ZƏHƏRLİ FAL OXLARI
İlk insan və ilk peyğəmbər olan Həzrət Adəmin (ə.s) cənnətdə qadağan olunmuş ağacla imtahan edilməsi prosesi onun cənnətdən qovulması ilə dünyada davam etdi. Beləliklə bəni-Adəmin müxtəlif imtahanlara tabe tutulması gerçəkləşdi. İnsanın iman və küfr qovğasında məğlub olmasının və ilahi imtahandan üzüağ çıxmamasının başlıca səbəbi heç şübhəsiz ki, nəfs əngəlini aşa bilməməsidir. Qurani-Kərimdə Həzrət Yusifin dilindən ifadə olunan “Şübhəsiz ki nəfs davamlı olaraq pisliyi əmr edir” (Yusuf, 57) ibarəsi axirət yolçusu olan insanın daim nəfsani təlqinlərə məruz qalmasından xəbər verir.
Nəfs və şeytan durmadan insanı tələyə salmaq və onu imanından məhrum etməyə səy göstərir. Bəzən gözümüzə yaxşı görünən və bizə ağlabatan gələn bir sıra işlər də məhz insan oğlunun bu iki düşməni tərəfindən qurulmuş tələlərdir əslində. Bu xüsusda veriləcək xeyli misallar olmaqla bərabər üzərində duracağımız məsələ son zamanlar ölkəmizdə, ümumiyyətlə isə dünyada geniş rəvac tapmış fal və cadugərlikdir.
Hələ qədim zamanlardan bəri insanların taleyi barədə əvvəlcədən “xəbərlər” vermək, keçmişdə baş verən hadisələrdən söz açmaq fal, baxıcılıq, kəhanət və s. adlandırılmış, hər hansı zərəri dəf etmək, yaxud da kiməsə müəyyən qüvvələr vasitəsilə təzyiq göstərmək, zərər vermək cadugərlik adlandırılmışdır. Allahın yer üzünə göndərmiş olduğu bütün peyğəmbərlər bu kimi işlərin haram olduğunu söyləmiş və ilahi kitablarda bu haqda qadağanedici ayələr öz əksini tapmışdır. O cümlədən İslam dinində də falçılıq, fala baxdırmaq, fal açmaq, həmçinin cadu-sehr adlanan işlərlə məşğul olmaq qətiyyətlə haram edilmişdir. Maidə surəsinin 90-cı ayəsində imanlara və qədər anlayışına sancılan zəhərli “fal oxları”nın əslində şeytan əməli olduğu ifadə edilir. Həzrət Peyğəmbərin də hədislərində falın haram olmasını bildirən qəti hökmlər mövcuddur. Bir sözlə, İslam dini falı və cadugərliyi birmənalı şəkildə haram elan edir.
Cəmiyyətimizdə falla bağlı müxtəlif suallarla qarşılaşmaq mümkündür: fal doğrudurmu, bir insanın gələcəyindən xəbər vermək, cadu vasitəsilə kiməsə zərər vermək mümkündürmü və s... Bu suallara cavab vermədən əvvəl onu qeyd edək ki, falçılıqla məşğul olanları ümumiyyətlə iki qrupa ayırmaq mümkündür: 1. cinlərdən və şər qüvvələrdən istifadə edərək “həqiqi” falçılıqla məşğul olanlar; 2. falçı olduğunu iddia edərək (heç bir qüvvədən yardım almadan) insanları aldadanlar. Haşiyə çıxaraq onu da qeyd edim ki, hər iki halda bu işlə məşğul olmaq və bu kimi insanlara müraciət etmək haramdır. Falçının guya Qurani-Kərimlə fala baxdığını iddia etməsi isə əlbəttə ki, insanların Qurana olan inamından sui-istifadədən qaynaqlanır. Burada qeyd edək ki, Allahdan başqa heç bir varlıq əsla və əsla qeybdən xəbər verə bilməz. Ənam surəsinin 59-cu ayəsində buyurulur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir”. Nəml surəsinin 65-ci ayəsində isə belə buyurulur: “De: “Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz!” Ona görə də heç bir bəndənin qeybdən xəbər vermək kimi səlahiyyəti yoxdur. Əksini iddia etmək yalançılıqdan başqa bir şey deyil. Çünki Allahın ən çox sevdiyi və seçərək bəşəriyyətə qiyamət gününə qədər peyğəmbər təyin etdiyi insan Həzrət Muhamməd belə bu üstünlüyə sahib olmamışdır. Haqq-Təala Qurani-Kərimdə bu barədə belə buyurur: “De: “Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı.” (əl-Əraf, 188) Buradan gördüyümüz kimi nə hansısa bir peyğəmbər, nə də sıravi vətəndaş qeybə dair xəbərlərə vaqif deyil. O ki qaldı falçıların keçmişə dair verdikləri doğru xəbərlərə, bunun səbəbi ya həmin falçının yanına gələcək olan adam haqqında daha əvvəl onu tanıyanlardan məlumat alması, yaxud da falçının bu xəbəri cinlərdən öyrənməsidir. Yuxarıda qeyd etmişdik ki, şeytanın insanları yoldan çıxarma yollarından biri də fal və cadudur. Görünməyən qüvvələrin yardımı ilə fala baxanlar hər nə qədər ilahi qüvvələrdən yardım aldıqlarını iddia etsələr də onlara bu işdə kömək edən varlıqlar şeytana əsir olmuş cinlərdir. Dini mətnlərdən öyrəndiyimizə görə cinlər insanlardan daha uzunömürlüdürlər və bir cin yeddi yüz, min il, hətta daha artıq yaşaya bilir. Uzunömürlü olduqları üçün hansısa bölgədə insanlarla eyni məkanı paylaşan cinlərin o məkanda bir neçə il əvvəl insanlar tərəfindən işlənənləri görmələri mümkündür. Belə olan təqdirdə falçının kiminləsə və ya hansısa hadisə ilə bağlı keçmişə aid məlumat vermələri mümkündür. Lakin gələcəyə və qeybə aid verilən xəbərlər tamamən uydurma və xəyal məhsuludur. Bu yalanın falçı tərəfindən, yoxsa ona yardım edən şeytan və cin tərəfindən uydurulması nəticəni dəyişmir. Həzrət Peyğəmbərin də buyurduğu kimi falçılar bir doğruya yüzlərlə yalan qarışdırıb onu insanlara satarlar. Məqsədsə insanları istismar etmək və imanlarını oğurlamaqdır. İndi qeyd edəcəyimiz ayə hətta falçılara yardım edən cinlərin belə qeybi bilmədiklərini açıq şəkildə ortaya qoyur: “Sonra (Süleymanın) ölümünü hökm etdiyimiz zaman onun öldüyünü onlara (cinlərə) ancaq (Süleymanın) əsasını yeyən bir ağac qurdu xəbər verdi. (Süleymanın əlini dayayıb durduğu əsa sınandan sonra) o (ölmüş vəziyyətdə) yerə yıxıldıqda cinlərə bəlli oldu. Əgər onlar qeybi bilsəydilər, alçaldıcı əzab (məşəqqətli iş) içində qalmazdılar.” (Səba, 14) Ayəyə qısa izah verək: Həzrət Süleyman Allahın yardımı ilə cinləri inşaat kimi ağır işlərdə işlədirdi. Bir gün əsasına söykənib işin gedişatını seyr edərkən vəfat edir. Lakin cinlər vəfat etdiyini anlamadıqları üçün işlərinə davam edirlər. Bir neçə gün ərzində bir qurd Hz. Süleymanın əsasını yedikdən sonra yıxılana qədər onun ölümündən xəbər tutmurlar. Əgər cinlər qeybi bilsəydilər, şübhəsiz ki, Həzrət Süleymanın öldüyünü də bilər və onun qorxusundan ağır işlərdə çalışmağa davam etməzdilər.
İndi isə digər aktual məsələyə, cadunun insana zərərinə toxunaq. Cadu və sehr müəyyən vasitələrlə insan bədənində və psixologiyasında müxtəlif təsirlərə səbəb olur. Bu, bir gerçəkdir və Qurani-Kərimdə bunu təsdiqləyən ayə var: “(Yəhudilər) Süleymanın səltənətinə dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): “Biz (Allah tərəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!” – deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər…” (əl-Bəqərə, 102) Ayədə bildirildiyi kimi sehr və cadu ilə ər-arvad arasına nifaq salmaq, insanlara müxtəlif zərərlər vermək mümkündür. Hətta Həzrət Peyğəmbərə də cadu edilmiş və o, sehrin təsirindən xəstələnmişdi. Fələq nə Nəs surələrinin nazil olması da bu səbəbə bağlıdır.
Burada qeyd etdiklərimizi və bu kimi məlumatları oxuyub əsla təlaşa düşməmək və narahat olmamaq lazımdır. Zərər verən şeytan, falçı, cadugər varsa, bütün zərərləri insandan dəf edəcək Yaradan hər şeydən üstündür. Əsas məsələ insanın Allaha bağlılığı, Ona möhkəm imanı və təvəkkülüdür. Bir insan Rəbbinə layiqincə təvəkkül edərsə, insanların və cinlərin gözlə görünən və görünməyən şərindən sağlam qalaya sığınmış olar. Həzrət Peyğəmbərin oxuduğu və ümmətinə tövsiyə etdiyi dualar, Quran ayələri də cadunun, sehrin insana təsir gücünü yox edən səbəblərdəndir. Qurani-Kərimdə deyilir: “...Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər…” (əl-Bəqərə, 102)
ŞƏRHLƏR