BİHUDƏ YARIŞ

BİHUDƏ YARIŞ

Sevgili Peyğəmbərimiz (s.ə.s) məsciddə səhabələri ilə birgə oturmaqda idi. Birdən: “İndi içəri cənnətlik bir adam girəcək”, - dedi. Bir azdan sol əlində ayaqqabıları, saqqalından dəstəmaz suyu damcılayan, ənsardan bir nəfər içəri girdi.

 Ertəsi gün də Rəsulullah eyni sözləri təkrarladı və yenə eyni adam içəri girdi. Başqa bir gün bu hadisə bir daha təkrarlananda səhabələrdən Abdullahın içini maraq bürüdü. Bu işin sirrini, daha doğrusu cənnətlik müjdəsini almağın yolunu tapmalı idi.

 Həmin adamın yanına gedib dedi: “Atamla ağızlaşdım və - üç gün evə gəlməyəcəyəm, - deyə and içdim. Məni üç gün evində qonaq edə bilərsənmi?” Cənnətlik bir adam evinə gələn qonağa yox deyərmi, əlbəttə ki, xeyr. Abdullahın istəyini qəbul edib onu evinə apardı. Abdullah üç gecə o ənsarın evində qaldı. Onun hər bir hərəkətini diqqətlə izlədi ki, görəsən, o hansı fərqli əməl işləyir ki, Rəsulullah onu “cənnətlik” olaraq vəsf edir?! Gördüklərini daha sonra Abdullah özü belə nəql etmişdi: “Ənsardan o adamın evində üç gecə qaldım. Bizim etdiyimizdən artıq heç bir əməlini görmədim. Yalnız yatağında bir böyründən o biri böyrü üstə çevriləndə zikr edir, təkbir gətirirdi”. Üç gün bitəndə Abdullah ev sahibi ilə sağollaşarkən ondan üzr istəyərək əslində nə üçün onun evində qonaq qalmaq istədiyini, Rəsulullahdan cənnət müjdəsini almağın yolunu axtardığını, amma onda heç bir fərqli əməl tapa bilmədiyini dedi. Ənsardan olan o bəxtəvər şəxs təbəssüm edib dedi: “Əməlim məndə gördüklərindən ibarətdir, bundan başqa gizli bir hərəkətim yoxdur”. Abdullah ondan ayrılıb gedərkən arxadan səslənib çağırdı və bütün bildiklərini bölüşmək, cənnətə gedən yolda addımlamaq istəyən hər kəsə yardımçı olmaq istəyi və həyəcanı ilə bunları əlavə etdi: “Bəli, əməllərim gördüklərindən ibarətdir. Amma məndə bir xasiyyət də var – ürəyimdə heç bir müsəlmana qarşı əsla pis bir niyyət və ya paxıllıq yoxdur”. Bu sözləri ilə, əslində, hansı əməlinin ona cənnəti qazandırdığını bilmədiyi üçün içində olan hər şeyi açıb tökməyə çalışır, “bəlkə kiminsə qurtuluşuna səbəb olaram” deyərək öz qurtuluşuna can atırdı...

Əshab - Peyğəmbərin ən yaxın dostları, Quranda Allahın onlardan razı olduğu bildirilən və onların da Allahdan razı olduğu müjdələnən o pak, təmiz, zirvə nəsil bu yolda, cənnətə daha tez girmə yarışında bir-biri ilə yarışırdı. Bir-birini qısqanmadan, paxıllıq etmədən, xainlik etmədən...

Biz də müsəlmanıq. Hər günü əvvəlki günündən daha yaxşı olmayan günümüz dünyasında gözlər var ki, daha çox mal-mülk sevdasının işıltılı parıltısına zillənmiş, bütün gücünü bu yarışda bir addım daha irəli getmək üçün səfərbər etmiş vəziyyətdədir. Bir tərəfdən iqtisadi sıxıntılar, digər tərəfdən heç kimdən istehlak yarışında geri qalmamaq həyəcanı... Bu adrenalinə saf ürək dözərmi?!

Dünya gündəmi elə bir dalana sürüklənib ki, bir səhər “üçüncü dünya müharibəsi başlayıb” deyə bir xəbər yayılsa, Allah qorusun, heç kim bunu təəccüblə, heyrətlə qarşılamaz. Hər gün eşidilən partlayış xəbərləri, çox yaxınımızda, Orta Şərqdə yaşanan “elan olunmamış dünya müharibəsi” və yurdlarından didərgin salınmış milyonlarla ailənin faciəli həyat hekayələri bu dəhşəti bizim üçün sanki adi bir hala çevirib. Görəsən, neçə ailə qaçqın çadırında, nəm torpağın üstündə, yemək bişirməyə çalışdıqları balaca qaz balonunun alovuna əllərini uzadaraq istisinə qızınmağa çalışır? Neçə ailənin o qazanında ət qaynayır, dolma, küftəbozbaş bişir?! “Onlardan bizə nə, bizim halımız onlardan çox da fərqli deyil” deməyin ha, nə badə..! Məqsədim onların halına baxaraq öz halımıza şükür edək, demək deyil. Mənim diqqət çəkmək istədiyim məsələ başqadır. Biz ki müsəlmanıq. Öldükdən sonra Allahın bizi dirildərək “bütün nemətlərdən” hesaba çəkəcəyini bilirik. Ailəmizdən də hesaba çəkiləcəyik; uşaqlarımızın, xanımımızın, qohumlarımızın, qonum-qonşumuzun ehtiyaclarının nə qədərini qarşılaya bildik, nə qədər kömək etdik deyə də hesaba çəkiləcəyik. Biz də, - Ya Rəbbi, verdiklərindən bu qədər, bu qədər sənin rizan üçün xərclədik, - deyə biləcəyimiz qədər çalışmaq, qazanmaq məcburiyyətindəyik, elə deyilmi? Bəs o gün, - Suriyada bu qədər adam acından qırılarkən, İraqda bu qədər yetim ac-susuz yollara düşüb el-aləmə əl açarkən, nə bilim, Myanmada bu qədər evsiz-yurdsuz ailə qətliamdan qaçaraq yaşamaq ümidi ilə meşələrə, dağlara sığınarkən verdiyim bol nemətlərdən onlar üçün nə xərclədin, - deyə soruşulsa, nə deyərik? Boş yerə deyil ki, kasıblar zənginlərdən əvvəl cənnətə daxil olacaqlar, həm də neçə yüz il əvvəl... Bax o günün sıxıntısını, bu ağır sualların vəbalını yüklənmək bahasına hələ də var-dövlət yığaraq çoxaltmaq və dönə-dönə onu sayaraq iftixar etmək yarışında ilk sıralardan geridə qalmamaq üçün ömür nemətimizi bihudə xəyallarla xərcləyiriksə, Allah köməyimiz olsun..!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz