ALLAHIN VARLIĞININ NƏQLİ DƏLİLLƏRİ
Nəqli dəlillərdən məqsəd Allahın varlığından bəhs edən və üzərində düşünməmiz istənilən Quran ayələridir. Qurani-Kərimin üçdəbiri Allahın tövhidindən, yəni varlıq və birliyindən bəhs edir. Qurani-Kərim Allah-Təalanın varlığını alim-cahil, böyük-kiçik hər səviyyədə insanın iman edə biləcəyi çox sadə bir dillə izah edir.
Aşağıda qeyd edəcəyimiz bu ayələr əsasən insanın yaradılması, göylərin yaradılması, yerin yaradılması, hava, yağıntılar, küləklər, dağlar, təbiətdəki yüksək müvazinət, meyvələr, heyvanlar və s. mövzulardan bəhs edir. Sayı xeyli çox olan bu ayələrdən yalnız bir neçəsini zikr edəcəyik:
“Məgər Biz yeri döşək etmədikmi?! Dağları da dirək?! Biz sizləri (erkək və dişi olmaqla) cüt-cüt yaratdıq. Yuxunuzu da istirahət (vasitəsi) etdik. Biz gecəni (hər şeyi bürüyən) örtük etdik. Gündüzü isə dolanışıq (ruzi qazanmaq) vaxtı etdik. Üstünüzdə yeddi (qat) möhkəm (göy) qurduq. Sizin üçün çox parlaq bir çıxar (günəş) yaratdıq. (Küləklərin sıxdığı) buludlardan şırıl-şırıl tökülən yağmur endirdik ki, Onunla dən və bitki yetişdirək, eləcə də (ağacları bir-birinə) sarmaşan bağlar”. (ən-Nəbə 6-16)
“Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfinə yaymasında, göy ilə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində, (Allahın hikmət və qüdrətinə dəlalət edən) əlamətlər vardır”. (əl-Bəqərə 164)
“Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi. Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi. Sonra sizi yenə ora qaytaracaq və (qiyamət günü dirildib oradan da) çıxardacaqdır”. (Nuh 15-18)
“(Ey kafirlər!) Biz sizi (yoxdan) yaratdıq. Məgər (qiyamət günü yenidən dirildiləcəyinizi) təsdiq etməzmisiniz? Bəs (bətnlərə) axıtdığınız nütfəyə nə deyirsiniz? Ondan (insan) yaradan sizsiniz, yoxsa Biz?! Sizin aranızda ölümü (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik. Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik, (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! And olsun ki, siz ilk yaradılışı (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?! Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? Onu bitirən sizsiniz, yoxsa Biz?! Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məəttəl qalıb: “Biz ziyana uğramış, bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz). Bəs içdiyiniz suya nə deyirsiniz? Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın nemətlərinə) şükür etmirsiniz? Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz? Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsafirlərin faydalanması üçün yaratdıq. Belə olduqda (ya Peyğəmbər!) sən ulu olan Rəbbinin adını müqəddəs tutub zikr et!” (əl-Vaqiə 57-74)
“Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?!” (İbrahim 10)
“(Ya Rəsulum!) Həqiqətən, əgər sən (müşriklərdən): “Göyləri və yeri kim yaratmışdır?” – deyə soruşsan, onlar mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların əksəriyyəti (həmd-sənanın kimə məxsus olduğunu) bilməz!” (Loğman 25)
“(Ya Rəsulum! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq (pak bir müvəhhid, xalis təkallahlı kimi) üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (İslama) tərəf tut. Allahın dinini (Onun yaratdığı tövhid dini olan İslamı) heç bir vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dinin İslam olduğunu) bilməz. (Allah bütün insanları xilqətcə müsəlman – təkallahlı yaratmışdır, lakin ata-anaları onları başqa dinlərə sövq etmiş, yaxud onlar yaşa dolduqda öz nadanlıqları üzündən batil dinlərə - bütpərəstliyə uymuşlar)”. (ər-Rum 30)
ŞƏRHLƏR