QURANDA BOŞANMA(MA)ĞA GEDƏN YOL
Hər şeydən əvvəl nikah, qadınla kişi arasında bağlanan elə bir əhd-peymandır ki, uca kitabımız Qurani-Kərim buna, “مِّيثَاقًا غَلِيظًا / əhdedilmiş ağır bir söz” demişdir. Nisa surəsində bu haqda deyilir: “Siz onu (mehri) necə geri ala bilərsiniz ki, (vaxtilə) bir-birinizlə yaxınlıq etmişdiniz və onlar (qadınlarınız) sizdən möhkəm əhd-peyman almışdılar.” (Nisa, 4/21)
Ayə, hər iki tərəfin hansı şərtlər daxilində bir-biri ilə sözləşdiklərini xatırladaraq onlardan ailənin ictimai məsuliyyəti qarşısında aralarındaki nikahdan doğan hüquq və vəzifələrini təkrar götür-qoy etmələrini tələb edir. Çünki nikah çox böyük məsuliyyəti olan bir sözləşmədir. Məhz bu səbəblədir ki, nikah müqaviləsinin səbəbsiz, əsassız, quru bəhanələrlə və ya müvəqqəti problemlər kimi xırdaçılıqla xitam verilməsi Qurana qeyri-müvafiqdir.
Söz yox ki, cəmiyyətdə nikaha olan ehtiyac qədər davamiyyəti mümkünsüz olan ər-arvad münasibətinin də xitamı bəzən zərurətə çevrilir. Ancaq qeyd etmək lazımdır ki, bu hal birbaşa verilən qərar, dərhal müraciət edilən yol olmamalıdır. Ən axırıncı hədd olan boşanma, bir neçə mərhələdən sonra naçar qalan ər-arvadın seçdiyi çıxılmaz vəziyyət olmalıdır.
1. Nəsihət və gözəl rəftar
Ülvi dəyərlərin təməli olaraq davamiyyəti əsas təşkil edən yeganə qurum ailədir. Onun qorunması və möhkəm əsaslara bağlanması ictimai bir zərurətdir. O halda ata-ana arasındaki münasibət bu dəyərlərin inkişafına xidmət məqsədi daşımalı və kiçik-böyük hər bir işdə onun mənafeyini güdməlidir. Necə ki, evliliyin xoş güzəranını təmin üçün Quran, əvvəlcə kişiyə ailədə qadına yaxşı rəftar etməsini, xoşagəlməz hallarda isə səbirli və təmkinli olmağı tələb edir. Naxoş gördüyü bəzi şeylərin də xeyrə aparacağını ümid edərək Allahdan nicat gözləməsini tövsiyyə edir. Bu haqda Qurani-Kərimdə deyilir:
“Onlarla gözəl (Allahın buyurduğu kimi) rəftar edin. Əgər onlara nifrət etsəniz (dözün). Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun.” (Nisa 4/19.) (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!) (Nisa, 4/34) “Əgər bir qadın öz ərinin qaba rəftarından, yaxud ondan üz çevirməsindən qorxarsa, onların öz aralarında bir növ barışıb düzəlişmələrindən (ər-arvada) heç bir günah gəlməz. Çünki barışmaq daha xeyirlidir. Ancaq nəfslərdə xəsislik (qısqanclıq) həmişə mövcuddur. Əgər siz yaxşı dolanıb (dava-dalaşdan, kobud rəftardan) çəkinsəniz (bu sizin üçün daha yaxşı olar). Şübhəsiz ki, Allah etdiyiniz hər bir işdən xəbərdardır!” (Nisa, 4/128.)
2. Ağsaqqal məsləhəti
Giley-güzar artıb xoşbəxtlik pozulduğu təqdirdə ailə içi münasibətləri tənzimləmə yolları axtarmaq lazımdır. Təhlükənin eşiyində olsa da, nə qadın, nə də kişi belə bir vəziyyətdə boşanma yoluna getməməli, iki ağıl-kamal sahibi insanın məsləhitinə müraciət etməlidirlər. Bu haqda Quranda deyilir: “(Ey möminlər!) Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir nəfər münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər onlar (bu iki vasitəçi ər-arvadı) barışdırmaq istəsələr, Allah da onların köməyi olar. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər işdən) xəbərdardır). (Nisa, 4/35)
3. Qadın iddəni ərin evində gözləməli
Cidd-cəhdlər və səylərdən bir nəticə hasil olmadığı təqdirdə işin son mərhələsi olaraq boşanmaq mümkündür. Quranda deyilir: “Əgər onlar (ər-arvad) bir-birindən ayrılacaq olsalar, Allah onların hər birini Öz geniş lütfü (kərəmi) ilə ehtiyacsız edər. Həqiqətən, Allah geniş lütf sahibi, hikmət sahibidir!” (Nisa, 4/130.)
Ancaq uca Allah ailənin dağılmaması baxımından boşanmış da olsalar qadına öz iddəsini (3 ay) ərinin evində gözləmə hüququ tanımaqla bu ərəfədə onların verdikləri ayrılıq qərarını təkrar götür-qoy etmə və peşmançılıq ehtimalında həmin xətadan dönmə imkanı vermişdir. Talaq surəsindı deyilir: “Onları – açıq-aşkar bir pis iş (zina) etməyənə qədər – (gözləmə müddəti qurtarmamış) yaşadıqları evlərdən çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hədləridir. Allah müəyyən etdiyi hədləri aşan kimsə özünə zülm etmiş olar. Nə bilirsən, ola bilsin ki, Allah bundan sonra bir iş icad etsin (ərin ürəyinə yenidən zövcəsinin məhəbbətini salsın və onlar barışsınlar).” (Talaq, 65/1.)
Bütün bunlar göstərərir ki, İslamın əhəmiyyət verdiyi müqəddəs ailə ünsürü qadınla kişinin ömür boyu davam edəcəkləri niyyət və istiqamətdə qurulmuşdur. Sadalanan hökmlər də öz növbəsində əyani bir sübutdur ki, islam ailə anlayışı müasir dövrün ən böyük problemlərindən olan dağılan ailələr üçün köklü bir həll yolu təklif edir.
ŞƏRHLƏR