QURAN VƏ SÜNNƏYƏ MÜNASİBƏTİMİZ

QURAN VƏ SÜNNƏYƏ MÜNASİBƏTİMİZ

      Tarix səhnəsinə nəzər saldığımızda müsəlmanların, xüsusilə də, onların öndərləri olan peyğəmbərlərin bir çox işkəncə və sıxıntılara məruz qaldıqlarını görürük. Zəkəriyyə (ə.s) mişarla kəsilmiş, Hz. Musa (ə.s) Fironun əziyyətlərinə məruz qalmış, İbrahim (ə.s) atəşə atılmışdı. Əziz Peyğəmbərimizin həyatına baxdığımızda da vəziyyətin digərlərindən fərqli olmadığını görürük.

      Bu peyğəmbərlərin və onların yolundan gedən insanların bəzi çətinliklərlə qarşılaşmalarının tək səbəbi Allaha layiqli bəndə olma arzularıdır. Bunların tək məqsədləri isə, insanlara insan olduqlarını və digər canlılardan fərqli olduqlarını xatırlatmaq və onları yoxdan var edən bir Yaradıcının, Allahın olduğunu və bu Allahın bir və tək olduğunu öyrətmək və insanları bu inanca çatdırmaqdır. Həmçinin onları dünya və axirətdə hüzur və xoşbəxtliyə qovuşdurmaqdır. Bu cür ülvi məqsədi olmalarına baxmayaraq peyğəmbərlər və onların ümmətləri, haqqı anlamamaqda israr edən bəzi inadkar insanlar tərəfindən cürbəcür işgəncələrə məruz qalmışdırlar.

      Qurani-Kərimdə Uca Rəbbimiz belə buyurmaqdadır: Biz əmanəti (Allaha itaət və ibadəti, şəri hökmləri yerinə yetirməyi) göylərə, yerə və dağlara təklif etdik. Onlar ona yüklənməkdən qorxub çəkindilər. Ona insan yükləndi. Həqiqətən, insan çox zalım, çox cahildir. (İnsan bu ağır əmanəti götürməklə özünə zülm etdi və cahilliyi üzündən onun çətinliyini, ağır nəticəsini bilmədi)” (Əhzab 72).

       Peyğəmbərimiz (s.ə.s) də vida xütbəsində belə buyurmuşdur: "Ey Möminlər! Sizə iki əmanət buraxıram. Onlara möhkəm şəkildə sarıldığınız müddətcə əsla çaşmaz və sapmazsınız. Onlardan biri Allahın kitabı Qurani-Kərim, digəri isə mənim sünnəmdir” (Muvatta, Müstədrək).

      Quran və sünnə əmanət olaraq bizə buraxılıb. Biz bunu dərindən dərk etməliyik. Bununla yanaşı, bu iki əmanət müsəlman olaraq bizim özəyimiz, öz mənliyimiz və hər şeyimizdir. Biz əsrlər boyu Allah kəlməsinin ucalması üçün, bizə verilən bu müqəddəs əmanətlər üçün mücadilə edən, onların ayaqda qala bilməsi üçün malını, canını fəda və səfərbər edən bir nəslin davamçılarıyıq.

      Bu gün biz də yenə eyni şövq, həvəs və əzmkarlıqla Rəbbimizin və Əziz Peyğəmbərimizin bizə əmanət olaraq verdikləri bu ülvi dəyərlərə şüurlu şəkildə sahib çıxırıq və onları həyatımıza tətbiq etməklə birlikdə, insanlara ən doğru şəkildə təbliğ etməyin həyəcanıyla yaşamaqdayıq. Savadsızca, kortəbii şəkildə deyil, insanları qruplara ayıraraq, parçalamadan, bəzi kiçik fərqlərdən ötrü digər müsəlman qardaşlarına nifrət aşılamadan sevgiylə, sayğıyla, camaat, vəhdət olmaq arzusuyla şüurlu şəkildə İslamı təbliğ edirik. Tək məqsədimiz, Quran və sünnənin yaşamasıdır, yaşanmasıdır. Quran və sünnə əxlaqının həyatımıza hakim olmasıdır. Bu səbəblə də biz hamımız, bu müqəddəs əmanətləri qoruya bilmək, yəni əmanətə haqqıyla riayət edə bilmək üçün hər şeydən əvvəl Quranı və sünnəni çox yaxşı anlamaq məcburiyyətindəyik. Quran və sünnəni anlamaq isə, həyatımızı Allah və Rəsulunun istədiyi şəkildə yaşamaq və qurmaqla mümkündür.

      Bunun üçün də oxumaq və öyrənmək lazımdır. Sadəcə bir-iki kitab oxuyaraq kifayətlənməmək lazımdır. Özümüzü daim bilgiləndirməyə çalışmalı, bu xüsusda təşkil olunan dərslərdən istifadə etmək lazımdır kı, peyğəmbər sünnəsindən, hədislərindən və həyatından, Quran məalından, elmihal biliklərindən xəbərimiz olsun. Xəbərimiz olsun ki, yuxarıda bəhs etdiyimiz kimi, Quran və sünnəyə layiqi şəkildə sahib çıxıb, qoruyaq və həyatımıza doğru şəkildə tətbiq edə bilək.

      Bəzi dünyəvi mənfəətlər, bizə bu əmanətlərə sahib çıxmağa mane olmamalıdır. Çünki əmanətə riayət etmək, insan olmağın və xüsusilə də, müsəlman olmağın bir gərəyidir. Cənnəti qazanmaq da ancaq əmanətə riayət etməklə mümkündür.

      Əziz Peyğəmbərimiz (s.ə.s) bu xüsusda buyurur ki: “Bu altı şeyi edəcəyinizə söz verin, mən də sizin cənnətə girəcəyinizə söz verim: Namazı qılın, zəkatı verin, əmanətə riayət edin, zinadan uzaq durun, halal yemək yeyin və dilinizi (küfür, yalan, qeybət, lənət, boş sözlər kimi) pis (danışıqlardan) sözlərdən qoruyun” (Təbərani).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz