HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Şeyx Sədi q.s. -7-

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR Şeyx Sədi q.s. -7-

Şeyx Sədi həzrətləri buyurur:

Ey Adəm oğlu! Bəzən nemət içində məğrur və qafil, bəzən yoxsulluq içində ümidsiz və kədərlisən... Sevincli və kədərli zamanında halın budur. Bilmirəm Rəbbinə nə zaman qulluq edəcəksən?!.”

Haqq-Təala Fəcr surəsində insan oğlunun bu zəif nöqtəsinə belə işarə edir:

İnsana gəldikdə, nə zaman Rəbbin onu imtahana çəkib ehtiram etsə, ona bir nemət versə, o: “Rəbbim mənə ehtiram göstərdi!” –deyər.

Amma nə zaman (Rəbbin) onu imtahana çəkib ruzisini əskiltsə: “Rəbbim məni alçaltdı (mənə xor baxdı)!” – söyləyər”. (əl-Fəcr 15-16)

Allahdan başqa heç kim qeybi bilməz. Bizim üçün nəyin xeyir, nəyin şər olduğunu, əlbəttə ki, Rəbbimiz bizdən daha yaxşı bilir. Beləliklə Allahın bizim üçün təqdir etdiyi bizim özümüz üçün arzuladığımızdan daha xeyirlidir. Qul Rəbbinin təqdirindən razı olmalıdır ki, Rəbbi də ondan razı olsun.

Rəsulullah  könül rahatlığına qovuşa bilmək üçün lazımi düsturu belə ifadə edir:

Həyat şərtləri sizinkindən daha aşağı olanlara baxın, sizdən yüksək olanlara baxmayın. Bu, Allahın üzərinizdəki nemətlərini xor görməməyiniz üçün daha münasibdir”. (Müslim, Zöhd 9)

“…Hər kim dini xüsusunda özündən üstün olana baxıb ona tabe olar, dünyası xüsusunda da özündən aşağı olana baxıb Allahın özünə bəxş etdiyi üstünlüyə həmd edərsə, Allah onu şakir və sabir bəndələrdən yazar…” (Tirmizi, Qiyamət 58/2512)

Qəflətə düşən bir çox insan kasıblıq, yoxsulluq, qıtlıq və məhrumiyyətin mütləq mənada şər olduğunu zənn edər. Halbuki bir çoxlarını istiqamət üzrə saxlayan bu məhrumiyyətlərdir. Lakin bunun fərqində deyillər.

Həmçinin bəziləri də zənginlik, sərvət, rahatlıq və bolluğun mütləq mənada xeyir olduğunu zənn edərlər. Halbuki hər kəsin tərəzisi varlıq imtahanını qaldıracaq qüdrətdə deyil. Varlıqda da, yoxluqda da səbir və şükür əhli olanlar azdan da azdır.

Əvvəllər əməlisaleh bir insan olduğu halda dünya nemətləri ilə imtahan edildiyi zaman azğınlaşıb yolundan çıxan Sələbənin həzin aqibəti çox ibrətli bir misaldır.

Rəsulullah  -in Sələbəyə etdiyi bu xəbərdarlıq hər birimizə böyük bir dərs mahiyyətindədir:

Şükrünü əda edə biləcəyin az mal şükrünü əda edə bilməyəcəyin çox maldan xeyirlidir…” (Təbəri, Camiul-Bəyan, XIV 370-372)

Ona görə də iman və irfan üfüqündən baxdığımızda hansı halımızda Allaha daha yaxınsaq, o halı özümüz üçün daha xeyirli görməliyik.

Həzrət Əli -ın nəql etdiyi bu hadisə sözügedən həqiqəti necə də gözəl izah edir:

“Biz Hz. Peyğəmbər  ilə birlikdə məsciddə oturmuşduq. Musab bin Ümeyr  gəldi.

Əynində kürk parçaları ilə yamanmış paltarından başqa heç nə yox idi. Allah Rəsulu Musabı gördükdə onun Məkkədə nemətlər içində üzdüyü halını gözü önünə gətirdi və göz yaşlarına hakim ola bilməyib ağladı. Sonra da (ümmətinin istiqbalından bir mənzərəni xəbər verərək) belə buyurdu:

Birinizin səhər başqa, günortadan sonra başqa bir paltar geydiyi, önünə bir boşqabın qoyulub digərinin götürüldüyü, evlərinizin Kəbənin örtüldüyü kimi örtülərə büründüyü (yəni dünya ləzzətlərinin önünüzə sərildiyi) zaman halınız necə olar?!”

Oradakılar:

- Ey Allahın Rəsulu, təbii ki, o gün halımız bugünkündən daha yaxşı olar. Çünki o zaman dolanışıq dərdimiz olmaz, özümüzü tamamən ibadətə verərik, - dedilər.

Rəsulullah :

- “Əksinə, bu gün siz o gündən daha xeyirli haldasınız”, - buyurdu”. (Tirmizi, Qiyamət 35/2476)

Nəticə etibarı ilə insan üçün nemətin az, yoxsa çox olmasının xeyirli olub-olmayacağı məchuldur. Məsələn, bəndəni Rəbbinə yaxınlaşdıran bir məhrumiyyət onu Rəbbindən uzaqlaşdıran nailiyyətdən daha xeyirlidir. Mühüm olan qəhrdə də, lütfdə də xeyir və şərin Allahdan olduğunu unutmamaqdır. Allahın bizi bəzən xeyirlə, bəzənsə şərlə imtahan etdiyini yaddan çıxarmamalıyıq.

Həzrət Ömər :

Zənginlik də, kasıblıq da bir minikdir. Hansına minəcəyimin əhəmiyyəti yoxdur”, - buyurmuşdur.

Süleyman  misilsiz bir səltənət sahibi idi. Lakin dünya nemətləri əsla qəlbini işğal etməmiş, daima nemətlərin əsl sahibi olan Allaha şükür halında yaşamışdır. Bu gözəl halı səbəbi ilə də Allah-Təalanın “nə gözəl qul”1 iltifatına məzhər olmuşdu.

Digər tərəfdən yoxluq və xəstəliklərlə imtahan edilən Əyyub  da bu imtahanı ona təqdir edənin Allah-Təala olduğu idrakı içində daima halına riza göstərmiş, əsla şikayət etməmişdir. Əyyub  da bu riza və təslimiyyəti ilə Rəbbimizin “nə gözəl qul”2 iltifatına məzhər olmuşdur.

Xülasə, arif möminlər hansı şərtlərdə imtahan edildiklərinə deyil, o imtahanlarda Allah-Təalanın rizasını nə qədər qazana bildiklərinə baxarlar. Onların dərdi hansı imkana sahib olduqları deyil, həmin imkanla Allaha nə qədər yaxınlaşa bildikləridir.

Buna görə də Yunus Əmrə həzrətləri belə deyir:

Nə varlığa sevinirəm,

Nə yoxluğa yerinirəm,

Eşqin ilə ovunuram,

Mənə Səni gərək, Səni!..

Həqiqətən, dünyalar bizim olsa, lakin Allahdan qafil qalsaq, Rəsulullahı tanımamış olsaq, İslam və iman nemətlərindən məhrum qalsaq, bunun nə qiyməti olardı?.. Çünki bu dünyadakı ömrümüz də, dünya da faniliyə məhkumdur… Fəqət imanın gətirəcəyi hüzur və səadət isə əbədidir…

Unutmayaq ki, dünyanın ən məsud insanları hər istədiklərini istənilən anda tapanlar deyil, Rəbbini hər an qəlbində tapa bilən saleh möminlərdir.

Həmçinin dünyanın ən bəxtiyar insanları əllərindəkinə qənaətlə hüzura qovuşan, həmd, riza və şükürlə zənginləşən dərya könüllü möminlərdir.

Əsas məsələ “könül zəngini” ola bilməkdir. Bu ilahi imtahan aləmində nə qədər qırıq qəlbi təsəlli edə bilsək, nə qədər məhzun və məzlumların könlünü ala bilsək, bir o qədər könül zənginiyik. Əsl zənginlik də budur.

Mövlana həzrətləri necə də gözəl buyurur:

Sən bütün var-dövlətini, sərvətini ver, bir könül al! Könül al ki, məzarda, o zülmət gecədə sənə işıq olsun!..

Allahın hüzuruna qızılla dolu minlərlə kisə aparsan, Haqq-Təala:

Bizə bir şey gətirmək istəyirsənsə, qazanılmış bir könül gətir! Çünki qızıl, gümüş Bizim üçün heç nədir. Əgər Bizi və rizamızı istəyirsənsə, bunun ancaq bir könül qazanmağa bağlı olduğunu unutma!..” buyurur.”

Xülasə, əsl sərvət könüldən yüksələn xeyir-duaların vəsilə olduğu əbədi səadət sərmayəsidir.

Şeyx Sədi həzrətləri buyurur:

İnsanın qəlbi dünyaya meyl etdiyi zaman bala düşmüş milçək kimi olar”.

Qəlbə hakim olan dünya ehtirası qulu mənən həlaka sürükləyən girdab kimidir. O girdaba düşən çırpındıqca daha da batar.

Muhyiddin Ərəbi həzrətləri bu həqiqəti belə ifadə edir:

Maddiyyata meyl edənlər üçün həyat dəniz suyu içməyə bənzəyir. İçdikcə susayarlar, susadıqca içərlər”.

İlahi imtahan gərəyi, dünya nemətlərinə bir cazibə, qula da o cazibələrə qarşı güclü təmayül verilmişdir.

Ayeyi-kərimədə buyurulur:

Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır”. (Ali-İmran 14)

Möminin vəzifəsi bu cazibə qanunu, yəni dünya cazibəsi və nəfsin düşkünlüyü arasında qulluq istiqamətini mühafizə etməkdir. Qəlbini dünya nemətlərinə əsir etməməkdir.

Bunu təmin etdikdən sonra dünya ilə məşğuliyyətin heç bir zərəri yoxdur. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

Allahın sənə verdiyindən özünə axirət qazan (malını Allah yolunda sərf et). Dünyadakı nəsibini də unutma!..” (əl-Qasas 77)

Dünyadan nəsibimizin ölçüsünü də dövrümüzün lüks və israfına baxaraq yox, Allah Rəsulu və əshabi-kiramın həyatına baxaraq müəyyənləşdirməliyik. Çünki Allah-Təala Tövbə surəsinin 100-cü ayəsində bizə mühacirləri, ənsarı və onlara tabe olan ehsan sahiblərini nümunə göstərir. Zəmanəmizdə yaşayan kütlələrin xəstəliklərindən olan hədsiz istehlak, lüks və israf isə səhabə cəmiyyətinin tanımadığı həyat tərzi idi.

Bu hadisə dünyadakı nəsibin hansı qəlbi keyfiyyətlə aranacağını necə də gözəl ifadə edir:

Muhamməd Parisa həzrətləri həccə gedərkən Bağdad şəhərində nur üzlü gənc bir zərgərlə rastlaşır. Gəncin durmadan müştərilərlə alver etdiyini, zamanını gərəksiz dünyəvi məşğuliyyətlərlə keçirdiyini düşünərək kədərlənir. Ürəyindən:

“Yazıq! Tam da gözəl ibadət və xidmət edəcək yaşda özünü dünya məşğələsinə verib”, - deyir. Bir anlıq müraqibə edərək qızıl alveri ilə məşğul olan bu gəncin qəlbinin Allahla bərabər olduğunu heyrətlə müşahidə edir. Bu səfər də:

“Maşallah! Əl karda, könül yarda!” – deyərək gənci təqdir edir.

Bu cür saleh möminlər haqqında ayeyi-kərimədə belə buyurulur:

O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günündən) qorxarlar”. (ən-Nur 37)

Deməli, qulun dünya ilə kifayət miqdarında münasibətində hər hansı qəbahət yoxdur. Hətta bu, başqalarına yük olmamaq və infaqlarla Allaha daha çox yaxınlaşa bilmək üçün son dərəcə lüzumludur. Mühüm olan bu əlaqənin ölçüsünü qaçırmamaqdır. Yəni dünyəvi məhəbbət və təlaşın qəlbi işğal etməsinə fürsət verməməkdir.

Haqq-Təala könüllərimizi iman, ixlas, təqva, mərifətullah və məhəbbətullahın təcəlligahı olması üçün yaratmışdır. Könül sarayındakı taxtın yalnız özünə ayrılmasını diləmişdir. Bu səbəblə həmin taxtı dünya məhəbbətlərinin işğal etməsi ilahi məhəbbətdən məhrum olmağın əsas səbəbidir.

Bir hədisi-şərifdə bildirildiyi kimi Allah qatında dünyanın bir ağcaqanadın qanadı qədər də dəyəri yoxdur.3 Bu səbəblə Allahı unudaraq dünya mənfəətlərinin xəzinəsinə çevrilən qəlblərə Allah-Təala qəzəb edər.

Şeyx Sədi həzrətləri buyurur:

Başqalarının əlindəkinə tamah salmaqdan çəkin, (qənaət və rizanın) səltənətini sür. Ehtirası buraxanın şərəfi yüksələr”.

Bir nəfər Rəsulullah  -in yanına gələrək:

– Ya Rəsulallah! Mənə elə bir əməl söylə ki, onu edəcəyim zaman məni Allah da, insanlar da sevsin, - dedi.

Allah Rəsulu  ona:

– “Dünyaya qarşı zahid ol, ona rəğbət göstərmə ki, Allah səni sevsin. İnsanların əlindəkinə qarşı zahid ol, onları istəmə ki, insanlar da səni sevsin”, -buyurdu. (İbn Macə, Zöhd 1)

İstiğna, yəni könül zənginliyi xamlıqdan qurtulub kamala çatan təqva əhli olan möminlərin vəsfidir. Möhtac olsa da Allahdan başqasından heç nə istəməməkdir. İstiğna halının qulu ilahi lütflərə nail etdiyini göstərən bu hadisə nə qədər ibrətlidir:

Əbu Səid məruz qaldığı aclıq səbəbindən qarnına daş bağlayan səhabələrdən idi. Anası ona:

- Qalx, Rəsuli-Əkrəmin yanına get, Ondan nə isə istə. Filankəs Rəsulullahın yanına gedib, O da imdadına yetişib. Filankəs də gedib, o da nemətə nail olub. Haydı sən də get, bəlkə, bir xeyirlə qayıdarsan, - dedi.

Əbu Səid  isə anasına:

- Bir az gözlə, axtaraq, heç nə tapmasaq, o zaman gedərəm, - dedi. Fəqət bütün arayışları boşa çıxdı. Məcbur qalıb Rəsulullahın yanına getməyə qərar verdi. Peyğəmbərimizin hüzuruna girəndə Onun xütbə oxuduğunu gördü və xütbəyə qulaq asmağa başladı. Allah Rəsulu  xütbəsində bunları söyləyirdi:

İstiğna göstərən və iffətini qoruyan insanları Allah-Təala aləmə möhtac etməz”.

Əbu Səid  bu sözü eşitdikdən sonra Peyğəmbərimizdən nə isə istəməyə cəsarət edə bilmədi və əliboş halda evinə qayıtdı.

Şəxsən özü bundan sonrakı halını belə dilə gətirir:

“Rəsuli-Əkrəm -dən heç nə istəməyib evimə qayıtdığım halda Haqq-Təala bizə ruzimizi göndərdi. İşimiz elə qaydasına düşdü ki, ənsar arasında heç kim bizdən varlı deyildi. (Əhməd, III 449)

Şeyx Sədi həzrətləri buyurur:

Acgözlü, həris birinə bütün dünyanı da versən, doymaz. Lakin qənaətkar insan quru bir çörəklə doyar”.

Mənəvi tərbiyə görməmiş xam bir nəsf nə qədər nemətə nail olsa da doymaq bilməz. Bu doyumsuzluğun ruhunda meydana gətirdiyi hüzursuzluq bir an da olsa yaxasını buraxmaz.

Halbuki iman nuru ilə könül hüzuruna qovuşmuş bir mömin kifayət miqdarındakı ruziyə həmd edər, hətta onu da paylaşmaq üçün insan axtarar.

Rəsulullah  nəfsani arzularına ram olan insanın acgözlüyünü belə tərif edir:

İnsan oğlunun bir vadi dolusu qızılı olsa, bir vadi daha istəyər. Onun gözünü torpaqdan başqa heç nə doydurmaz...” (Buxari, Riqaq 10; Müslim, Zəkat 116-119)

Həqiqətən, gözünü hərislik örtmüş bir insana bütün dünyanı versələr, fikirləşər ki, “görəsən, aydan da bir az yer ala bilərəmmi?”. Yəni dünya ehtirası təmin edildikcə daha da artar. Yanğını odunla deyil, su ilə söndürdükləri kimi nəfsin ehtirasını söndürmək üçün də ona dünyanı deyil, dünyaya vida olan ölümü və axirəti tez-tez xatırlatmaq lazımdır.

Təəssüflər olsun ki, zəmanəmizdə axirətsiz bir dünyaya iman etmiş materialist nəfslərin ehtirasları insanlığı fəlakətə sürükləyir. Afrikanın yeraltı zənginliklərini istismar etmək istəyənlər o bölgənin insanlarını bir çox məhrumiyyətə məhkum edir. Suriyada torpaq qovğası səbəbi ilə nə qədər insan canından, yurdundan edilir. Lakin yenə də zalımların ehtirası sönmür ki, sönmür. Bugünkü məzlum İslam coğrafiyasının mənzərəsi bunun acı təzahürləri ilə doludur…

Şeyx Sədi həzrətləri buyurur:

İki şey ağıla ziddir. Biri, əzəldən təqdir edilmiş ruzidən artığını yemək, digəri, əcəl gəlmədən ölmək”.

İnsanın ruzisi və ömrü əzəldən təqdir edilmişdir. Nə ehtirasla ruzi artar, nə də qorxunun əcələ faydası olar.

Ruzi təlaşı və ya daha çox qazanma ehtirası ilə ilahi hüdudları tapdalayaraq haram və kərahətlərə meyl etmək nə qədər yanlışsa, bu fani dünyada bir az da çox yaşamaq üçün istiqamətdən ayrılmaq da bir o qədər yanlışdır. Canına və malına hərisliyi səbəbi ilə Allah üçün ediləcək fədakarlıqdan qaçmaq iman zəifliyidir.

Necə ki, müsəlmanların yetmiş şəhid verdiyi Uhuddan sonra Mədinədəki münafiqlər etdikləri xəyanət və saxtakarlıqları bir mərifət kimi göstərib müsəlmanlara ağıl verməyə qalxdılar:

- Ölənlər bizim sözümüzü dinləsəydilər, indi ölməmiş olacaqdılar, - dedilər. Onların bu halına Qurani-Kərim çox sərt bir üslubla cavab verdi:

(Müharibəyə getməyib Mədinədə evlərində) oturduğu halda (müharibəyə getmiş) qardaşları haqqında: “Əgər onlar sözümüzə qulaq assaydılar, öldürülməzdilər”, - deyənlərə (Ya Rəsulum!) söylə: “Əgər doğru deyirsinizsə, onda (bacarın) ölümü özünüzdən uzaqlaşdırın!” (Ali-İmran 168)

Digər bir ayeyi-kərimədə də belə buyurulur:

Allahın izni olmayınca heç kəsə ölüm yoxdur. O, (lövhi-məhfuzda) vaxtı müəyyən edilmiş bir yazıdır…” (Ali-İmran 145)

Bir çox ibadət və xidmət yalnız səhhət və afiyət neməti ilə ifa edilə bilər. Ona görə də canı və sağlamlığı qorumaq üçün tədbir almaq zəruridir. Lakin cana və mala olan həddən artıq düşkünlük səbəbi ilə qulun Allah yolundakı xidmət və fədakarlıqlardan uzaq qalması əbədi qurtuluş üçün çox təhlükəlidir.

Bir kəlami-kibarda belə buyurulur:

Bu üç vəsfi daşıyan insan Allahdan uzaqdır:

1. Rahatlığını düşünərək xidmətdən qaçanlar.

2. Fasiqlərlə həmhal olanlar.

3. Həssas olduqlarını bəhanə gətirərək, yəni “ürəyim dözmür” deyərək matəmlərin həndəvərindən uzaq duranlar”.

Haqq-Təala şeytanın qəlblərə verdiyi “ölüm” və “kasıblaşma” qorxusunu aşaraq canını və malını Allah yolunda səxavətlə xərcləyən qulları haqqında belə buyurur:

Doğrudan da, Allah möminlərdən, Cənnət müqabilində onların canlarını və mallarını satın almışdır…” (ət-Tövbə 111)

Bu ilahi müjdəyə nail olmaq yerinə -münafiqlər kimi- Allah yolundakı çalışmalardan geri durmaq heç kimi əzəldə təqdir edilmiş ömür və ruzidən artığına nail etməz.

Səvban -ın nəql etdiyinə görə Rəsulullah  belə buyurmuşdur:

Sizə hücum etmək üçün yad qövmlərin eynilə süfrəyə çağırılan yeyicilər kimi bir-birilərini çağıracaqları zaman yaxındır”.

Məclisdəkilərdən biri soruşdu:

- Həmin gün sayımız az olduğu üçün başımıza bu iş gələcək, ya Rəsulallah?!”

Peyğəmbərimiz  belə buyurdu:

- “Xeyr, əksinə, o gün siz çox olacaqsınız. Lakin selin gətirdiyi çör-çöp kimi heç bir ağırlığı olmayan kəslər kimi olacaqsınız. Allah düşmənlərinizin qəlbindən sizə qarşı qorxu duyğusunu çıxaracaq və sizin qəlblərinizə zəiflik qoyacaq!”

- Zəiflik nədir, ey Allahın Rəsulu? – dedikdə isə:

Dünya sevgisi və ölüm qorxusu! – buyurdu”. (Əbu Davud, Məlahim 5/4297)

Deməli, qəlblər axirət yerinə dünyaya meyl etdiyi zaman möminin heybəti, vüqar və şəxsiyyəti əldən gedir, bu da özü ilə zilləti gətirir. Bu, fərd planında olduğu kimi cəmiyyət planında da belədir. Necə ki, tarixə baxdığımızda da bu həqiqəti açıq-aşkar görürük.

Əcdadımız Osmanlı ilayi-kəlimətullah mübarizəsində bayraqdarlıq etmək xidmətini canlarından əziz bilib Allah yolunda fədakarlıqla səy göstərdikləri zaman 400 çadırlıq bir boydan 24 milyon kvadratmetrlik bir cahan dövlətinə çevrildilər. Nə zaman –Lalə dövründə olduğu kimi- Sadabad əyləncələri və dünya zövqlərinə meyil edib axirət təlaşını arxa plana atdılar, Allah-Təala da o böyük nemətini geri aldı. Nəticədə nəhəng İslam aləmi bugünkü pərişan hala düşdü.

Bu acınacaqlı taleyi tərsinə çevirmək və dünyada da, axirətdə də səadətə qovuşa bilmək üçün ilk növbədə qəlblərimizi əsas həyat olan axirətə istiqamətləndirməliyik. Çünki tariximizdə olduğu kimi istiqamətimiz axirət olarsa, dünya da ardımızdan gələr. Lakin qəlblərimiz dünyaya meyil edərsə nə dünyanı, nə də axirəti qazana bilərik.

Allah-Təala İslam aləminə yenidən diriliş və özünə qayıdış ehsan eyləsin. Hər birimizə əlimizlə, dilimizlə və ürəkdən etdiyimiz dualarımızla dünyanın dörd tərəfindəki məzlum müsəlman qardaşlarımıza sahib çıxa bilməyi nəsib etsin.

Amin!..

1 Bax. əs-Sad, 30.

2 Bax. əs-Sad, 44.

3 Bkz. Tirmizî, Zühd, 13.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz