HAQQ DOSTLARINDAN HİKMƏTLƏR İmam Rəbbani q.s -5-
İmam Rəbbani həzrətləri buyurur:
“Sufilərin yoluna girməkdən məqsəd (kəşf və kəramət sevdasına qapılaraq) qeyb aləminə aid bir sıra surətləri və şəkilləri müşahidə etmək və bəzi fərqli rəngləri, işıqları görmək deyil… görünən aləmdəki nurların və surətlərin nə nöqsanı var ki, bunlar ola-ola insan bəzi riyazət və mücahidələrlə məşğul olaraq qeyb aləminə aid surət və nurları görmək arzusuna düşür. Hər iki aləmdəki surət və nurlar da Allah-Təalanın yaratdıqlarıdır və Onun varlığına dəlalət edir.”[1]
[Mənəvi tərbiyə yolu olan təsəvvüfdə əsas məqsəd Haqqa qulluqda məqbul olan səviyyəyə yüksəlmək, imanın kamalına çatmaq və beləcə Allahın rizasını qazanmaqdır. Yoxsa kəşflərə, kəramətlərə nail olmaq və keyfiyyəti məchul olan aləmləri seyr etmək deyil. Çünki bunlar mənəvi yolda görsənən kölgələrdir ki, birdən itə bilərlər.
Necə ki, bu xüsusda ibrət alınacaq misal olaraq Qurani-Kərimdə Bəlam bin Bauradan söz açılır. Belə ki, bu şəxs özünə kəşf və kəramətlər bəxş edildiyi halda, dünyaya meyl edib, nəfsi ehtiraslarına məğlub olduğu üçün ilahi qəzəbə düçar olmaqdan qurtula bilməmişdi.[2]
Kəşf və kəramət kimi müstəsna hallar bəzi qullara, bəzən ilahi bir lütf, bəzən də ilahi imtahan olaraq verilən, lakin aşılması lazım olan mərhələlərdir. Bu mərhələlərdə ilişib qalmaq Haqq yolçusunu əsl məqsədindən uzaqlaşdırar.
Bu səbəblə Allah dostları fiziki kəramətlərə əhəmiyyət verməmiş, bütün səylərini əsl kəramət olan "istiqamət"i mühafizə üzərində sərf etmişlər.
Bəyazid Bistami həzrətlərinin belə dediyi nəql edilir:
“Bir gün Dəclə çayının qarşı sahilinə keçəcəkdim. Çayın hər iki sahili mənə yol vermək üçün kəramətlə birləşdi. Dərhal özümü yığışdırdım və Dəcləyə belə dedim:
“And olsun ki, mən buna aldanmaram! Çünki qayıqçılar adamı yarım axçaya qarşı tərəfə keçirirlər. (Sən isə otuz ildən bəri məhşər üçün hazırladığım saleh əməllərimi istəyirsən.) O halda yarım axça üçün, otuz illik ömrümü (özümdə bir varlıq və mənlik hiss etməmə səbəb olacaq belə bir kəramət uğrunsa) ziyan edə bilmərəm. Mənə Kərim lazımdır, kəramət yox!”[3]
Yəni insan üçün mühüm məsələ Haqq-Təalanın rizasını qazanmaq ylunda səmimiyyət və təvazökarlıqla irəliləməkdir. Bu səfərdəki aldadıcı kölgələrə bağlanmamaqdır.
Həmçinin imandan ehsana yüksəlməyi hədəfləyən təqva səfərində kəşf və kəramətlərə nail olub-olmamaq mənəvi irəliləyişin yeganə ölçüsü deyil. Necə ki, bir çox rəvayətdə[4] peyğəmbərlərdən sonra insanların ən xeyirlisi olduğu bildirilən Həzrət Əbu Bəkr t-ın da fizikî və zahiri kəramətinə dair bir o qədər də rəvayət yoxdur. Onun ən böyük kəraməti Allah Rəsuluna olan misilsiz sədaqəti, müstəsna təslimiyyət və itaətidir. Həzrət Peyğəmbərin örnək şəxsiyyətinə aid bütün xüsusiyyətlərin ona ən yüksək səviyyədə sirayət etməsidir.
Bu nöqteyi-nəzərdən mənəvi tərbiyə yolunda kəşf və kəramətlərə sahib olmadan təkamül etməyin daha xeyirli olduğu bildirilmişdir. Çünki bu kimi halları müşahidə edənlər bəşər olmaq sifətiylə təkəbbürə qapıla bilər, özlərinin təkamül etdiklərini düşünərək himmətlərini, yəni mənəvi səylərini azaltma xətasına düşə bilərlər.
Halbuki ayeyi-kərimədə:
“Və sənə yəqin (ölüm) gələnədək Rəbbinə ibadət et!” (əl-Hicr, 99) buyurularaq Haqqa qulluqda son nəfəsə qədər səy göstərməmiz əmr edilməkdədir.
Kəşf və kəramət kimi təcəlliləri yaşamadan, istiqamət üzrə səbirlə yola davam edənlər isə təkəbbür, lovğalıq və tənbəllikdən daha çox ehtiyat edərlər. Özlərini daim nöqsan gördükləri üçün Allaha qarşı heçlik və yoxluq hissi ilə mənəvi səy və əzmlərini daha da artırma arzusu içində olarlar.
Necə ki Tahal-Həriri (q.s) bu həqiqəti ifadə mahiyyətində belə buyurmuşdur:
“Kəşf sahibi salik ilə kəşfi bağlı salikin halı gözü görən ilə gözü görməyən iki adamın Hicaz səfərinə bənzəyər. Hər ikisi də yol boyunca davamlı olaraq məqsədlərinə yaxınlaşmaqdadırlar. Lakin gözü görməyənin savabı daha çoxdur. Seyri-sülükdə də kəşfi olmayan salik hər nə qədər görünməsə də davamlı tərəqqi halında olduğu üçün kəşfi açıq olandan daha karlıdır.”[5]
Əbul-Həsən Haraqani həzrətləri də müridlərinə mənəvi təkamül üçün “xidməti” tövsiyə etmiş və:
“Ən böyük kəramət yorğunluq və bezginlik hiss etmədən Allahın məxluqatına xidmət etməkdir.”[6] buyurmuşdur.]
İmam Rəbbani həzrətləri buyurur:
“Etiqad və əmələ dair iki qanada sahib olduqdan sonra Allah-Təalanın lütf və yardımıyla təqva əhli kəslərin ali dərəcəli yoluna girmək lazımdır. Bu yola girməkdən məqsəd etiqad və əməl barəsində bildirilənlərə əlavə etmək və ya onların xaricində yeni bir şeyə nail olmaq deyil. Çünki belə bir şey ayaqların sürüşməsinə aparan əsl məqsəddən uzaq istəklərdir.
Təsəvvüfə girməkdən məqsəd etiqadın şəkk və şübhə ilə sarsılmaması üçün, yəqin və əminlik qazanmaqdır…”[7]
[Təsəvvüfü həyatdan məqsəd eşq ilə yaşanan iman, qəlb və bədən ahəngi içində ifa edilən bir ibadət, heyranlıq oyandıran gözəl bir əxlaq ilə, aram tapmış bir qəlb əldə edə bilməkdir. Beləcə, Allahın razı olacağı bir qula çevrilə bilməyin səyi içində olmaqdır. Bunların xaricində qalan bütün məqsədlər qulu əsl məqsədindən uzaqlaşdıran boş arzulardır.
Digər tərəfdən təsəvvüfü tərbiyədən layiqincə nəsib almış möminlərin inanc və saleh əməllərə daha möhkəm sarıldıqları, zülm və təzyiqlər qarşısında imanlarını daha çox mühafizə edə bildikləri tarixi bir həqiqət, danılmaz gerçəkdir.
Necə ki, uzun illər bir tərəfdən ateist və kommunist rejimlərin assimilyasiyasına, bir tərəfdən qlobal mədəniyyət erroziyasına, digər tərəfdən də geniş missioner fəaliyyətlərinə məruz qalan, başda Balkanlar, Qafqaz, Orta Asiya və Afrika ölkələri olmaq üzrə bir çox İslam cəmiyyətində müsəlman şəxsiyyətini qoruya bilməyi bacaranların daha çox təsəvvüf iqlimindən feyz almış möminlər olduğu görülmüşdür. Çünki təsəvvüfün məqsədi ən şiddətli inancsızlıq və küfr fırtınaları qarşısında belə sarsılmayacaq dərəcədə qəlblərdəki imanı qüvvətləndirməkdir.]
İmam Rəbbani həzrətləri buyurur:
“Dostlarıma daim söylədiyim və ömrümün sonuna qədər də söyləyəcəyim nəsihət: Əhli-Sünnə vəl-Cəmaata aid kəlam kitablarındakı məlumatlar istiqamətində inancını düzəltdikdən və fərz, vacib, sünnə, məndub, halal, haram, məkruh və şübhəli hökmlərdən edilməsi əmr olunanları etmək, tərk edilməsi əmr olunanlardan uzaqlaşdıqdan sonra qəlbi Haqq-Təaladan başqa şeylərlə məşğul olmaqdan qurtarmaqdır…”[8]
[Haqq dostlarının ən çox üzərində dayandıqları xüsus qulluqda istiqamət üzrə sabitqədəm olmaqdır. Belə ki istiqamət ən böyük kəramət sayılır. İstiqamətin təməli isə ilk növbədə Quran və Sünnə ölçülərinə görə etiqadı, yəni inancı düzəltmək, sonra isə haram və şübhəlilərdən çəkinmək və gözəl əxlaq ilə yaşayıb saleh əməllərə davam etməkdir.
Haqq-Təalanın biz qullarından istədiyi “qəlbi-səlim”ə nail ola bilmək, yəni tərtəmiz və paklanmış bir könüllə Haqqın hüzuruna dura bilmək də yalnız zahiri və batini qulluq vəzifələrimizi ixlasla ifa etməmizə bağlıdır. Bu xüsuslarda əlimizdən gələn səyi göstərməliyik ki, qəlbimiz Allahdan başqasına meyl etməsin, Haqqın zikriylə aram tapsın və sükunətə qovuşsun…
Düşünməliyik ki, Haqq-Təala:
“And olsun ki, insanı Biz yaratdıq və nəfsinin ona nə vəsvəsə etdiyini də Biz bilirik. Biz ona şah damarından da yaxınıq!” (Qaf, 16) buyurur.
Həqiqətən insanın qəlbindən keçənlər özündən başqa bütün varlıqlar üçün sirdir, yalnız Allaha məlumdur. Məhz həyatı bu həqiqətin aydınlığında yaşaya bilmək lazımdır. Hal və davranışlarımız qədər hissiyyatımızı ve fikriyyatımızı da Haqq-Təalanın rizasıyla birləşdirib qəlbimizi Allahdan başqasıyla məşğul olmaqdan xilas etməyə çalışmalıyıq.]
İmam Rəbbani həzrətləri buyurur:
“Xeyirli bir iş gördüyüm zaman mütləq özümü qüsurlu bilib, məzəmmət edirəm. Hətta nəfsimi ittiham edib, özümü sağ tərəfimdəki mələyin yaza biləcəyi xeyirli bir əməl işləməmiş olaraq görmədən rahatlıq tapa bilmirəm. Sağ çiynimdəki dəftərin bomboş olduğuna, onu yazan mələklərin boş-boşuna gözlədiklərinə inanıram. Bu halımla Haqqın rizasını necə əldə edə bilərəm?!
Onu da bilirəm ki, bu aləmdəki hər kəs bir çox cəhətdən məndən üstündür. Hamısının ən şərlisi mənəm!”[9]
[İnsanın mənəvi səviyyəsi yüksəldikcə Allaha qarşı qorxu və təzim duyğuları da artar. Necə ki, insanlar içində Allahı tanımaq baxımından ən üst səviyyədə olan peyğəmbərlər və övliyaullah insanların ən günahkarlarından daha böyük xəcalət, acizlik və heçlik duyğuları içində Haqqa sığınmış, özlərini daim qüsurlu və naqis görərək peşmançılıq göz yaşlarıyla tövbə və istiğfar etmişlər.
Həzrət İbrahim u Allah üçün malından, canından və övladından fədakarlıq edərək bu imtahanlardan keçdi. Könlündəki fani taxtları yıxdı. Bütpərəst bir qövmə qarşı ağır tövhid mücadiləsi verdi. Göstərdiyi sevgi, sədaqət və təslimiyyətlə Xəlilullah oldu, Haqqın dostluğuna yüksəldi. Lakin İbrahim u Haqq qatındakı bu ülvi mərtəbəsinə baxmayaraq, əzəməti-ilahiyyə qarşısında hiss etdiyi heçlik, acizlik və qorxu halını sərgiləyirmiş kimi belə dua etmişdir:
“(İnsanların qəbirlərindən çıxardılıb) dirildəcəyi gün (qiyamət günü) məni zəlil (rüsvay) etmə!” (əş-Şuəra, 87)
Şübhəsiz ki, peyğəmbərlərdə, övliyaullahda və saleh möminlərdə müşahidə edilən bu qorxu və ürpəriş halı onların Haqqa yaxınlıqlarının və mərifətullahdakı yüksək səviyyələrinin bir göstəricisidir.
Zira ayeyi-kərimədə buyurulur:
“…Allahdan Öz bəndələri içərisində ancaq alimlər (layiqincə) qorxar…” (əl-Fatir, 28) Buradakı alimlikdən məqsəd Allahı tanımaqdır, Onun qüdrət və əzəmətinin ucalığını, buna müqabil öz heçliyini idrak etməkdir, yəni mərifətullahdır.
Uca Rəbbimiz belə bir qorxu duygusu içində ibadət edən saleh qullarının halınıı Qurani-Kərimində bəyan edir:
“Ürəkləri Rəbbinin hüzuruna qayıdacaqlarından qorxuya düşüb verməli olduqlarını (zəkatı, sədəqəni) verənlər, məhz onlar yaxşı işlər görməyə tələsər (bir-biri ilə yarışar) və bu işlərdə (başqalarından) öndə gedərlər.” (əl-Muminun, 60-61)
Həzrət Aişə c validəmiz buyurur:
“Bu ayeyi-kəriməlır nazil olduqda Allah Rəsulundan soruşdum:
“Ayədə zikr edilənlər zina, oğurluq və içki kimi haramları işləyənlərdir?”.
Allah Rəsulu r də:
“Xeyr, ey Siddiqin qızı! Ayədə bildirilmək istənənlər namaz qıldığı, oruc tutduğu və sədəqə verdiyi halda bu ibadətlərinin qəbul edilib-edilməyəcəyi təlaşı ilə qorxanlardır”,- buyurdu.” (Tirmizi, Təfsir, 23/3175; İbn Macə, Zöhd, 20)
Necə ki, Allahın vəli qulları, arif və saleh şəxslər könüllərini təlaşa salan bu narahatlıq səbəbiylə Allaha belə dua etmişlər:
سُبْحَانَكَ مَا عَرَفْنَاكَ حَقَّ مَعْرِفَتِكَ وَمَا عَبَدْنَاكَ حَقَّ عِبَادَتِكَ
“Allahım! Səni bütün nöqsan sifətlərdən tənzih edirəm! Səni layiqincə tanıya bilmədik, Sənə layiqincə qulluq edə bilmədik!..”
Yəni qafil qullar ən böyük günahları səbəbiylə belə kiçicik bir qorxu hissi keçirmədikləri halda arif qullar ilahi qüdrət və əzəmət təcəllilərinin özlərini sövq etdiyi xaşyətullah halı səbəbiylə, saleh əməllərinin də qəbul olunub-olunmayacağı xüsusunda böyük bir narahatlıq içində yaşayarlar.
Həmçinin Həzrət Əli t da:
“İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha çox onun qəbuluna və qorunmasına göstərin”,- buyurmuşdur.
Yəni saleh əməlləri işləməklə iş bitmiş olmaz. Onu nə qədər ixlasla həyata keçirdiyimizə də diqqət etməli, onun əcrini yox etməmək üçün riya, göstəriş, təkəbbür və lovğalıq kimi çirkin xüsusiyyətlərdən ehtiyatla çəkinməliyik.
Məhz təsəvvüfi tərbiyənin ən mühüm məqsədlərindən biri də “xovf və rəca” (qorxu və ümid) tarazlığı içində könüllərə bu həssaslığı qazandırmaqdır.
Bunun üçün Haqq dostları mənəviyyat səmasının ulduzları mövqeyində olmalarına baxmayaraq özlərini daim ən aşağıda və hamıdan geridə görərlər. Beləcə, əməllərinə və gözəl hallarına güvənmək qəflətindən qorunarlar. Əbədi qurtuluşları üçün yalnız Allahın rəhmət və bağışlamasını ümid etmə ədəbinə bürünərlər.
Necə ki, İmam Rəbbani həzrətləri də məktub yazdığı tələbələrindən son nəfəsini hüsni-xatimə ilə, yəni imanla verə bilməsi üçün dualar istəmişdir. Oğluna göndərdiyi bir məktubunda belə buyurur:
“Uşaqlara mərhəmət edin və onları Quran oxumağa təşviq edin! Üzərimizdə haqqı olan kəsləri bizim adımıza razı edin! İmanla köçə bilməyimiz üçün dua edərək bizə yardımçı olun!”[10]
[Son nəfəsi iman ilə verə bilmək xüsusundakı bu könül həssaslığı və qulluq ədəbi bütün Haqq dostlarının ortaq xüsusiyyətidir. Bu iman həssaslığını hamımızın nümunə götürməsi lazımdır. Biz də bu baxımdan:
تَوَفَّنٖى مُسْلِمًا وَاَلْحِقْنٖى بِالصَّالِحٖينَ
“…(Ey Rəbbim!) Məni müsəlman olaraq öldür və məni salehlərin arasına daxil et!” (Yusuf, 101) ayeyi-kəriməsini dualarımızdan əskik etməməliyik.
Peyğəmbərlər və onların müjdələdiyi bəndələr müstəsna, heç kimin son nəfəsini imanla verə biləcəyinə dair bir təminatı yoxdur. Bu hadisələr qeyd etdiyimiz həqiqətə nə qədər ibrətli misaldır:
Haqq dostlarından Süfyan Sevri həzrətlərinin gənc yaşda beli bükülmüşdü. Səbəbini soruşanlara belə deyərdi:
“Elm öyrəndiyim bir ustadım vardı. Vəfat edərkən ona təlqin verdiyim halda heç cür kəlmeyi-tövhidi söyləyə bilmədi. Məhz bu halı görmək mənim belimi bükdü”.
Yenə Haqq dostlarından Əbu Bəkr Vərraq həzrətləri vəfat etdikdən sonra bir nəfər onu yuxusunda görür. Həzrətin bənizi saralmış, dərdli-dərdli ağlayırdı. Belə olduğunu görüb:
“Ya şeyx! Bu nə haldır?”,- deyə soruşur.
Həzrət hüznünün səbəbini ifadə mahiyyətində bu dəhşətli cavabı verir:
“Qonşu qəbirlərə on cənazə gətirdilər, lakin aralarında bir dənə də olsun müsəlman yoxdur!..”]
Haqq-Təala hər birimizə son nəfəsdə bu dünyadan imanla köçməyi qismət etsin. Bütün ömrünü ilahi riza istiqamətində yaşayıb, son nəfəsdə əbədi vüslət sevinci yaşayan bəxtiyar qullarının zümrəsinə ilhaq eyləsin.
Amin!..
[1] İmâm-ı Rabbânî, Mektûbât, II, 174, no: 266.
[2] Bkz. el-A‘râf, 175-176.
[3] Bkz. Attâr, Tezkiretüʼl-Evliyâ, s. 217, İlim ve Kültür Yayınları, Bursa 1984.
[4] Bkz. Ali el-Müttakî, Kenzü’l-Ummâl, XI, 549/32578; İbn-i Mâce, Mukaddime, 11/106; Ahmed, I, 127, II, 26.
[5] Prof. Dr. Hasan Kâmil Yılmaz, Altın Silsile, s. 208.
[6] Nâme-i Dânişverân-ı Nâsırî, I, 297.
[7] İmâm-ı Rabbânî, Mektûbât, II, 174, no: 266.
[8] İmâm-ı Rabbânî, Mektûbât, II, 235, no: 278.
[9] İmâm-ı Rabbânî, Mektûbât, I, 118, no: 11.
[10] İmâm-ı Rabbânî, Mektûbât, III, 169, no: 2.
ŞƏRHLƏR