ŞEYTAN XİSLƏTİ

ŞEYTAN XİSLƏTİ

      Bu gün cəmiyyətimizdə müəyyən mənada dindən istifadə edən elə insanlar var ki, gəlir məqsədi ilə özlərini xalqa “münəccim”, “cadugər” və falçı kimi göstərirlər. Hər sözünün əvvəli və sonu “bismilləh”lə başlayan bu insanlar Allahdan vergi almaları ilə iddialıdırlar. Var gücləri ilə çalışırlar ki, insanları nəyəsə inandırsınlar. Maraqlısı da odur ki, birbaşa insan taleyindən xəbər verirlər, bəxt bağlayırlar, bəxt açırlar. Amma bunu necə edirlər, bax bu çox maraqlıdır.

      Günlərin bir günü dostum mənə taleyindən şikayət etdi. Dediklərinə görə qonşusunda yaşayan falçı bir qadın onu “tilsimləyib". Mən ondan soruşanda ki, bəs necə oldu qonşunun sənə tilsim etdiyini bildin. O da cavabında söylədi ki, o, başqa bir falçının yanına getmişdi, bunların hamısını mənə o söylədi. Hətta məndən müəyyən miqdarda pul da istədi ki, həmin tilsimi açsın. “Tilsim” normal insana inandırıcı gəlməsə də, çox heyf ki, artıq dostum falçının sözlərinə inanmışdı. Sonradan eşitdim ki, dəyərli bir məbləğ qarşılığında dostumun “tilsimini" falçı açıb. Dostumun başına gələn bu tilsim məsələsi mənə çox maraqlı gəldi. Günlərin bir günü dedim ki, gedim dotuma baş çəkim. Mən isə yol boyu fikirləşirdim ki, onun taleyində yəqin heç bir problem yoxdur.

      Sən demə öz düşüncəmdə yanılmışam.. Yenə də o, həmişəki kimi narazı idi bəxtindən, taleyindən yox, ümumilikdə həyatından. O danışdı, mən isə ona qulaq asdım və heç nə demədim, çünki əvvəlcədən ona falçılar haqqında danışmışdım.

      Günümüzdə onlara müraciət edən kifayət qədər insan var ki, falçıların müştəriləridir. Falçılar da onlara müraciət edən insanların taleyi ilə istədiyi şəkildə oynayırlar. Keçək bu məsələnin əsas tərəfinə. Bəs, görəsən, özlərinə vergi verilməkdə iddialı olan bu falçılara İslam dini necə baxır və onları hansı kateqoriyaya daxil edir?

       Bu mövzunu araşdırmaq üçün əvvəlcə üz tutacağımız ünvan İslamın müqəddəs kitabı olan Qurani-Kərim olacaq. Qurani-Kərimdə bu haqda belə buyurulur:

      “Ey iman gətirənlər! İçki də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” (əl-Maidə 90-91)

       Digər bir ayədə isə: «De: «Pənah aparıram… (əfsun oxuyub) düyünlərə üfürən qadınların şərindən» (əl-Fələq, 4)- deyə buyurulur.

      Sözsüz ki, Allahın sevmədiyi əməllərdən sayılan falçılıq insanı xoşbəxtlikdən uzaqlaşdırır, insanı ümidsizliyə düçar edir. Yuxarıda qeyd etdiyimiz Quran ayəsi aydın şəkildə bizlərə çirkin əməllərdən çəkinməyi əmr edir. Hətta falçılığın şeytan əməlindən bir əlamət olduğunu bildirir. Sadəcə insanın öz ağlı ilə bunu dərk etmək üçün haram işlərlə məşğul olan insanların həyatına nəzər salması kifayətdir. Çünki, tarix boyu haram əməllərin xoşbəxtliklə qurtaran sonu olmamışdır.

      Hər nə qədər falçılıq cazibədar görünsə də, bu işlə məşğul olan insaların istər düz, istərsə səhv məlumatlarla insanların keçmişindən xəbər verməsi və gələcəyə aid bir sıra iddialar irəli sürməsi heç də həmin insanın müqəddəs insan olmasından xəbər vermir. Bir sözlə, bu cür “istedad”a malik olan insanın Allahın lənətlədiyi və haram buyurduğu əməldən çəkinərək tövbə etməsi lazımdır. Çünki şeytana məxsus xüsusiyyətlərdən birinin insanda olması heç də yaxşı əlamətlərdən sayılmır. Bəlkə də, gündə milyonlarla insan şeytana lənət oxuyur və bu oxunan lənətlərdən də şeytan xislətli insanlara pay düşür. Çalışmaq lazımdır ki, şeytan xislətli insanlardan uzaq olaq, Allahın lənət və qəzəbi bizi xoşbəxtlikdən ayırmasın.

      Allah Rəsulu bu haqda hədislərində belə buyurur:

       «Hər kim kahinə müraciət etsə və onun sözlərinə inansa, Mühəmmədə nazil olan vəhyi inkar etmiş olar» («Sünənü Əbu Davud», «Tibb» kitabı, 3904-cü hədis). Digər bir hədisdə isə «Kim kahinin yanına gedib ondan nə isə soruşsa, 40 gecəlik namazları qəbul olmaz» («Səhihül-Müslim», «Salam» kitabı, 5821-ci hədis).

      Yuxarıdakı hədislərdən göründüyü kimi, Həzrət Mühəmməd Peyğəmbərin (s.ə.s) falçılara münasibəti çox sərt olmuşdur. Bəşəriyyətin ən gözəl və yaradılışın ən mükəmməl insanı olan Hz. Muhəmmədin (s.ə.s) falçılara bu cür münasibət göstərməsi o deməkdir ki, ikinci bir insan heç vaxt özünü ondan üstün saya bilməz. Hər nə qədər “sehr”, “cadu”, falçılıqla qeyri-adilik göstərsə də, Allahın lənət və nifrətini qazanar. Ona görə də müsəlmana nə keçmişi, nə gələcəyi maraqlı gəlmir, müsəlmana əsas olan onun axirətidir ki, cənnət deyilən bağçada sevdikləri ilə bərabər olsun. İnsan çalışmalıdır ki, öz xeyirxah əməlləri ilə xislətini mələk xislətinə çevirsin. 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz