Nə israfçılıq, Nə də xəsislik - Qənaət

Nə israfçılıq, Nə də xəsislik - Qənaət

Hər bir insan missiya və vizion daşıyıcısıdır. Bir çox komponentlərdən ibarət bu konsepsiyada qənaətcillik vacib yer tutur. Yəni insan məhdud olan və tükənə bilən  resursları təkcə şəxsi həyatın təmin olunması üçün deyil,

 həmçinin başqaları naminə də qənaətcil şəkildə istifadə etməlidir. Özlüyündə  rasional istehlakçı davranışını ehtiva edən qənaətcillik maddi durumundan, əqidəsindən, dünya görüşündən asılı olmayaraq hər kəs üçün aktual olmalıdır.

 Yaşayış üçün ehtiyaclar (tələbat) ödənilməlidir, arzular reallaşdırılmalıdır. Buna görə də maddi nemətlərdən, gəlirdən və digər resurslardan qənaətlə istifadə et(mə)mək problem kimi əsrlərdir bəşəriyyətin gündəmində olmuşdur.  Təbii ki, gəlirin nə qədərini istehlaka, nə qədərini isə yığıma yönəltməyi müəyyənləşdirmək üçün balanslaşdırma qaydası şəraitdən asılı olur.

İnsanların gələcək istehlakları üçün yığım etməli olması onların (eləcə də ailə üzvlərinin) ləyaqətli yaşayışı naminə ev təsərrüfatı xərclərinin idarə olunmasının vacibliyini göstərir. Bu idarəetmə nəyə əsaslanmalıdır? Aydındır ki, ehtiyacın ödənilə biləcək qədərindən artığını yaratmaq və onun üçün xərcləmək - yəni israf, eləcə də ehtiyacların ödənilməməsi qədər qıyımsızlıq - yəni xəsislik yolverilməzdir. Çünki hər ikisi eqoizmdən irəli gəlir. İlki eqonu məmnun etmək, ikincisi isə onu səbəbsiz yerə cəzalandırmaqdır. Deməli, orta bir yol tutulmalıdır.

Bu orta yolun adı qənaətdir: ehtiyacı qarşılayıb, israfa yol vermədən, dəbdəbəyə qaçmadan gələcəyini və hətta başqalarına faydalı olmağı  düşünən insanın davranışı.  Bəs ona necə nail olmaq mümkündür:

·  Əvvəla  qənaət etmək üçün məqsəd olmalıdır: bu məqsəd sadəcə varlanmaq olmamalıdır. Belə vərdişlər heç də bir göz qırpımında yaranmır. Daha böyük, daha gözəl bir həzz gətirəcək və məmnunluq hissi bəxş edəcək başqa bir məqsədlə motivasiya olmaq lazımdır. Məsələn, imkansızlara əl tutmaq, ehtiyac sahiblərinə yardım etmək kimi... Mütəxəssislər tövsiyə edir ki, əmək haqqı alınan və ya ələ böyük bir məbləğ gələn gün heç nə almayaq. Almalı olduğumuz ən vacib şeylərin siyahısını yazaq və ondan mümkün qədər kənarlaşmayaq. Eləcə də  özümüzə peşəkar hədəf müəyyənləşdirək və mütəmadi olaraq həmin hədəfə çatmaq üçün müəyyən məbləğdə vəsait ayıraq. Aydındır ki, işimizi nə qədər effektiv icra etsək, gəlirlərimiz də bir o qədər artıq olacaq. Təbii ki, istisnalar da mümkündür.

·  Xəsislik etməməliyik: Ataların bir məsəli var - “Xəsis iki dəfə xərcə düşər”. Yəni  irəli düşmək istədiyimiz halda, geriyə getmiş ola bilərik. Əslində xəsislik etməmək bir çox hallarda elə qənaət etməkdir. Həmçinin məsləhətdir ki,  gəlirimizdən “elə-belə” xərclik pulu ayıraq və eləcə də qənaət edilmiş məbləğdən ehtiyac sahiblərinə “mükafat” da təyin edək.

·  Büdcəmizi planlaşdırmalıyıq: Bəlkə də bir neçə min il yaşı olan, lakin hələ də öz aktuallığını itirməyən “gəlirlərin və xərclərin hesabını aparmaq” vərdişi qənaət etməyə imkanlar yaradacaqdır. Pulu necə xərcləməyimiz barədə əvvəlcədən düşünməliyik. Büdcə elə idarə olunmalıdır ki, tükənmə təhlükəsi yaranmasın. Büdcəni israfla yanaşı planlaşdırılmamış xərclər də tükədir. Tövsiyə olunur ki,  belə xərclərin qarşılanması üçün aylıq gəlirin 10% nisbətində ehtiyat saxlayaq. Ümumiyyətlə, istehlak büdcəsinin həftəlik və aylıq aparılması məsləhət görülür.

·  Alış-verişi ehtiyaclar əsasında və rasional (optimal) seçimlərlə etməliyik:  Ehtiyaclarımızı dəqiq müəyyən etməmiş bazarlığa getməməliyik. Bazarlığı isə həftəlik, əsas da böyük marketdən və ya yarmarkadan etməliyik. Eləcə də pulu daha effektiv xərcləmə yollarını müəyyən etməliyik: məsələn geniş istifadə etdiyimiz məhsulların daha böyük həcmlilərini ala bilərik. Beləcə qənaətə nail olarıq və lüzumsuz məsrəflərdən qurtularıq. Bizə xırda-para görünən bu xərclər sonda iri bir məbləği ifadə edir.

·  «Qara gün üçün» pul ayırmalıyıq: Gələcəyin nələr gətirəcəyini bilmərik, lakin bəzi maddi çətinliklərdən sığortalanmaq mümkündür. Mütəxəssislər tövsiyə edir ki, bu məqsədlə aylıq gəlirin 10% nisbətində ehtiyat saxlanılsın. Beləcə, gələcəkdə  çətinliklər ilə üzləşəndə borclanmış olmarıq.

·  Xərclərimiz qazancımızdan çox olmamalıdır: Əgər qazancınız müqabilində məcburi xərcləriniz həddindən artıq çoxdursa, onları azaltmağın yollarını fikirləşin. Məsələn kommunal ödənişlər baxımından da daha effektiv davranmaq yolları həmişə mövcuddur.

·  Alternativ məhsullar axtarmalıyıq: Brendlərə qarşı münasibətimizi dəyişməliyik. Alimlər müəyyən edib ki,  bəzi hallarda istədiyin brenddən məhsul ala bilməmək ciddi psixoloji sarsıntıya səbəb olur ki, bunun da adı  “Leyblomaniya” (etiket maniyası), yəni çox reklam olunan brendlərdən asılılıqdır. Bu gün elə bir məhsul yoxdur ki, həmin brend məhsulunun daha ucuz alternativi olmasın. Təbii ki, bu alternativlərin seçimi zamanı keyfiyyət diqqət mərkəzində olmalıdır.  

Hasili-kəlam, qənaət bizə maddi və mənəvi imtiyazlar gətirən bir sərvət, həmçinin missiya və vizion məsələsidir.  Ona görə də israf etməyək, xəsis davranmayaq, qənaətcil olaq. Qənaət etdiklərimizlə özümüzə, ailəmizə, yaxınlarımıza, ehtiyac sahiblərinə və gələcək nəsillərə faydamız toxunsun, daha gözəl bir dünyada yaşayaq! 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz