BEYNƏLXALQ NƏQŞİBƏNDİLİK SİMPOZİUMU

BEYNƏLXALQ NƏQŞİBƏNDİLİK SİMPOZİUMU

Dekabr ayının 2-4 tarixləri arasında İstanbul şəhərində Beynəlxalq “Bəhaəddin Nəqşibəndi və Nəqşibəndilik” simpoziumu keçirildi. Sözügedən simpozium Əziz Mahmud Hüdayi vəqfi və İstanbul Təsəvvüf Araşdırmaları mərkəzi tərəfindən tərtib edilmişdi. Dünyanın müxtəlif ölkələrindən (Yeni Zellandiya, Hindistan, Pakistan, Suriya, Balkan ölkələri və Orta Asiya ölkələri) gələn tətqiqatçıların da iştirakı ilə 40-a yaxın elmi təbliğ təqdim edildi.

 Tədqiqatçıların ümumi məqsədi tarix boyu İslam dininin ənənəvi şəkildə yaşanmasını və təbliğ edilməsini özünə şüar edən irfan məktəbinin mahiyyətini və ələlxüsus Nəqşibəndilik təriqəti ilə əlaqəli elmi məlumatları dünyaya yenidən çatdırmaqdan ibarət idi. Tarix boyunca dinin mühafizə edilməsi ilə yanaşı vətənlərinin də yad, bədbin qüvvələrdən mühafizə edilməsində irfan əhlinin danılmaz rolu olduğu simpoziumda ifadə edilən və diqqət çəkən həqiqətlərdən biri idi.  

Quran və Sünnəyə əsaslanan bütün irfan məktəbləri kimi Nəqşibəndilik yolunda da Quran və Sünnə yolu vazkeçilməz əsasdır. Sözügedən irfan məktəbinin adı on dördüncü əsrdə Orta Asiyada yaşamış Xacə Bəhaəddin Nəqşibənd həzrətlərinə nisbət edilmiş və Nəqşibəndilik olaraq məşhurlaşmışdır. Kökü Hz.Peyğəmbərə (s.ə.s) söykənən Nəqşibəndilik yolu Xacə Nəqşibəndidən sonra Anadolu, Balkan, Hindistan və Qafqaz ölkələrində yayılmış, əhali tərəfindən mənimsənmişdir. Yeri gəlmişkən onu da ifadə edək ki, Çar Rusiyasına qarşı aparılan mübarizəyə rəhbərlik edən məşhur Qafqaz qəhrəmanı Şeyx Şamil də Nəqşibəndi məktəbinin yetirməsi idi.

Xacə Bəhaəddin Nəqşibəndi həzrətləri Əhməd Yəsəvi, Mövlanə Cəlaləddin Rumi, Seyyid Yəhya Şirvani kimi bir könül əri idi. “Əl karda, könül yarda” – yəni dünya üçün çalış, ancaq Allahı da unutma şüarını əsas alan bu görkəmli şəxsiyyət irfan təhsili görərkən yeddi il Buxara şəhərinin yollarını təmizləmiş, küçə heyvanlarının ehtiyaclarını görmüş və mədrəsələrin təmizliyi ilə məşğul olmuşdur. Beləliklə, cəmiyyətə xidmət etmə əsası üzərinə qurulmuş aktiv bir irfan anlayışını təsis etmişdir.

    Tarix boyu cəmiyyət və insanlara faydalı olmaq üçün çalışan Nəqşibəndilik yolunda “xəlvət dər əncümən” – yəni xəlvətə çəkilib cəmiyyətdən uzaq yaşamaq deyil, əksinə, cəmiyyət içində Allahla bərabər olmaq şüuru əsas götürülmüşdür.

Allah və Rəsulunun sevgisini könüllərə yerləşdirmək üçün çalışan Nəqşibəndilik məktəbində dünyəvi və dini elmlər birlikdə tədris edilmiş və hər ikisindən də yüksək səviyyədə istifadə edilmişdir. Ənənəvi İslamın yayılması və bidətlərlə mücadilə etmək üçün İslami elmlər bu məktəbdə yüksək səviyyədə tədris edilirdi.

On doqquzuncu əsrin sonu, iyirminci əsrin əvəllərində İslam ölkələri xarici dövlətlər tərəfindən işğal edilməyə başlayanda Nəqşibəndi mənsubları vətən və millətlərini qorumaq üçün ön cəbhədə yerlərini almış və vətən müdafiəsində önəmli xidmətlər sərgiləmişdi. Bu gün də daha çox qadın, uşaq və yaşlıların günahsız şəkildə öldürüldüyü və məzhəb ayrı-seçkiliyinə sürüklənmək istənən islam dünyasına qarşı aparılan amansız müharibədə müsəlmanlar arasında birlik şüurunun yenidən təsis edilməsi üçün irfan anlayışının bərpa edilməsinə ehtiyac var. Nəqşibəndi ruhunda yetişən vətənpərvər şəxsiyyətlərin həm vətənlərini, həm də islam dünyasını düşmənlərə qarşı müdafiə etməkdə yenə də ön cərgələrdə yer alacağından heç şübhəmiz yoxdur. Odur ki, belə bir dövrdə tariximizdəki ulduz şəxsiyyətlər və onların irfan anlayışları yenidən kəşf edilməli, gənc nəsillərə tanıdılmalı və günümüzü işıqlandırmaq üçün yuxarıda adı qeyd edilən şəkildə simpoziumlar təşkil edilməlidir. Bu mənada Azərbaycan tarixi irfan əhli şəxsiyyətlərə əsrlər boyu şahidlik etmişdir, hələ də edir. Ümidvarıq ki, bu şəxsiyyətlər də gənc nəsillərimizə lazımi şəkildə tanıdılacaqdır.

Xacə Nəqşibənd həzrətlərindən bir neçə hikmətli cümlə mövzumuzu xülasə etməyə kifayət etməsə də, yerinə düşər:

“Dərviş olan kimsə çətinliklərə qarşı səbr göstərməkdə davul  (nağara) kimi olmalıdır. Ona nə qədər toxmaqla vursalar da, ondan heç bir etiraz səsi yüksəlməməlidir”.

“Əgər biz dostların qüsurlarını görsəydik, dostsuz qalardıq”.

“Zikr təlqin etmək bir nəfərin əlinə çaxmaq vermək kimidir. Bundan sonra yaxşı nəticə əldə etmək üçün əməl etmək müridin əlindədir”.

“Zikrin məqsədi Allah və Lə-iləhə-illəllah demək deyil. Səbəbdən müsəbbibə (Allaha) getmək və nemətin müsəbbibdən gəldiyini dərk etməkdir”.

“Bizim kəramətimiz açıq-aydındır. Çünki bu qədər günahkar olmağımıza baxmayaraq, hələ də yer üzündə gəzirik”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz