TƏQVADA YARIŞANLAR

TƏQVADA YARIŞANLAR

Uca Allah Qurani-Kərimdə belə buyurur:

  “(Rəsulum!) Sən öyüd ver. Çünki öyüd möminlərə fayda verir”.(əz-Zəriyət 55)

Aləmlərin rəbbi olan Allaha şükürlər və həmd-sənalar, ümmətinə verdiyi öyüdlərlə qəlblərə ilahi hikmət, rəhmət və sevgi nümunələrini aşılayaraq onları ilahi iradəyə sözsüz təslimiyyətə dəvət edən Allah Rəsuluna salətu-salam olsun.

Öyüd-nəsihət vermə müəssisəsinin mahir sənətkarları olan peyğəmbərlər bu yolda qarşılarına çıxan çətinliklərə rəğmən, təhkim olunduqları xalqlara Allaha qul olma sənətini təlim edərək, sıravi insanlar üçün haradasa mümkünsüz görünən böyük uğurlara imza atmağa müvəffəq olmuş rəhmət elçiləridir. Bu rəhmət karvanının fəxri olan Hz.Muhamməd əleyhissalamın cəhalət qaranlıqlarını dəlib keçən və hər biri bir inci olan öyüdləri ilə ətrafındakıları qəflət zindanından qurtararaq ilahi həqiqətlərə qucaq açan misilsiz bir toplum şəklində insanlığın qiyamətə qədər istifadəsinə verməsi ağılları heyran buraxan möhtəşəm bir hadisədir. İlahi kəlamın öyüdlə zəngin məna dəryasında mənliyini əridərək yox etmiş bu haqq ərlərini nümunə olaraq ümmətinə tanıdan Rəsulullah qiyamətə kimi uzanan zaman məsafəsində hər birimizi onlara bənzəməyə dəvət edərək,  Üsamə bin Zeydin rəvayətinə görə, belə buyurmuşdur:

 “Qiyamət günü insanların Allaha ən yaxın olanları dünyada uzun müddət ac-susuz və hüznlü olaraq qalanlardır. Həqiqi alim və müttəqi qullar insanlar arasına qarışdığı zaman varlıqları, tənhaya çəkildikləri zaman da yoxluqları hiss edilməz. Çünki aranmazlar. Yerin genişliyi onları tanıyar və mələklər də onları əhatəyə alarlar. İnsanlar dünya nemətlərindən zövq alarkən onlar Allaha itaətdən zövq alarlar. İnsanlar peyğəmbərin sünnə və əxlaqından uzaq qaldıqları zaman onlar bu əmanəti mühafizə edərlər. Onlardan biri öldüyü zaman yer üzü onlar üçün ağlayar. Onların olmadığı ərazilərdə yaşayanlara Allah-Təala qəzəb edər. Yeməyin azını yeyərlər və insanların rəğbət etdikləri şeylərə qiymət verməzlər. Bəziləri onları dəli hesab edər. Halbuki ağılları başlarındadır. Həqiqət bundan ibarətdir ki, insanlar ağıllarını itirib heyrətə düşəcəkləri zaman onların ağılları başlarında olacaqdır. Axirətin şərəfi onlar üçündür”.

İlahi əzəmətin idrakı iqlimində qulluq sənətinə yiyələnmək istəyən hər bir mömini izləyəcəyi yolun eniş və yoxuşları olduqca narahat etməkdədir. Yaşamış olduğu irfani təcrübələri ilə Rəbbani feyz axışlarını Allahın eşqi ilə qovrulan könül süzgəcindən keçirən Muhyiddin Ərəbi həzrətləri Haqqa doğru məsafə almaq istəyənlərin izləyəcəyi məqamları necə də gözəl açıqlamaqdadır:

“Bu yolda Rəbbinə varmaq istəyən mömin Allaha doğru Allahın isimləri ilə yürüməlidir. Mömin öz sevgilisini hər cür dostdan üstün tutmalıdır. Mömin Rəbbinə qovuşmaq üçün bu dünyadan çıxmağı arzulamalıdır. Mömin öz nəfsindən bütünlüklə qurtulmalıdır. Möminin qəlbi Rəbbinə olan sevgisindən dolayı çılğına dönməlidir. Möminin hər şeyi Rəbbi üçün olmalıdır. O, sevgilisini özündən belə qısqanmalıdır. Möminin gözü sevgilisinin varlığı ilə görür. O, ancaq sevgilisi olan Rəbbinin sözü ilə danışır...”

Bu sifətlərlə taclanmış möminlər Quranın Hamili yəni daşıyıcılarıdır. Qulluq ərləri bütün bu sifətləri şəxslərində topladıqları zaman Hz.Aişə anamızın bildirmiş olduğu: “Rəsulullahın əxlaqı Quran idi”- həqiqətinə qovuşma səadətini canları, malları, qəlbi duyğuları ilə yaşama zərafətinə nail ola bilərlər. Zəif, incə bədənləri ilə çatlamış dodaqları, qurumuş gözyaşları  və öldürücü dərin iç çəkişləri ilə Quranın gerçək dostları onlardır. Allahın vədini dinlədikcə onlar sel kimi gözyaşlarına qərq olarlar. Bir sözlə, ilahi əzabın və ilahi xəbərdarlığın mənliklərini silkələyən müdhiş dəhşəti içində qəlbləri ilə Rəbbani iradəyə qatlanan – Allahın seçkin qullarıdır onlar.

İslama könül vermiş məna ərlərinin mənəvi təkamül yollarını ümmətə öyüdləri ilə açıqlayan Abdulqadir Geylani həzrətləri belə buyurur:

“Qul qəlbini bir ibadət məkanına çevirdiyi və orada Allahdan qeyri heç bir şeyə yer vermədiyi zaman dərəcəsi yüksələr. İslamdan imana, imandan sarsılmaz bilgi və inanca, sarsılmaz bilgi və inancdan mərifətə, mərifətdən elmə, elmdən məhəbbətə, məhəbbətdən də Allahın sevgilisi olma nemətinə layiq edəcək məhbubiyyət məqamına yüksələr”.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz