QURBAN
Sinəsində ürək yerinə daş gəzdirənlər necə anlasınlar qurbanı? Bir ömrü yalnız yemək, yatmaq, işləmək, istirahətlə keçirənlər, həyatın bundan başqa daha uca bir mənasını dərk etmədən yaşayanlar necə anlasınlar qurban edən İbrahimi, qurban edilən İsmayılı?
Sevməyənlər “Xəlilllah” olan İbrahimin röyasını, xülyasını, sevdasını necə xeyrə yoza bilərlər?
Ətrafınıza bir baxın: qurban olmayan birini görə bilirsinizmi? Bəziləri qara sevdasının, bəziləri ağ sevdasının qurbanıdır. Dünyaya, pula, vəzifəyə, var-dövlətə, şan-şöhrətə qurban olmaq və qurban etmək üçün növbədə duranların halına baxın.
“Mən heç bir şeyə qurban olmaram!” deyənlərə baxmayın, əslində onlar da mənliklərinə və eqolarına qurban olan zavallılardır.
Allah şirki özünə zərər verdiyi üçün deyil, insana zərər verdiyinə görə qadağan edir. Şirk əsil olaraq yaradılan insanın əşya qarşısında özünü dəyərsizləşdirməsidir. Hər şirk öz növbəsində insanın ilahi nizamdakı yerini unutması nəticəsində meydana gəlir. Kainatın bir nizamdan yoxsun olduğunu düşünmək, təsadüfi yaradıcı elan etməkdən başqa şey deyil. Quran insanın “əhsən/ən gözəl” şəkildə yaradıldığından bəs edir. Əslində bu, yaradılışdakı ilahi nizamın bir dəlilidir. İnsan varlıq sıralamasını hər dəfə bozduğunda öz başına iş açır. Saxta müqəddəslərin icad edilməsi ilə nəticələnən azğınlıqların əsasında varlıq sıralamasına hörmətsizlik vardır.
Əgər varlıq sıralaması pozularsa, o zaman insan qurban edilmiş olar. Ona görə də qurban sadəcə insanın Allah qarşısındakı həddini deyil, əşya qarşısındakı dəyərini də öyrənməsidir.
Quranda Adəm övladının əmrinə verilən ünsürlər xatırladılır: Ulduzlar, günəş, ay, okeanlar, çaylar, gecə, gündüz və heyvanlar… Bunlardan bəzilərinin qarşısında Adəm övladı özünü aciz hiss etmişdir. Bu acizlik getdikcə qorxuya, qorxu təzimə, təzim müqəddəsləşdirməyə, müqəddəsləşdirmə də sitayiş etməyə çevrilmişdir. Yaradılanlara sitayiş edən qədim qövmlərdən misal verək: Misirlilərin “günəş tanrısı”, şumerlərin “ay tanrısı”. Misirlilərin Nil çayını müqəddəsləşdirdikləri də buna misaldır. İnsanın əmrinə verilən ünsürlərdən vəhşi heyvanları təmsilən quşlar və ev heyvanlarını təmsilən də qurbanlıq heyvanlar onlara olan minnət hissi ilə başlayan mərhələnin nəticəsində müqəddəsləşdirilirdilər.
Cahiliyyət dövrünün insanları sonuncusu erkək olan beş bala verən dəvəni müqəddəsləşdirir, bunun əlaməti olaraq qulağını yarıb adını “qulağıyarıq” mənasına gələn “bahirə” qoyaraq özbaşına buraxırdılar. Nəslindən on dəvə gəlmiş erkək dəvəni müqəddəsləşdirib özbaşına buraxırdılar və adına “xam” deyirdilər. İlk doğumda əkiz doğan qoyun və keçinin əkizlərindən erkək olanını müqəddəsləşdirib buraxır və adını da “vasilə” qoyurdular. Bu heyvanlara bir işarə qoyub buraxır, onlara minmir, kəsib yemir, tükündən və südündən istifadə etmirdilər. Onlara qarşı bir minnət hissi ilə edilən bu davranışlar saxta bir müqəddəslik icadı idi. Bu saxta müqəddəslik və dindarlıq çörəyin sahibinə şükür edəcəyi yerdə çörəyə şükür edənin axmaqlığıdan başqa bir şey deyildir.
Qurban bu mənada yalnızca qulun Allaha yaxınlaşması deyil, həm öz varlığına, həm də özünü əhatə edən varlıqlara doğru şəkildə yaxınlaşmasıdır. Qurban bir mənada “Allahım, sənin varlıq üçün qoyduğun nizamı pozmayacağam” sözüdür.
Qurban Yaradanın yaratdıqlarının yerini və məqamını təyin etmə haqqını qəbul etmək və bu haqqa riayət etməkdir. Buna riayətsizliyi məxluqata zülm olaraq görməkdir.
Kəsdiyimiz heyvanlara “qurban” adını verməyimiz əslində məcazidir. Çünki heyvanlar kəsildiyi üçün Allaha yaxınlaşmırlar. Heyvanların “təqva”sından da danışmaq mümkün olmadığına görə əslində qurban hadisəsi insanın yaradılış məqsədini pozulmadığının isbatıdır. Canını verən qurbanlıq heyvan olduğu halda, bizdən Allaha təqvanın çatması nə deməkdir?
Şüurun ilahi hüzura merac etməsi, yəni Allahın hüzuruna çıxması deməkdir. Canlıların ruhu olduğu kimi saleh əməllərin də ruhu vardır. Saleh əməllərin ruhu şüurlu olaraq yerinə yetirilməsidir. Qurbanın ətləri və qanları çatmadığı halda, Allaha quldan yüksələn təqva məhz həmin şüurdur. O halda kəsilən heyvanın bədəni üzərində edilən fiqhi yorumlar bir yana, əslində qurban hadisəsində həqiqi qəhrəman kəsilən heyvan deyil, o qurbanı kəsən insandır. Çünki insan təqvası ilə Allaha yaxınlaşma qabiliyyətinə sahibdir. Buna görə də ölmək məcburiyyətində də deyil insan. Lakin Rəbbi ilə arasındakı dünyəvi əlaqələri kəsib atmaq məcbriyyətindədir. Bunu bacara bilən insan həqiqi bir qurban olacaqdır.
Bu gün daha da aydın görünür ki, ən uca sərmayəsi olan həyatlarını özlərindən aşağı dəyərlərdəki şeylər uğrunda xərcləyənlərin sayı-hesabı yoxdur. Məhz İbrahim və İsmayıl insanın adi şeylər uğrunda xərclənməməsi üçün ən uca dəyər uğrunda nəzir etmənin və qurban getmənin yolunu göstərmişdir.
ŞƏRHLƏR