HEKAYƏMƏ TOXUNMA!
Uşaqlıq və gənclik illərində müəllimlərimizdən, böyüklərimizdən eşidərdik: “Kəbənin üzərində olan nurdan enerji dalğası səbəbi ilə (Kəbəyə hörmətlə) quşlar onun üzərindən uça bilməz, sağından-solundan keçərlər. Allahın evi olan Kəbə quşların nəcisi ilə kirlənməz”.
Biz bu sözlərlə böyüdük.
Uşaqlarla oyun oynayarkən bir-birimizdən soruşardıq: “Quş olsaydın hara uçmaq istəyərdin?” Kəbənin sirrindən olar yəqin, ilk əvvəl “Məkkə” deyə cavab verərdik. “Niyə Məkkə, nə var Məkkədə, Kəbədə?” deyə soruşsaydılar, aramızdan heç bir qoçaq (!) cavab verə bilməzdi, yəqin ki. Təqlidi olanda belə, iman, məhəbbət və inam gözəldir.
İstanbuldakı Şəmsi Paşa məscidinin hekayəsi çox maraqlıdır. Uzun iddialaşmalardan sonra məscid Üsküdarda, hazırkı yerində tikilib. İddiaya əsasən elə bir məscid tikilməli idi ki, üzərini quşlar batırmasın. Çox ölçüb-biçəndən sonra Şəmsi Paşa məscidinin olduğu yerdə dənizdən və qurudan əsən küləyin toqquşması nəticəsində quşların olmadığı təsbit edilərək məscid tikilib.
Bu yaxınlarda Kəbənin örtüyünü batırmış quşların şəkillərini gördüm. İllər əvvəl formalaşan inancım uçan şarın əldən sürüşüb çıxması kimi bir anda zehnimdən uzaqlaşıb getdi. Uşaqlıq və gənclik illərində çox da sorğulamadan inanmışdım. Bəlkə də, müəllimlik etdiyim siniflərdə də mənə anladılan bu səhv məlumatı vaxtilə dilə gətirmişəm. İndiki ağlım olsaydı “sel, yanğın, mancanaq və zəlzələlər nəticəsində dəfələrlə aşıb yenidən inşa edilən Kəbənin üzərindən quşların uçmaması ona nə kimi bir şərəf qazandırar?” deyə soruşardım. Quşların Kəbə üzərindən uçmaması yaxşı şeydirmi? Suyun həyat olması kimi, quşların olduğu yer də həyatın olduğu yer deyilmi?! Şirk Allahın əfv etmədiyi günahlardan biridir. Cahiliyyə dövründə Kəbənin içərisində 360 büt var idi. Şirk pisliyi Kəbənin içinə qədər giribsə, üstünü göyərçin zilinin batırması çoxdurmu?! Bir kimsə şirk ilə kirlənsə, bir də göyərçin nəcisi ilə kirlənsə, bu iki kirdən hansı biri axirətinə təsir edər? Həm də nə vaxtdan palçığa düşən qızıl, gümüş və ya inci dəyərini itirməyə başladı?
Kəbənin üzərindən quş uçmadığını, dolayısı ilə quş zilinin Kəbənin üzərinə düşmədiyini kim demiş ola bilər?! Bəlkə, illər əvvəl uzaq diyarlardan gələn bir hacı uzun müddət Kəbəni seyr etmiş və o gün də Kəbənin üzərindən heç bir quş uçmayanda öz-özünə “quşlar Kəbənin üzərindən keçmir, Kəbənin üstünü batırmır” qənaətinə gələrək bu müşahidəsini digər insanlarla bölüşmüş ola bilər. Bu müşahidə üstdən aşağı yuvarlanan qartopunun getdikcə böyüməsi kimi zəmanəmizə qədər yayıla-yayıla gəlmişdir. Pomidorun, balığın, pətəyin üzərindəki “Allah” yazısı və ya Kəbənin üzərində quşların uçmaması kimi xəbərlər imanımızda və mədəni təfəkkürümüzdə dəyişikliklərə səbəb olmamalıdır. Yaradılan hər şeyin üzərində “Allah” yazıldığını biz onsuz da iman gözü ilə görürük. Quşla gələn iman, quşla da gedər. Qarpız, yumurta və baldakı yazı ilə artan iman da pomidor və mürəbbə ilə gedər. Genetik mühəndislik inkişaf edib. Hər düyü dənəsinin üzərinə, bir almanın içərisinə xristianlığı mədh edən simvollar və sözlər yazılsa, biz İslamdan vaz keçəcəyikmi?! Xalq arasında həcdə şeytan daşlamasında atılan daşların göyə çəkildiyinə dair bir inanc da var. Daşlar göyə çəkilsə də, çəkilməsə də diqqət mərkəzimizdə daşlar olmalıdır, yoxsa şeytanın hiylələri? Kəbənin üzərini bir quş batırsa, onun müqəddəsliyini ləkələmiş olarmı?! Kəbənin üzərindən quşların uçub-uçmadığını araşdırmaq yerinə iki səhifə Quran oxumaq, bir mömin qardaşımıza təbəssüm etmək daha xeyirli olmazmı?! Üzərinə quş zili düşən biletin şans gətirəcəyinə inanaraq lotoreya bileti almaqla “quş batırmır, demək ki, bunda bir müqəddəslik var” deyə inanmaq ifrat və təfritin iki zirvə nöqtəsidir. Damdakı bayquşdan ölüm, qara pişikdən bəxt mənası çıxartmaq ilə Kəbənin üzərini quşlar batırmır, elə isə Kəbə müqəddəsdir deyə düşünmək arasında məntiq xətası və əsassızlıq baxımından heç bir fərq yoxdur.
Hekayələr, əfsanələr və nağıllar xəstəyə sistem taxmaq kimidir. Təsirindən ötəri uzun müddət gözləmək lazım deyil. Qana dərhal, rahatca qarışar, yumaq, çeynəmək, həzm etmək kimi uzun bir prosesdən keçirməyə ehtiyac qalmaz. Buna görə də uşaqlara çoxlu-çoxlu nağıl, hekayə danışırlar. Sistem qoşulanda özünə gələn, gözü açılan bir çox xəstə var. Hekayə və nağıl məlumatı damardan vermək kimidir. Qurani-Kərimin üçdəbirinin qissələrdən ibarət olması təsadüf deyil. Bir cəmiyyət içərisində nağıl, hekayə və əfsanələrin it-bat olması xəstəxanada olan yüzlərlə sistemin işlədilməməsi kimi bir şeydir. Nağıllar, əfsanələr və hekayələr xəyal gücünü işə salar. Xəyal gücü işləməyən insanların nə isə kəşf etmələri, strategiya fikirləşmələri, şahmatda, döyüşdə və siyasətdə təsirli həmlələr etmələri, şeir, roman və hekayə yazmaları mümkün deyil. Kompüter oyunlarının qərəzli və məhdud faydalarından bəhs edilsə də, xəyal gücünü öldürmüş olması ən böyük cinayətdir. Başı qopardılan tarakan iki həftəyə qədər yaşaya bilirmiş. Xəyal gücü öldürülmüş cəmiyyətlərin azad və rifah içində iki nəsil boyu həyatda qala biləcəyinə şübhə edirəm.
O gün mənim üçün Kəbə haqqında səhv öyrədilən bir məlumatın yerlə-yeksan olduğu gün oldu. Məlumat həqiqətlə əlaqəsini itirsə də, eşitmiş olduğum hekayə gözəl idi. Hekayənin dəyişmədən, uşaqlığımın ləzzəti ilə qalmasını istəyərdim.
ŞƏRHLƏR