İBRAHİM PEYĞƏMBƏRİN QURBANI

İBRAHİM PEYĞƏMBƏRİN QURBANI

      Hər il Zilhiccənin 10-cu günü müsəlmanlar Qurban bayramını qeyd edirlər. Müsəlmanların bir hissəsi həcc ziyarətində olanda, bir hissəsi də öz evlərində Allah yolunda Qurban kəsirlər. Beləliklə, Qurban bayramı təntənəli sürətdə qeyd olunur, dünya müsəlmanları bu bayramı sevinclə qarşılayır və hər kəs istəyir ki, qurban kəssin. Bu çox gözəl bir haldır. Həqiqətən, istər Ramazan bayramı olsun, istərsə də Qurban bayramı olsun, bu bayramlarda xüsusi bir ab-hava vardır. İstər-istəməz insanın qəlbinə bəzi anlaşılmaz hisslər dolmağa başlayır və insan bunun hikmətini çözməyə çox çalışsa da, yenə bu sirli, müəmmalı duyğunu çözə bilmir. Ancaq hər kəsin ürəyində bir fərəh, bir sevinc, üzlərdə də bir təbəssüm olur. Bu da onu göstərir ki, bayram gələndə özü ilə sevinc də gətirir. Hamı sevinir, hamı qurban kəsir, evlərində qurbanlıq əti bişirilir və s. Bu, bizim gördüyümüz tərəfdir. Ancaq bizim görmədiyimiz tərəf də mövcuddur.

      Hamı bayram etmək istəyir, ancaq hamı bayram edə bilmir. Qurban kəsmək də zəkat, həcc, fitrə sədəqəsi kimi maddi imkana bağlı bir ibadətdir. Yəni belə desək, mal ilə edilən ibadətlərdəndir. Bunun üçün də nisab miqdar mala sahib olmaq lazımdır. Bundan sonra qurban kəsmək müsəlmanın boynuna vacib olur. Əgər müəyyən edilmiş nisab miqdar mala sahib deyilsə, yəni dini cəhətdən zəngin deyilsə, qurban kəsmək üzərinə vacib deyil. Bəli, maddi imkan burada önəmlidir. Beləliklə, zəngin olmayan möminlər də qurban kəsmək həsrətilə alışıb yanırlar. Hətta, bəzi yoxsul insanlar öz övladlarına qurban ətindən bişirə də bilmirlər. Bu bayram zənginlərin, qurban kəsənlərin bayramı deyil, bütün müsəlmanların bayramıdır. İstər zəngin ol, istər yoxsul ol, istər qurban kəs, istər qurban kəsmə bunun heç bir bayrama aidiyyəti yoxdur. Əsas odur ki, bu bayramı qəlbində yaşadasan və qəlbən bu bayramın sevincini yaşayasan.

      Qurban ibadəti həqiqətən, böyük bir ibadətdir. Qurban təslimiyyətin kulminasiya nöqtəsidir. Qurban kəsmək İbrahim (ə.s) peyğəmbərin övladı ilə imtahana çəkildiyi, İsamyıl (ə.s) peyğəmbərin canından keçdiyi bir ibadətdir. Qurbanlıq, İbrahim peyğəmbərin yuxusunun, İsmail (ə.s) peyğəmbərin Allaha təslimiyyətinin ta qiyamətə qədər yaşanan simvolik bir xatirəsidir. “Əgər Allah əmr edibsə, Allahın əmrini yerinə yetir”- deyə bilən İsmayıl peyğəmbəri bir oğul, bir övlad kimi, “Allahın əmridir, lazım gəlsə, canımdan bir parça olan övladımı belə Allah yolunda qurban verərəm” deyən İbrahim peyğəmbəri bir ata kimi, bir valideyn kimi gözümüzün önünə gətirək.

      İbrahim-İsmayıl peyğəmbərlərin bu qurban kəsmə əhvalatı bizə bir hekayə kimi, keçmişdə baş vermiş bir qissə kimi gəlir. Bu gün biz bir çox insanları müşahidə edirik ki, atadır və övladının əlinə bir tikan batmasını istəməz. Uşağının adicə göz yaşına dözə bilmir. Bir ata məhəbbəti ilə övladına başına fırlanır, qollarını pərvaz edib uşağını bütün təhlükələrdən qoruyur. Bəli, olduqca təsiredici hadisədir.  Bəzən filmlərdə izləyirik: atanın gözü qarşısında oğlu ölür və ya öldürülür. Adam filmdəki bu “ata”nın ah-naləsinə belə qeyri-ixtiyari kövrəlir. Qəza nəticəsində cavan ölən oğlunun qəbri üstündə atanın çəkdiyi ah-naləsi bizi və ətrafdakı bütün insanları ağlatmışdır. Bəli, bu ata məhəbbətidir. İndi də İbrahim (ə.s) peyğəmbəri bir ata kimi təsəvvür edin. Oğlu gözü qarşısında kəsiləcək. Oğlu gözü qarşısında can verəcək. Ataların belini qıran, ürəyinə dünyanın ən ağır dağını çəkən övlad ölümünü öz gözləri ilə görəcəkdir. Bəli, olduqca çox çətin bir imtahandır. Belə imtahandan hər kəs üzüağ çıxa bilmir. Elə götürək, Nuh peyğəmbəri, o, oğlunun sularda həlak olmasına razı olmadı. Hətta Allaha belə yalvardı ki, Allah oğlunu qorusun və bağışlasın. Ata ürəyidir, dözmədi. Övlad sevgisi, övlad dərdi böyükdür.

      Həqiqətən, İbrahim peyğəmbər (ə.s) öz oğlunu kəsəcək. İndi müasir düşüncə ilə bunu heç cür qəbul edə bilmirik. Beynimizdə insanın insanı qurban verməsi müasir ağlın qəbul etmədiyi bir haldır. Lakin İbrahim peyğəmbərin dövründə isə məhz İbrahim peyğəmbər ilə İsmayıl (ə.s) peyğəmbəri imtahan etmək üçün Allah-Təalanın verdiyi bir əmr idi.

      İbrahim peyğəmbər ilə İsmayıl peyğəmbər bu sınaqdan üzüağ çıxdılar. Bəs, biz bu gün kəsdiyimiz qurbanlarda nə qədər İbrahim peyğəmbər kimi oluruq, nə qədər İsmayıl peyğəmbər kimi oluruq. Bəli, biz heç vaxt nə peyğəmbər, nə də peyğəmbər qədər ola bilərik. Amma onların əməllərinə qiymət verə bilərik. Qurbanlıq Allah qarşısında sınaqdan üzüağ çıxmaqdır. Hərçənd ki, biz övladlarımızı kəsmirik, onun yerinə heyvan kəsirik, ancaq yenə İbrahimin sünnəsi davam edir, onun sınaq mərhələsi və mükafatı davam edir. Yəni Qurban ibadətini kəsdiyimiz heyvan deyib dəyərsiz kimi görmək olmaz. Çünki qurbanlıq elə bir ibadətdir ki, onu yerinə yetirmək üçün bir peyğəmbər digərini qurban kəsməyə hazır idi. Deməli, Qurban kəsməklə Allah dərgahında bizim dəyərimiz artır.

      İndi bütün müsəlmanlar Allah yolunda qurban kəsirlər. Hər qurban kəsiləndə İbrahim və İsmayıl peyğəmbər nə qədər yad olunur? Bəli, qurban kəsmək böyük bir şərəfdir. Burada təqva əsasdır. Allah kəsilən bütün qurbanları qəbul etsin!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz