QURBANIN XATIRLATDIQLARI...
Əziz qardaşlarımız, Qurban bayramı ərəfəsində qısaca olaraq bir neçə məsələni xatırlatmaq istəyirik:
İlk növbədə bunu ifadə edək ki, şərtləri qurban kəsməyə əlverişli olan müsəlmanların müəyyən vəsflərə malik olan heyvanları kəsmələri qurban ibadəti adlanır. Qurban Yalnız zahiri, cismanı və şəkli ibadət deyil. Bütün fiqhi şərtlərinə riayət etmək son dərəcə zəruri olmaqla yanaşı qurbanın əsl məna iqlimindən də qafil olmamaq lazımdır.
Allah-Təala kəsilən cismanı qurbanların daşıdığı mənaya vurğu edərək bizdən də hər şeyimizi öz rizası yolunda qurban edə biləcəyimizə dair niyyət sahibi olmağı istəyir. Ona görə də qurban vasitəsilə təfəkürümüzü xüsusilə:
“Allah möminlərin canlarını və mallarını onlara veriləcək cənnət qarşılığında satın almışdır”. (ət-Tövbə, 111) ayəsi üzərində artırmalıyıq. Canımızla, malımızla, bütün imkanlarımızla Haqqa nə qədər ram ola bildiyimizi götür-qoy etməliyik.
Allahın lütf etdiyi nemətlərin şükrünü nə qədər ifa edə bildiyimizi düşünməliyik? Əlimizdəki imkan və nemətləri Haqqa yaxınlığımızı artırmaq üçn vasitəyə çevirə bilirikmi? Yoxsa bu nemətlər Allahla aramızda pərdə olur?
Maldan və candan fədakarlıq mənası daşıyan qurbanın əsl qayəsi Allaha təqərrübdür / yaxınlaşmaqdır. Qurban bu cəhəti ilə Allaha yaxın olmaq və Onun dostluğuna qovuşmaq üçün göstəriləcək fədakarlığın simvolik ifadəsidir…
Qurban vəsiləsi ilə onu da düşünməliyik ki, Allah-Təala bizi kəsiləcək qurbanlıq kimi də dünyaya göndərə, insanlar da bizi qurban edə bilərdilər. Bu etibarla kəsilən qurbanlara Xaliqin şəfqət və mərhəmət nəzəriylə nə qədər baxa bildiyimizi də gözdən keçirməliyik.
Mərhum Sami Əfəndi və Musa Əfəndi qurban kəsərkən həddən artıq həssaslıq göstərərdilər. Bir çuxura iki qurban kəsdirməzdilər. Heyvanı kəsiləcəyi yerə itələyərək, sürükləyərək aparmağa icazə verməzdilər. Əgər kiçikbaş heyvandırsa, qucağa alınıb şəfqət və mərhəmətlə aparılmasını istəyərdilər. Qurbanı kəsəcək bıçağın iti olmasına və heyvanın gözü qabağında itilənməməsinə diqqət edərdilər. Qurbanın gözünü bağladar, heyvana əziyyət verilməyəcək şəkildə kəsilməsini və qanın yaxşıca boşalmasını arzu edərdilər. Qurban kəsilərkən oturmaz, heyvanın qanı tamamən axana qədər dərin bir ibadət vəcdi içində, təzim və hörmət hissi ilə, ədəblə ayaqüstə gözləyərdilər. Bununla da digər ibadətlər kimi qurbanın da təfəkkür və məna cəhəti yüksək bir ibadət olduğunu, bu ibadəti böyük bir hörmət və ədəblə ifa etməyin lüzumunu bizə təlqin edərdilər.
Ayeyi-kərimədə buyurulur:
“Hər kim Allahın ayələrinə (nişanələrinə) hörmət göstərərsə, heç şübhəsiz ki, bu, qəlblərin təqvasındandır”. (əl-Həcc, 32)
Qurani-Kərim kimi, Kəbeyi-Müəəzzəmə kimi, azan kimi qurban da Allahın nişanələrindəndir. Nəticə etibarilə qurban xüsusunda göstəriləcək ədəb və həssaslıq Allaha qarşı təqva hissimizin bir göstəricisidir. Allah-Təala da qurbanın ətiə və qanına yox, bu ibadət vasitəsilə Ona ərz edəcəyimiz dua, qulluq və təqvamıza dəyər verir. Yəni qurbandan məqsəd təqva imtahanından keçə bilmək, Haqqa itaət və təslimiyyətimizi təsdiqləməkdir.
Ayeyi-kərimədə qurbanlar haqqında belə buyurulur:
“Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir).” (əl-Həcc, 37)
Həzrət Mövlana da bu həqiqətdən qafil qalmamaq üçün “Keçinin kölgəsini qurban etmə!”,- deyə xəbərdarlıq edir. Yəni qurbanın həqiqətinə çat, onu ət bayramı zənn etmə. Çünki Haqq-Təala kəsilən qurbanlar vasitəsilə bizim qulluqdakı səmimiyyətimizi sınağa çəkir. Ona məhəbbətimizi, itatət, təslimiyyət, fədakarlıq və sədaqətimizi imtahan edir.
Həzrət İbrahim u-ın əziz xatirəsi olan qurban ibadəti hər şeydən əvvəl qəlbləri Allah üçün fədakarlıq duyğusunun təfəkküründə dərinlşdirməlidir. Həqiqətən İbrahim u çox çətin imtahanlarla sınağa çəkildi. Allahın lütfü ilə bütün bu imtahanlardan keçərək Haqqa “xəlil / dost” oldu. Kasıblıqdan qorxmadan bütün malını infaq etdi, bütpərəst qövmə qarşı apardığı mücadiləsində heç bir tərəddüd göstərmədən Nəmrudun atəşinə atıldı. Beləliklə lazım gəldikdə canını da Rəbbinə təslim edə biləcəyini sübut etdi. İnsan oğlu üçün ən ağır imtahanlardan biri olan övlad xüsusunda da Haqqa itaət və təslimiyyət abidəsi oldu.
Həqiqətən nəslin davam etməsinə səbəb təşkil edən övladlar bir növ insan fitrətində gizli olan əbədilik arzusunun dünya şərtlərində tətmin vasitəsidir. Ona görə də insan oğlu övladına çox düşkündür. Övlad ata-ananın davam edən parçasıdır.
Məhz İbrahim u da oğlu İsmayıl u -ı Allah üçün qurban etməklə əmr olunaraq imtahanların ən ağırı ilə sınağa çəkildi. Özünün və oğlu İsmayılın misli görülməmiş riza və təslimiyyətinin bu dünyadakı mükafatı olaraq Allah-Təala onlara mələklər vasitəsilə qurbanlıq qoç göndərdi. Onların bu fədakarlıq xatirələri qiyamətə qədər davam edəcək bütün iman nəslinə bir ibadət olaraq hədiyyə edildi.
Bu nöqteyi-nəzərlə qurbandan əsl məqsəd lazım gəldikdə bəndənin Haqq yolunda canından belə fədakarlıq göstərəcəyinə dair Rəbbinə söz verməsidir.
Həcc ibadəti də Həzrət İbrahim u və oğlu İsmayıl u -ın Allaha sədaqət, itaət və təslimiyyətlərinin bir ibadət rüknü halına gətirilərək qiyamətə qədər bütün möminlərə müstəsna bir təlim və təlqin vəsiləsi qılınmışdır.
Həccin hər bir rüknü hikmətlərlə doludur. Məsələn, şeytan daşlamaq… Həzrət İbrahim və Həzrət İsmayılın özlərini Allahın əmrinə itaətdən yayındırmağa çalışan şeytanı daşlamalarının xatirəsi olan bu hadisə sırf həcc ibadətinə məxsus qalmamalıdır. Hər anı ilahi imtahanlarla dolu olan ömrümüzün heç bir mərhələsində şeytan daşlama xislətini itirməməliyik.
“أَعُوذُ بِاللهِ مِنَ الشَّيْطَانِ الرَّجِيمِ : Daşlanaraq qovulmuş olan şeytandan Allaha sığınıram” deməyi heç bir işimizdə yaddan çıxarmamalıyıq.
Qurani-Kərimdə İbrahim u və oğlu İsmayıl u-ın Allah üçün sərgilədikləri fədakarlıqlarından xəbər verilməsi bizim bundan lazımi dərs və hikmətləri ala bilməyimiz üçündür.
Digər tərəfdən Qurban bayramı minlərlə sevinc və kədər təcəlliləriylə dolu olan bu imtahan aləmində Rəbbimizin biz qullarına lütf etdiyi sevinc günləridir. Bu sevinc günlərinə qovuşan möminin vəzifəsi:
Özünə bəxş edilən nemətlər üçün Rəbbinə şükür edib, bu nemətlərdən məhrum qalan din qardaşlarına yardım əli uzatmaq surətiylə “əməli şükür” etməkdir. Kimsəsizlərin, yoxsulların yanında olaraq, Allahın verdiyi imkanları bölüşərək onların könüllərinə də bayram sevincini daddırmaqdır. Dünyanın dörd bir yanında zülm və vicdanlızlığa məruz qalan və iztirab çəkən milyonlarla din qardaşını könül dərgahına qəbul etməkdir.
İsmayıl Ata həzrətlərinin bu ifadələri kamil möminin könül həssaslığını necə də gözəl ifadə edir:
“Günəşli gündə kölgə, soyuqda arxalıq, aclıqda çörək ol!..”
Qurban bayramı bu cəhəti ilə də bizə ən çox infaq fəzilətini xatırladan bir bayramdır. Hansı ki, bu infaqdan iki cür istifadə etmək mümkündür:
Birincisi; kasıb, qərib və yoxsul qardaşlarımıza ziyafət verilməsi, ikincisi isə; din qardaşlığının gücləndirilməsidir.
Din qardaşlığı hər zaman bizə fərzdir. Unutmayaq ki, heç bir kölgənin olmayacağı qiyamət günündə Ərşi-Əlanın kölgəsi altında himayə olunacaq yeddi qrup insandan biri də, xüsusilə çətin zamanlarda Allah üçün bir-birini sevərək qardaş olanlardır. (bax. Buxari, Riqaq, 24)
Allah-Təala yer üzündə zülmə, çilələrə, aclıq və yoxsulluğa məruz qalan milyonlarla din qardaşımızın yaşadığı bu günlərdə hər birimizə İslam qardaşlığı imtahanlarından ağ üzlə çıxa bilməyi nəsib eyləsin…
Amin!..
ŞƏRHLƏR