Dr. ELŞAD MAHMUDOV / İNSANLARIN FALA MEYL ETMƏSİ “QƏDƏRİ” DOĞRU ANLAMAMAQDAN İRƏLİ GƏLİR!”

Dr. ELŞAD MAHMUDOV / İNSANLARIN FALA MEYL ETMƏSİ “QƏDƏRİ” DOĞRU ANLAMAMAQDAN İRƏLİ GƏLİR!”

İrfan: İslam dininin fal və cadugərlik kimi fəaliyyətlərə baxışı necədir? Zəhmət olmasa, bu haqda oxuculara qısa məlumat verin.

E. Mahmudov: İnsan yaradılış etibarilə aciz qaldığı məsələləri öyrənmək üçün hər zaman müxtəlif üsullara müraciət etmişdir. Gələcək taleyi, bəxti, baş verə biləcək hadisələri, onun qiyabında gedən prosseslər, gördüyü işlərin onun üçün nə qədər faydalı, yaxud zərərli olacağı kimi məsələlər hər zaman insanın gündəmində və maraq dairəsində olmuşdur. Bütün bu deyilənlərə cavab tapmaq istəyən və bu ehtiyacını qarşılamaq üçün müxtəlif dövrlərdə çeşidli vasitələrə əl atan insan ona və digərlərinə faydalı olacaq və ya zərər verəcək metodlardan istifadə etmişdir. Bu zərərli və insan həyatında fitnə-fəsad törədəcək metod və fəaliyyətlər arasında fal və ya falçılıqla bərabər cadugərliyi xüsusi olaraq qeyd etmək lazımdır.

 Falçılıq və cadugərliyin tarixi cəhalət və cahilliyin tarixi qədər qədimdir. Təəssüflə qeyd etmək lazımdır ki, hər dövrdə bu və bənzəri fəaliyyətlə məşğul olan, gələcəyin, şansın və ya qismətin bilinməsi məqsədilə qara magiya adı altında müxtəlif varlıqlarla əlaqəyə girdiyini iddia edərək insanlar üzərində təsir mexanizması yaratmaq istəyən qüvvələr mövcud olmuşdur.  Sehrbazlıq yolu ilə, ovucun içinə baxaraq, müxtəlif muncuqlardan istifadə edərək, zər ataraq, ox ataraq, quş uçurdaraq, kartlarla oynayaraq, ulduzlara işarət edərək, qəhvə çöküntüsü və ya fincanı ilə və ya təsadüfən açılan bir kitabın sətrinə əsaslanaraq məna çıxarmaq kimi işlərlə məşğul olan falçılar və cadugərlər min illər boyu insanları aldatmağa, öz fırırldaqlarını yaymağa, cəmiyyətdə fəsad törətməyə davam etmişlər.

İslam dini fal və cadugərlik kimi fəsadları ortadan qaldırmağa istiqamətlənmiş bir çox tədbirlər almışdır. İnsanlığa hidayət rəhbəri olaraq nazil edilən Qurani-Kərimin "əl-Maidə" surəsinin 90-cı ayəsində Allah-Təala “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”- buyuraraq fal və falçılığı murdar olan bir şeytan əməli kimi təqdim etmişdir. Yenə eyni surənin 3-cü ayəsində bir sıra haram, qadağa və günahlar arasında fal oxları ilə pay bölməyi də qeyd edən Allah-Təala beləliklə, müsəlmanların bu haramdan və fasiqlikdən birmənalı şəkildə uzaq durmağa çağırmışdır. Bir başqa tərəfdən İslam dininin qətiyyətlə qadağan buyurduğu falçılıq bir növ qeybdən xəbər vermək mənasına gəlir. Halbuki Qurani-Kərimdə mütləq mənada qeybin yalnız Allahın elmi daxilində olduğu bildirilir və ondan başqa qeybi kimsənin bilmədiyi üzərində dəfələrlə durulur. Hətta peyğəmbərlər və mələklər kimi mübarək varlıqların belə Allah-Təala bildirmədikcə qeybdən xəbər verəməyəcəkləri ayələrdə açıq şəkildə ifadə edilir. Bu ayələrdən belə nəticə çıxarmaq olar ki, yalnız Allahın bildiyi qeybdən xəbər verdiyini iddia edən falçılar və onların qeybdən xəbər verən metodları İslama görə fırıldaq, yalan, batil və haram bir əməldir. Bunların təsdiqini biz İslam Peyğəmbəri Hz. Muhəmmədin (s.ə.s) hədislərindən də öyrənirik. İslamaqədərki Cahiliyyə dövründən qalan bir adət olaraq insanların tez-tez müraciət etdikləri və özlərini “ərraf” və ya “kahin” kimi qələmə verən falçıları və bu falçılara gedib fal açdıran, onlara inanan və ya onları dəstəkləyən insanları Peyğəmbərimiz ağır bir dillə qınamış və edilən bu əməli küfr dərəcəsində dəyərləndirərək bunu edənləri kafir və inkarçı adlandırmışdır. “Kim bir kahinə gedər və onun dediklərini təsdiqləyərsə, şübhəsiz ki, Muhəmmədə nazil olanı inkar etmiş olar” (Əbu Davud, Tibb, 3904) hədisi bu işləri görənlərin Qurani-Kərimi və ya bütünlüklə İslam dinini inkar etmiş olduqlarını açıq şəkildə ortaya qoyur. “Hər kim bir ərrafa (falçıya) gedib ondan hər hansı bir şey soruşarsa bu şəxsin qırx gecəlik namazı qəbul olunmaz”- (Müslim, Salam, 125) hədisi isə bu işin haramlılığının və çirkinliyinin ortaya qoyulması baxımından çox şeyi ifadə edir.

İrfan: Falın və cadugərliyin haram olduğunu söylədiniz. Lakin, eyni zamanda, bu işlə məşğul olan insanların olduğunu da qeyd etdiniz. Elə isə, iman sahibləri belə insanların şərindən əmin olmaq üçün nə etməlidirlər?

E. Mahmudov: İlk olaraq hər bir iman sahibi öz inancını daha da gücləndirməli, bu dünyanın bir imtahan dünyası olduğunu bilməli, başa gələn hər kiçik hadisənin belə Allah-Təalanın elmi və qüdrəti daxilində olduğuna qətiyyətlə inanmalıdır. İman gətirən şəxs anlamalıdır ki, Uca Yaradıcı sonsuz güc və qüdrət sahibi, rəhman və rəhim olan Allahın izni olmadıqca ona heç bir kəs zərər verə bilməz. Allaha iman gətirən və İslama təslim olan insan hər cür şərdən, vəsvəsədən və mərdimazarlıqdan Allaha sığınmalı, ona pənah aparmalıdır. Mömin qəti şəkildə bilməlidir ki, falçılıq, sehr, cadugərlik və bənzəri fəaliyyətlərlə məşğul olan insanlar yalnız yalan söyləyib insanları yalanlarına qurban edirlər, onların psixologiyasını pozur və özlərinin mənfəətini düşünərək bundan gəlir əldə edirlər.

Nəticə olaraq bunu demək lazımdır ki, bir insan ağlını və əməlini bir işlə nə qədər məşğul edərsə, bir o qədər də o iş, o düşüncə onu öz əfsununa salar, öz tabeçiliyinə alar. Bu məqsədlə də iman sahibi özünü, sağlığını, psixologiyasını qoruması üçün Allah-Təalanın halal və haramlarına, əmr və tövsiyələrinə, onun ayələrinə diqqət etməlidir. Bu mənada Qurani-Kərimdəki "Fələq" və "Nas" surələri heç bir şərhə ehtiyac duymadan açıq bir şəkildə ən gözəl yolu möminlərə göstərir.

Möminlər Allah-Təalanın bu ayələrini daim yadda saxlamalı, onları müntəzəm zikr halına gətirməli və mümkün olduqca dəstəmazlı olmalı, vacib ibadətləri tərk etməməli, günahlardan və haramlardan uzaq olmaqla İslamın gözəl bildiyi, halal buyurduğu fəaliyyətlərlə məsğul olmalı, sevmədiyi, razı qalmadığı əməllərdən çəkinməklə şərdən, vəsvəsədən və günahlardan qorunmalıdır. Cəmiyyəti kökündən sarsıdaraq ailələrə nifaq salan, insanlararası münasibətləri pozan, dostları bir-birinə düşmən edən bu kimi fəaliyyətlərə meyl edib fala baxdırmaq, cadu etdirərək, xeyrə və şərə heç bir şəkildə mudaxilə edə bilməyən insanların yalanına və fırıldağına inanmaq İslamın qadağa və haram buyurduğu əməllər arasında yer alır.

Təəssüf ki, cəmiyyətimiz də bu kimi yanlış fəaliyyətlərdən kənarda qalmamışdır. Kartlar, qara magiya (sehr), qəhvə, hətta Qurani-Kərimlə bəxtin açılması və s. kimi fal üsulları ilə iradələrini, ağıllarını cəfəngiyyata tabe etdirən insanlar həm özləri günahkar sayılır, həm də bu işlərlə məşğul olanlara haram yolla “ruzi” qazandırmış olurlar.

İrfan: Sizcə, bu gün cəmiyyətimizdə insanlarda fala meyllilik səbəbləri nədir? Bu, insanların qədər anlayışını doğru dəyərləndirməmələri ola bilərmi?

E. Mahmudov: Bu gün insanların həyatlarındakı ən böyük problemlərdən biri onların daxilindəki dini və mənəvi boşluğun olmasıdır. Elə fala meylliliyin başlıca səbəblərindən də biri budur. Təəssüf ki, günümüzdəki insanlarda zəif iradənin mövcudluğu və mübariz ruhlu ola bilməmək kimi amillər onları falçı qapısına qədər aparır. Sosial müşahidələr onu göstərir ki, falçı və cadugər yanına insanlar aşağıdakı səbəblərə görə gedirlər: ailədə ər-arvad arasındakı münaqişə, kişinin qadına xəyanət etməsi, evlənən cütlüklərin gələcək taleyinin necəliyi, bəxtin bağlanması və ya açılması, insanın gələcək işlərinin necə olması, yuxu yozumu, insanın başına gələcək hadisələr qarşısında acizliyinin ortadan qaldırılması, fal, cadu və sehr ilə birilərinin işinə mane olmaq, bir insana pislik etmək hərisliyi, bizneslərinin gələcəyi, hətta günümüzdəki falçıların insanları müalicə edib şəfa vermə istəkləri. Bu və bənzəri səbəblərdən dolayı xalq hələ də, falçılara müraciət edib onlardan kömək umur.

Digər səbəblərdən biri də insanların qədər anlayışını doğru dəyərləndirməmələridir. Qədər Allahın keçmiş və gələcək hadisələri “tək bir an”  olaraq bilməsidir. Başqa cür ifadə etmiş olsaq, qədər- hər bir şeyin yaradıcısı olan Allah-Təalanın keçmiş, indiki və gələcək hadisələri əzəli və əbədi elmi daxilində eyni anda görə bilməsidir. İnsanın qədəri isə “löhvi-məhfuz” deyilən ilahi dəftərdə yazılmışdır. Yəni insan əsla heç bir vasitə ilə, eləcə də fal ilə qədərinə müdaxilə edə bilməz. Yalnız dua ilə işlərimizi Allaha həvalə edərək ona təvəkkül etmək, yalnız ondan kömək istəmək, yaradıcının qoyduğu qayda-qanunlar çərçivəsində hadisələri doğru dəyərləndirmək, güclü iradə, qüvvətli məntiq, sağlam ağıl, mübariz ruh və sarsılmaz inama sahib olmaq lazımdır.

İrfan: İnsanlar bu kimi əməllərdən çəkindirmək üçün ölkəmizdə kifayət qədər maarifləndirmə işləri görülürmü sizcə? Bu istiqamətdə nə kimi addımlar atılmalıdır, üzərimizə düşən vəzifələr nələrdir?

E. Mahmudov: Əvvəla, qeyd etmək istərdim ki, ölkəmizdə doğru, sağlam dini və mənəvi dəyərlərin təbliğ edilməsi işi hələ də öz əhəmiyyətini qoruyur. Falçılıq, cadugərlik və sehrbazlıq kimi cəmiyyəti sarsıdan hadisələrin arxa planında, əlbəttə ki, bu və bənzəri məsələlər haqqında sağlam məlumatın cəmiyyətə çatdırıla bilinməməsi, bu istiqamətdə doğru maarifləndirmə işinin yetəri qədər aparılmaması ilə də əlaqədardır. Təəssüfverici hallardan biridir ki, insanları bu yanlış vərdişlərdən çəkindirmək əvəzinə ölkəmizdə falçılığın təbliğinə geniş şərait yaradılmışdır. Əlbəttə, dünyəvi əsaslara dayanan idarəçilik anlayışı, din, etiqad və vicdan azadlığının təmin edilməsini bu yalnış yöndə istifadə edən şəxslər də hər zaman mövcuddur və öz mövcudluqlarına davam edəcəklər. Bunu onlar üçün kütləvi informasiya vasitələrində təşkil olunmuş şou xarakterli proqramlar da göstərir. Özlərini falçı, medyum, ekstrasens adlandıran insanların ilahiyyatçılarla eyni verilişə dəvət edilib, şou və reytinq xətrinə verlişlərdə mübahisələrin yaradılması, zənnimizcə, heç də doğru deyil. Ola bilər ki, həmin verilişlərdə onların fırıldaqçı olduğunu sübut etməyə çalışırlar. Lakin bu günə qədər olan proqramlarda bu problem həll olunmaz olaraq qalmış və həmin proqramlar dəvət olunan falçıları sadəcə reklam etməklə qalmamış, onların daha da məşhurlaşmasına səbəb olmuşdur. Hər gün ekranlardan evlərimizə yansıyan və heç bir mənası olmayan ulduz falları isə təəssüflər olsun ki, həyatımızın artıq bir parçasına çevrilərək vətəndaşlarımızı yanıltmaqda öz fəaliyyətlərinə davam edir. Qeyd etmək istərdik ki, fal və falçılıq, cadu və cadugərlik, sehr və sehrbazlıq kimi cəfəngiyyat dolu məsələlər haqqında maarifləndirmə işi və bu mövzuda olan bilgilər insanlara kiçik yaşlarından aşılanmalı, daha sonra hər kateqoriyadan insana təbliğ edilməlidir.

İrfan: Dəyərli vaxtınızı bizə ayırdığınız üçün təşəkkür edirik.

E. Mahmudov: Biz də öz növbəsində bizləri "İrfan" jurnalının dəyərli oxucuları ilə görüşdürdüyünüzə görə sizlərə dərin minnətdarlığımızı bildirir, xalqımızın milli-mənəvi sərvətlərinin qorunaraq təbliğ edilməsi işində jurnalınızın bütün əməkdaşlarına müvəffəqiyyətlər arzulayırıq.

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz