YARDIM ƏLİ

YARDIM ƏLİ

            İslam dini yardımlaşma dinidir. Dünyada heç bir din və sistem onun qədər bu məsələyə diqqət göstərməmişdir. İnsanların istər maddi, istər fiziki, istərsə də mənəvi baxımdan olsun, bir-birilərindən fərqli olması ilk baxışda ədalətsizlik  kimi görünsə də, əslində bütün bunlar insanlar arasında sosial münasibətlərin qurulmasında ən əsas səbəblərdəndir.

 Bu barədə Allah-Təala belə buyurur: “Biz dünya həyatında onların dolanışıqlarını aralarında bölüşdürdük. Bir-birilərinə iş gördürsünlər deyə, bəzilərinin dərəcələrini digərlərindən üstün etdik”. (əz-Zuxruf 32)

            Bu bir həqiqətdir ki, bu dünyada yaşayan hər kəsin kiməsə ehtiyacı vardır. Fəhlənin pul qazanması üçün varlıya ehtiyacı olduğu kimi, həmin varlının da işini gördürməsi üçün hansısa fəhləyə ehtiyacı var. Ya da xəstənin onu müalicə edəcək həkimə ehtiyacı varsa, həkim də xəstəni müalicə etməsi üçün dərmanlara, ya da əməliyyat edəcəksə, əməliyyat alətlərinə, dolayısı ilə onları düzəldən insanlara möhtacdır.

İnsanların bir-birilərinə olan bu ehtiyacı onların arasında yardımlaşmağa zəmin yaradır. Bu, ictimai həyatın təbii bir parçasıdır. Həm başqaları ilə birgə yaşamaq, həm də yardıma möhtac olmamaq mümkün deyil. Bunun üçün İslam dini bu mövzunu maddi və mənəvi həyatımızı əhatə edəcək formada hər yönü ilə ələ almış və dini-əxlaqi baxımdan vacib saymışdır. Qurani-Kərimdə belə buyurulmaqdadır: “Yaxşılıq etməkdə və Allahdan qorxmaqda bir-birinizə yardım edin. Günah işlər görməkdə və düşmənçilikdə bir-birinizə köməkçi olmayın. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir”. (əl-Maidə 2)

            Tarix boyu insan oğlunun meydana gətirdiyi hər bir sistemin və ya bu sahədə əsərlər ortaya qoymuş böyük mütəfəkkirlərin   mal-mülk haqqında da müəyyən fikirləri olmuşdur. Məsələn, kapitalist sistem  malın fərdlərə, kommunist  sistem isə dövlətə aid olduğunu iddia edir. İslamda isə malın və mülkün sahibinin yalnız Allah olduğu bildirilir. Qurani-Kərim zəngin bir insanın özününkü zənn etdiyi malında imkansızların da haqqının olduğunu bizə xəbər verir. Yəni varlı kasıba yardım edərkən qətiyyən ona minnət qoya bilməz.  Hətta bununla əlaqəli olaraq Allah-Təala xoş bir sözün yaxşılıq edib sonradan minnət qoymaqdan daha fəzilətli bir əməl olduğunu bildirir. (əl-Bəqərə 263)

Dinimiz bütün müsəlmanları qardaş elan edir; bir müsəlman özü üçün istədiyini müsəlman qardaşı üçün də istəməsə, o, əsl müsəlman ola bilməz. Buna  əlavə olaraq  İslam dini yardımlaşmağı əmr etməklə qalmamış, bunun üsulunu da bildirmişdir. Hz. Peyğəmbər: “Sağ əlin verdiyini sol əl bilməməlidir” buyurmuşdur. Yəni, sədəqə elə verilməlidir ki, alan adam onu kimin verdiyini bilməməlidir. Belə olanda yardım olunan insan utanmamış, qüruru incinməmiş olacaq. Dinimizin bu zərif düşüncəsinin nəticəsidir ki, İslam mədəniyyət tarixində sədəqə daşlarına rast gəlirik.  Sədəqə vermək istəyən kimsə axşam hava qaralanda gizlicə gələr, bu sədəqə daşına sədəqəsini qoyardı. İmkanı olmayan kimsələr də sədəqə daşına qoyulan puldan  ehtiyacı nisbətində alardı.

Yuxarıdakı izahlara görə  maddi və mənəvi imkanlarımızın əsl sahibi biz yox, Allah-Təaladır.  Bundan əlavə, İslam dini infaq olunan malın azalmayacağını, əksinə, bərəkətlənəcəyini xəbər verərək insanları daha çox yardımlaşmağa təşviq edir. Bəqərə surəsinin 261-ci ayəsində Allahın rizasına uyğun istifadə olunan malın yeddi yüz misli ilə bərəkətlənəcəyi bildirilir.  Bu da Rəbbimizin biz insanlara başqa bir lütfüdür.

Heç bir mədəniyyət İslam dini qədər insana, ümumiyyətlə, canlıya  qiymət verməmiş, onun qayğısına qalmamışdır. Heyvanların ehtiyaclarını qarşılamaq üçün belə vəqflər qurulmuşdur. Sadəcə olaraq, biz müsəlmanlar öz mədəniyyətimizdən xəbərsizik. Yoxsa cəmiyyətimizdə nə bir ac insan qalardı, nə də sahibsiz bir xəstə.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz