"FATİHƏ " SURƏSİ

"FATİHƏ " SURƏSİ

      "Fatihə" surəsi yeddi ayədir və Məkkədə nazil olmuşdur. Qurani-Kərimə bu surə ilə başlandığı üçün "əl-Fatihə" (Kitabı açan) deyə ad verilmişdir. İlk dəfə nazil olmasa da, tərtib etibarilə Quranın ilk surəsidir.

      "Fatihə" qısa və yığcam olmasına baxmayaraq, Qurani-Kərimin bütün mənalarını ehtiva edir və xülasə olaraq, onun əsas məqsədlərini özündə əks etdirir. Dinin əsaslarını və təfərrüatlarını içinə alır. Etiqad, ibadət və muaməlat, axirətə və Allahın gözəl sifətlərinə iman gətirməyi, yalnız Ona ibadət etmə, Ondan kömək diləmə və Ona dua etməyi, imanda və salehlərin yolunu tutmada sabit qılması, qəzəbə uğramışların və sapmışların yolundan çəkindirməsi üçün Ona yalvarmağı ehtiva edir. 

      Ayrıca bu surədə keçmiş qövmlərə dair xəbərlər, bəxtiyar insanların yüksələcəyi mövqeləri, bədbəxt kəslərin düşəcəyi pis vəziyyətlər haqqında məlumat vardır. Yenə bu surədə Allahın əmrinə uyma, nəhyindən çəkinməkdən bəhs edilir. Bunların xaricində, bu surədə daha çox məqsəd və hədəflər vardır. "Fatihə" surəsi digər surələrin əsli kimidir. Bundan ötəri buna "Ümmül-Kitab" (Kitabın anası) da deyilir. Çünki bu surə kitabın əsas məqsədlərini özündə toplamışdır. "Fatihə" surəsinin bir çox  adları vardır: əl-Vəfiyyə, ət-Tövhid, əl-Kafiyə, əl-Həmd, əş-Şükr, əş-Şafiyə, əş-Şəfa, əl-Kənz, əd-Dua, əl-Əsas, Səb'ül-məsani, Ümmül-Quran, Ümmül-Kitab.

      Əhməd b. Hənbəl "Müsnəd" adlı əsərində rəvayət etdiyinə görə, Übeyy b. Kab, "Fatihə" surəsini Rəsulullaha (s.ə.s.) oxumuş, bunun üzərinə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur: "Nəfsimi qüdrət əlində tutan Allaha and olsun ki, bu oxuduğunun bir bənzəri nə Tövratda, nə İncildə, nə Zəburda və nə də Furqanda (Quranda) endirilməmişdir. O, səbul-məsani (təkrarlanan yeddi ayə) və mənə verilən uca Qurandır" (Kutubu Sittə, 2/438).

      "Peyğəmbərimizin (s.ə.s.) səhabələrindən bir qrup bir bədəvi qəbiləsinə rast gəldilər. Bu qəbilə xalqı səhabələri qonaq etmədilər. O arada qəbilənin rəisini ilan sancdı. Bunun üzərinə qəbilə sakinləri səhabələrin yanına gələrək: "Sizdə bir dərman və ya müalicə edən kimsə varmı?"- deyə onlardan kömək istədilər. Səhabələr də: "Bəli, amma siz bizi qonaq belə etmədiniz. Bizə bir şey vermədikcə, sizə kömək etməyəcəyik"- dedilər. Bunun üzərinə qəbilə sakinləri səhabəyə bir miqdar qoyun hazırladılar. Sonra bizdən biri xəstə üstünə "Fatihə" surəsini oxumağa başladı. Adam sanki özünə heç bir olmamış kimi dərhal ayağa qalxdı. Oradan ayrıldıqdan sonra Peyğambərimizə (s.ə.s.)  çatana qədər buna dəyməyək dedik. Sonra  Peyğambərimizə (s.ə.s.) gəldik və hadisəni ona danışdıq. Nəbi (s.ə.s.) "Oxunana "Fatihə"nın  şəfa olduğunu haradan bilirsiniz?"- dedi, sonra da: "Yeyin və mənə də bir pay ayırın"- deyə buyurdu (Buxari, İcarə, 16; Müslim, Salam, 65).

      İbn Abbas (r.a) rəvayət edir: "Hz. Peyğəmbər (s.ə.s) yanında Cəbrayıl (ə.s) olduğu bir vaxtda yuxarıda qapı səsinə bənzər bir səs eşitdi. Başını göyə doğru qaldırdı Cəbrayıl (ə.s.) dedi: "Budur göydən bir qapı açıldı, bu günə qədər belə bir qapı əsla açılmamışdı". Oradan bir mələk endi Cəbrayıl (ə.s) təkrar: "Ərzə bir mələk endi, indiyə qədər bu mələk heç enməmişdi". Mələk salam verdi və Peyğəmbərimizə (s.ə.s) dedi: "Ya Rəsulallah! Sənə verilən iki nuru müjdələyirəm. Bunlar Səndən əvvəl başqa heç bir peyğəmbərə verilməmişdir. Onların biri "Fatihə" surəsi, digəri də "Bəqərə" surəsinin son qismidir. Onlardan oxuduğun hər hərfə müqabil sənə mütləq böyük savab veriləcəkdir" (Müslim, Müsafirin 254; Nəsai, İftihah 25).

      Allah-Təala (bir hədisi-qüdsidə) buyurdu: “Mən qiraəti qulumla öz aramda böldüm, yarısı mənə aid, yarısı da quluma aiddir. Qul:  "Əlhəmdülillahi Rabbil-aləmin (Həmd olsun aləmlərin Rəbbinə aiddir)" oxuyanda, izzət və cəlal sahibi Allah: "Qulum mənə həmd etdi!"- deyəcək. Qul:  "Ər-Rahmânirrahîm"- oxuyunca, Allah: "Qulum mənə səna etdi"- deyəcək. Qul: "Maliki yəvmiddin (Haqq-hesab (qiyamət) günün sahibinə)" deyəndə Allah: "Qulum məni böyük bildi"- deyəcək. Qul: "İyyakə nəbudu və iyyakə nəstəin (Biz yalnız Sənə ibadət edirik, və yalnız Səndən kömək diləyirik)" deyincə, Allah: "Bu mənimlə qulum arasında bir əhddir , quluma istədiyini verdim"- deyəcək. Qul: "İhdinəs-sıratal-müstəqim. Sıratalləzinə ənamtə əleyhim ğayril-mağdubi aleyhim və ləd-dallin (Bizi doğru yola yönəlt, nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olmuşların və haqdan azmışların yoluna yox)" -dediyi zaman Allah: "Bu da qulumundur, quluma istədiyi verilmişdir"- deyə buyurar" (Kutubu-Sittə, 8/2531).

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz