BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَوْفُوا بِالْعُقُودِ

Ey iman gətirənlər, əhdlərə sadiq olun!”  (əl-Maidə 5/1)

“Mömin” kəlməsi Uca Allahın varlığına və birliyinə inanan kimsə mənasına gəldiyi kimi, başqalarının etibarını və etimadını qazanmış kimsə mənasını da daşıyır. Bu nöqteyi-nəzərdən baxsaq, mömin əhdinə vəfalı, bağladığı müqaviləyə sadiq və sözü ilə özü bir olan etibarlı şəxs deməkdir. Ona görə də Uca Allah: Ey iman gətirənlər, əhdlərə sadiq olun!” – buyuraraq bunu möminlərə əmr etmişdir. Müqəddəs kitabımız Qurani-Kərimdə həm xaliqimiz olan Uca Allaha verdiyimiz sözü tutmağımızı, həm də insanlara verdiyimiz sözlərimizə sadiq qalmağımızı və bağladığımız müqavilələrə riayət etməyimizi əmr edən bir çox ayə mövcuddur. Allah-Təalanın yuxarıdakı əmri bizim bütün əhdlərimizə, verdiyimiz sözlərə və bağladığımız müqavilələrə lazımi şəkildə riayət etməyimiz, yəni əhdə vəfa göstərməyimiz  gərəkdiyinə diqqət çəkir. Əhdə vəfanın ən gözəl nümunəsini bizim üçün hər cəhətdən örnək olan Həzrət Peyğəmbərimizin (s.ə.s) həyatında görə bilərik. Belə ki, o, hələ peyğəmbər olmamışdan əvvəl də insanlar tərəfindən sözündə duran bir insan kimi tanınırdı və buna görə ona “əmin” ləqəbini vermişdilər. Peyğəmbərimiz (s.ə.s) həyatı boyunca rast gəldiyi bütün çətinliklərə baxmayaraq, müqavilə və əhdlərinə lazımi şəkildə riayət etmişdir. Hətta İslamın ən qatı düşmənləri olan Məkkəli müşriklərlə olan müqavilələrinə belə sadiq qalmış və bununla da səhabələr üçün gözəl bir nümunə təşkil etmişdir.

Peyğəmbərimiz (s.ə.s) möminin etibarlı olması haqqında belə buyurmuşdur: “Bir müsəlman dilindən və əlindən digər müsəlmanların əmin olduğu kimsədir”.(Tirmizi, İman 12) Bir səbəbi olmadığı halda sözündə durmayan kimsə, eyni zamanda cəmiyyət içində də öz etibarını itirər, dostları azalar və sosial münasibətləri pozular. Ona görə də iş və ticarət həyatında etibarlılıq mühüm bir faktor hesab edilir.

Əhdə vəfalı və etibarlı biri olmağın axirətdəki mükafatına gəldikdə, Peyğəmbərimiz bu mövzuda belə buyurmuşdur: “Doğru sözlü və etibarlı bir tacir axirətdə peyğəmbərlər, siddiqlər və şəhidlərlə bərabərdir”.(Tirmizi, Buyu 4) Əhdə vəfa etməyənin axirətdəki aqibəti ilə əlaqəli olaraq digər bir hədisində də Peyğəmbərimiz (s.ə.s) belə buyurmuşdur: “Ətrafındakı insanların, şərindən əmin olmadığı kimsə cənnətə girə bilməz!”(Müslim, İman 19) Bunun əksinə, əhdinə sadiq bir mömin Allahın sevdiyi bir bəndədir. Çünki Qurani-Kərimdə Uca Allah belə buyurur: “Xeyr! Kim öz əhdinə vəfa etsə və pis əməllərdən çəkinsə (əmanətə xəyanət etməsə), şübhəsiz ki, Allah (belə) müttəqiləri sevər”. (Ali İmran 3/76) Bunun üçün də etiqadımızın gərəyi olaraq ətrafımızdakı insanlarla olan münasibətlərdə etibarlılığımızı qorumalı və əhdlərimizə son dərəcə riayət etməliyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz