Sərhəd situasiyası
- Dayan! Tərpənmə!
Ural Politexnik Universitetində qeyri-filosoflar üçün fəlsəfədən dərs deyən İvan Serqeyeviç dördüncü mərtəbədən pilləkənləri sürətlə enərək yanından keçən, qaşlarınacan enmiş çeçenka papaqlı, qara əlcəkli, rəngli gözlük taxmış cavan oğlanı görəndə, qorxusundan sifəti əhəng rəngi aldı, killer bildiyi adamın qəfil “Dayan, tərpənmə” əmrinə üzünü çevirmədən tabe oldu, yalvarışlı titrək səslə dedi:
- Mən sizi görmədim, cavan oğlan. İnanın mənə, sizi gör-mə-dim.
“İndi məni şahid kimi öldürəcək”. Düz qabağındakı pilləkənə baxıb davam etdi:
- Üstəlik, fikrim az öncə Edmund Husserlin yanındaydı. Yəni, sifət cizgiləriniz zərrəcə belə mənim yaddaşımda heç bir iz qoymadı, bir də siz sürətlə enirdiz pilləkənləri. - Oğlandan səs çıxmadığını görüb elə bil azca ürəkləndi: - Və üstəgəl qocalıq, yaddaşsızlıq, - şəhadət barmağıyla gicgahını döyəclədi, - yəqin, başa düşürsüz məni. Nəysə, siz Husserl haqda nəsə eşitmisiz, cavan oğlan?
Arxada dayanan oğlan burnunu çəkdi.
- Eybi yoxdu, eybi yoxdu, - İvan Serqeyeviç tələsik dilləndi, - tanımasaz da olar. Baxın, otuz ilə yaxındır “Fəlsəfə” kafedrasında dərs deyirəm, amma elmi şuradakı, üzr istəyirəm, bəzi alçaqların ucbatından doktorluq işim müdafiəyə buraxılmır. Bu adamlar gic-gic bəhanələrlə, iradlarla yazdığım işə süni maneələr yaradırlar, səbəbsə çox sadədir, professor olmağımı istəmirlər. İndiyə qədər mənim onlara elə bir pisliyim dəyməyib, niyə belə edirlər, heç cürə anlaya bilmirəm, - yazıq görkəm almaq üçün çiyinlərini çəkib boynunu bükdü. - Məni ən çox yandıran bilirsiz kimdi? Nikolay Petroviç, kafedra müdirimiz. Petroviçlə on ildə cəmi iki dəfə dərs bölgüsü üstündə mübahisəmiz olub, başqa müəllimlərin yanında bir az səsimi qaldırmışam. Boynuma alıram, səhv etmişəm, - başını tərpədərək, - sonra təklikdə üzr də istəmişəm ondan. Amma indiyə qədər niyə kin saxlasın axı mənimlə? Hmm, bəlkə, ürəyindən keçirmiş ki, müəllimlərin yanında üzr istəyim ondan? Yəni, onların yanında buna kobudluq etmişəm deyə. İnsanların ürəyini oxumaq olsaydı... Bir də yəqin ki, razılaşırsız mənimlə, bütün bunların mənim elmi işimə nə dəxli ola bilər, - yenə çiyinlərini çəkib dodaqlarını büzdü. - Ayy, məni bağışlayın, cavan oğlan, mən sizə axı az öncə Husserldən danışırdım, az qala yadımdan çıxacaqdı, - əliylə alnına elə bir şapalaq vurdu ki, səsi blokda əks-səda verdi. - Əzizim, bilirsiz ki, bu böyük filosof “Ruhun fenomenologiyasında” yazır ki, həqiqət yoxdur, həqiqətlər var, - auditoriyada, tələbələrin qarşısında olduğu kimi, əlini havada yellədi. - Siz bilirsiz ki, o, ekszistensializmin parlaq nümayəndələrindən olub?... Nəysə. Hə, Husserlin həqiqət prizmasından həyata yanaşanda, görürük ki, sizin də öz həqiqətiniz var. Yəni, indiyə qədər siz həyatda nələr etmisizsə, bunun belə deyək, bir həqiqət modusu var. Modus, axı niyə mən yenə terminlərdən... Nəysə, hə, tamam yadımdan çıxmışdı, bu yəhudi alimi, üzr istəyirəm, yəhudi mənşəli alman alimi idrak prosesində hər şeydən öncə nəsnənin aydınlığını, aşkar olmasını əsas sayırdı, bunu hətta “prinsiplərin prinsipi” adlandırırdı. Alman dilində həmin termin objektivitet kimi səslənir, Husserlin istifadə etdiyi bu termin mənaca elə bizim obyektivlik sözüylə demək olar ki, eynidir.
İvan Serqeyeviç qəfil arxasındakı adamın sürətlə aşağı düşməyini hiss etdi, instinktiv tez pilləkənlərin üzərinə uzanıb, iki əliylə başının arxasından tutdu. “İndi atacaq gülləni. Allah, əgər varsansa, məni bağışla. Axı sən bağışlayansan,” - ömrü boyu özünü aqnostik sayan, bunu universitetdəki müəllimlərdən, tələbələrindən gizlətməyən müəllim Allaha yalvardı.
- İvan Serqeyiç! - birinci mərtəbədən səs gəldi. - Maraqlı mühazirə üçün təşəkkür! Mən idim sizin o cuhud haqqında mühazirənizə qulaq asan, Vadim Kozlov. Siz dərs deyən universitetdə üç il əvvəl məzun olmuşam. Məni iki dəfə imtahandan kəsdiz, dərslərinizə gəlmirdim. İndi isə qulaq asdım mühazirənizə, maraqlıydı. Mən killer deyiləm! Hələlik! - Vadimin qəhqəhəli gülüşü eşidildi, blokdan qəfil çıxıb qaçmağa başladı.
Ayağa durub üst-başının tozunu çırpa-çırpa, deyinə-deyinə aşağı enməyə başladı, üçüncü mərtəbədə blokun açıq pəncərəsinə yaxınlaşıb qışqırdı:
- Vadiiim!!! Kozlooov!!! Axı mənim mühazirəmə sona qədər qulaq asmadın!!! Geri qayıt!! - Birdən səsini alçaldaraq, - Kazyol, mənə yaşatdığın bu sərhəd situasiyasına görə səni bağışlayıram. Husserl necə deyirdi? Həqiqətin nisbiliyi bərabərdi dünyanın mövcudluğunun nisbiliyinə, - sol tərəfdə ağrı hiss edib, sifətini turşuda-turşuda sinəsini ovuşdurdu. - Yoxx, birinci Husserl, sonra valakardin. Niyə yadımdan çıxdı axı o aforizm? - hirslə alnını ovuşdurdu.
Evinə çatıb, Husserlin “Kartezian düşüncələri” əsərindəki aforizmi tapmaqçün pilləkənlərlə tez-tez yuxarı çıxmağa başladı.
ŞƏRHLƏR