ƏMƏLİYYAT TƏƏSSÜRATLARI

ƏMƏLİYYAT TƏƏSSÜRATLARI

      1 – Anadolu türkcəsində “evdəki hesab çarşıya uymaz” deyirlər. Hər biləndən də üstün biri olduğu kimi hər hesab edəndən də üstün biri (əl-Hasib) var. Qazaxıstandakı hesabın Türkiyəyə uymayacağını təyyarə ilə səfərimizdə “ətli qreçka” ikramından anlamalıydım. Planlamadığım halda “gəlmişkən özümü həkimə göstərim, necə olsa vaxtım var” dediyim xəstəxanada özümü əməliyyat masasında gördüm.

      2 – Xəstəxananın bir yerində “bizim birinci vəzifəmiz xəstəni yaşatmaqdır” cümləsi yazılıb. Kamaz sürücüsünə səsimizi eşitdirmək üçün yüksək səslə hooop dediyimiz kimi bu sözün sahiblərinə və bu sözə inananlara da “hooop” demək lazımdır. Hər bir ölən xəstə üçün xəstəxana müdiriyyətindən soruşmaq lazımdır: “niyə vəzifənizi yerinə yetirmisiniz? Öldürmək və yaşatmaq nə zamandan sizin əlinizdə? Bu söz tamamən Allahsızlıq qoxuyur. Bizim əl-Muhyi (yaşadan) və əl-Mumit (öldürən) Rəbbimiz var. Bu qədər bəsit və şirk ətri verən yazılardansa “İki nemət vardır ki, insanların çoxu qədrini bilməz: sağlamlıq və boş vaxt” və ya “Xalq içində mötəbər bir nəsnə yox dövlət kimi / olmaya dövlət cahanda bir nəfəs səhhət kimi” yazılsa daha yaxşı olmazdımı? Kökü olan bitkiyə ağac deyirlər, kökü olmayan bitki isə kötük olmuşdur. Meyvə verən, yaşıllığı olan bitki olmaq varkən (mömin), kökü ilə əlaqəsi kəsilmiş quru kötüklər (münafiq) olmağa can atmaq nədir? “(Ya Peyğəmbər!) Sən onları gördükdə cüssələri (boy-buxunları, gözəllikləri) xoşuna gəlir, danışanda sözlərinə qulaq asırsan. Onlar, sanki (divara) söykədilmiş dirəklərdir (ruhsuz bədən, müqəvva kimidirlər)…” (əl-Münafiqun, 4)  

      3 – Həyat təslim olmaq və təslim almaq üzərində qurulmuşdur. Təyyarəyə minəndə pilota, avtobusa minəndə sürücüyə, qatara minəndə maşinistə, restorana girəndə aşpazın gigiyenasına və məharətinə təslim oluruq. Pilota təslim olan uçar, həkimə təslim olan şəfa tapar, ustada təslim olan öyrənər, aşpaza təslim olan doyar. Allaha və Rəsuluna təslim olan qurtular.

      4 – İslam, salamat, təslim eyni kökdən gəlmişdir. Xəstəxanalar və əməliyyat otaqları təslimiyyətin zirvədə yaşandığı yerlərdir. Qurbanlıq heyvanlar kəsilməyə aparılarkən dirənir, qarşı çıxır. Əməliyyat otağına girən insan isə kəsilməyə dirənən heyvanla müqayisədə “quzu” kimi davranar. “Əməliyyatdan 8 saat əvvəl yeyib-içməyi kəs” deyərlər, başüstə deyərsən. “Əlini uzat” deyərlər, uzadarsan. “Qolunu aç” deyərlər, açarsan. Adını da bilmədiyin həkim, polis, müəllim, pilot, sürücü kimi onlarla insana sual-cavabsız təslim olub, itaət etdiyi halda, 99 gözəl ismin sahibinə təslim olmamaq ağıl sahiblərinin işi deyil. Adının başında prof, dr, mütəxəssis kimi sifətlərə sahib insanları dinləyib Hz. Peyğəmbər (s.ə.s)-i eyni təslimiyyətlə dinləməmək, Qurana və Sünnəyə müttəhim kürsüsündə oturan dünahkarı ittiham məntiqiylə tənqidlə yanaşmaq ən böyük ədəbsizlikdir.

      5 – Əməliyyat masası adından da göründüyü kimi ağırdır. Nə nikah masasına, nə də yemək masasına bənəyir. Bəlkə, bəlkə qumar masasına bənzəyər. Əməliyyata girəcək bir insan yoldaşına, qohum-əqrəbasına hiss etdirmək istəməsə də, özünü ölüm gerçəyinə hər zamankından yaxın hiss edər. Əməliyyatdan əvvəl dünya bər-bəzəyi, pul, üzük, gözlük, geyim çıxardılır, sadəcə mavi önlüklə qalırsınız. Mavi önlüyün yaxalığı olmaz, “mavi rəngli kəfən” də deyilə bilər. Xərəklə əməliyyat otağıan aparırlar. Burada uşaq arabasında gəzdirilən uşağın təslimiyyəti ilə gedirsiniz. Əməliyyat otağının qapısına “girilməz” yazılıb. “Könüllü girilməz” desələr daha doğru olardı hər halda.

      6 – Əməliyyat otağının tavanı göz apaqlarından fərqlənmir. Göz qapaqlarının içində nə və kimlər varsa, onlar tavandan görünür. Mənə əməliyyat otağının tavanında nə gördüyünü söylə, sənə kim olduğunu deyim. Əməliyyatdan sonra nə qar, nə kir, nə də ayağa qalxmamaq namaza mane deyil. Rəbbimiz “mə halda olursan ol, səcdə et, qəbul edərəm”,- deyir sanki.

      7 – “İnformation” sözü ingilis dilində məlumat mənasına gəlir. Baş və son hecalar atıldıqda ortada format qalır. Hər məlumat, hər söhbət, hər zikr, hər müsibət, hər xəstəlik, hər namaz və hər əməliyyat formatdır, format atmaqdır. Kompüterə atılan format bəzən çox yaxşı olur, bəzən də yenidən format atmaq lazım gəlir. İnsan gündə beş formatla (namaz) düzəlir. Hər imtahan yeni bir formatdır.

      8 – 41 Yasin oxuyanlar, Orazgül Ana Məscidində (Qazaxıstan) bütün camaatın birlikdə dua etməsi, Əliabaddan (Azərbaycan) və Çimkənddən səmaya yüksələn duaların istiliyi, dostluğun, qardaşlığın və məhəbbətin ölkə sərhədlərinə sığmadığının nümunəsidir.

      9 – Xəstəxanadan evə buraxılmaq BƏRAT almaqdır. Xətəxana gecəsi riqqət, dua və sığınma yönü ilə min adi gecədən daha QƏDİRlidir. Xəstə ziyarətinə rəğbət (RƏQAİB) göstərmək lazımdır. Ziyarət edilən və hal-əhval tutulan xəstə sevincindən MERAC yaşayar. BAYRAM isə xəstəxanadan sağ-salamat çıxıb insanın sevdiklərinə qovuşmasıdır.

      Son söz: Ağrıkəsici var, amma ölümkəsici yoxdur. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz