tez zəng elə, mənə cavab de. Mən sənə görə bir də onun yanına girəcəm, amma üçüncü dəfə yox. Oldu, - üzünü dekana tutaraq:

-Dedi ki, beş dəyqəyə zəng edəcək.

Dekanın sifəti soldu, ona elə gəldi, indi tələbə zəng edib qiyməti yüz manat endirmək istəyəcək, qabaqdangəlmişlik taktikasına keçdi dekan:

-Nəzərə al ki, dediyim o pul tək mənə çatmır ha.

-Başa düşdüm, amma gözləyək görək nə deyir. Bəlkə razılaşacaq o qiymətlə.

Az sonra müəllimin mobil telefonuna zəng gəldi.

-Hə, qohum, eşidirəm... Beş yüz? Nə danışırsan?!

Dekanın da, müəllimin də rəngi qaraldı, müəllimin ona görə ki, dekanın bu qiymətlə razılaşmayacağı gün kimi aydın idi. Həm də qohumunun kələyi onu əsəbiləşdirdi: bilirdi axı, qohumu oyun oynuyur, axırda söhbəti fırladıb gətiricək altı yüz manatın üstünə.

-Ay qohum, beş yüz nədi? Sən onu nəzərə al ki, pul tək ona çatmır... Dəqiq bilirəm ki, razı olmayacaq....

Müəllimlə qohumunun telefon söhbətinə qulaq asan dekan razılıqla başını tərpətdi, yəni, haqlısan.

-Olmadı də. İndi də altı yüz deyirsən, bunu bayaqdan demək lazımıydı, mənnən oyun oynamaq lazım deyildi. Hə, sənə bir şeyi deyim, Allaha and olsun, bu işdə bir köpük belə maddi marağım yoxdu ha... Birdən elə bilərsən... Sadəcə, atana hörmət edirəm, qohumsan, ona görə dekandan xahiş elədim bu məsələni.  

Doğrudan da, müəllimin pul marağı yoxuydu. Dekan altı yüz manat rəqəmini eşidəndə, əsəbi halda pəncərəyə tərəf çevrilib fısıldadı.

-Yaxşı, bir də yanına gedərəm, görüm nə deyir. Oldu, sən sabah on birin yarısı gələrsən universitetdə yeməkxanada taparsan məni, danışarıq, - qohumuna son tapşırığını verdi.

Qısası, dekan ikinci dəfə müəllimə dedi ki, bu pul tək mənə çatmır və sonda altı yüz əlli manatdan aşağı düşmədi. Səhər saat on birin yarısı qohum tələbə müəllimi yeməkxanada tapdı, çay sifariş elədilər. Müəllimin ağzından “altı yüz əllidən aşağı enmədi” cümləsi çıxan kimi, tələbə sevincək, - planı baş tutmuşdu, - əlini cibinə salanda, müəllim tez pıçıltıyla dedi ki, pulu stolun altından mənə uzat, amma dediyim kimi, Allaha and olsun, bu pulda bir qəpik qazancım yoxdu, məqsədim elə sənə kömək eləməkdi. Tələbə də altı yüzlük və əlliliyi masanın altından müəllimin açılmış ovcunun içinə qoydu, hərçənd, yeməkxanada tək ikisi idi. Müəllim “əmanəti” aparıb dekana verdi, dekan da on ikidə universitetdən çıxıb, yaxınlıqdakı bankda manatları altı yüz avroya dəyişdi, onda manatın bərk gedən vaxtlarıydı, həmin bankda avroları kiminsə bank hesabına köçürüb universitetə qayıtdı.

Evdə axşam yeməyindən, çaydan sonra dekan skaypla Azad Berlin Universitetinin hüquq fakültəsinin dördüncü kursunda oxuyan oğluyla danışırdı:

-Ay bala, mənnən mübahisə eləmə də, deyilənə qulaq as. Yenə deyirəm, magistraturada mülki hüququ seç, sən gəlib beynəlxalq hüquq üzrə iş tapammayassan burda. İndi krizisdi, güclü ixtisarlar gedir, həmin o beynəlxalq hüquq diplomuynan iş tapmaq çətindi. Amma sən mülki hüquq üzrə magistrant diplomu alsan, həm məhkəmədə iş tapa biləcəksən, həm də o alınmasa, vəkil kimi işləyə bilərsən... Bitirdik bu söhbəti. Sənin bank kartına bu gün altı yüz avro pul keçirtdim. Səndə indi nə qədər pul var?... Yeddi yüz, lap yaxşı. Üstünə də gəldi altı yüz, elədi min üç yüz avro, bir ayçün mən bilən, sənə artıqlamasıynan bəs eliyər. Gələn ayın əvvəli yenə göndərəcəm. Yeməyinə fikir verirsən yəqin. Həmişəki kimi, heç olmasa, iki gündən bir sup iç. Az qala yadımdan çıxmışdı, nə oldu sənin o imtahanın... Hə, Avropa təhlükəsizliyi hüququ... Kəsildin?! Ee, olmadı ki. Dərsə getməmisən, hər halda, qayıb yazmırlar ki, problemin olsun universitetdə. Otur evdə, ya kitabxanada, hazırlaş da imtahana....

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz