SƏADƏT ƏSRİNDƏ “İSAR” HƏYƏCANI

SƏADƏT ƏSRİNDƏ “İSAR” HƏYƏCANI

Dini ritualların ən yüksək səviyyədə diqqət gördüyü və səmimi bir şəkildə yaşandığı çağ Hz. Peyğəmbərin təsis etdiyi səadət çağı olmuşdur. Bu ruhun sonrakı nəsillərə də öz paklığı ilə ötürülməsi üçün səhabələr səy göstərmişdir. Odur ki, Rəsulullahın (s.ə.s) əshabının yaşadığı dini həyat bizim üçün nümunəvilik təşkil edir.

 Çünki onların müəllimi və rəhbəri Hz.Peyğəmbər olmuşdur. Səhabə nəsli dinin tətbiqiliyinin əyani göstəricisidir. Yəni dinin insanlar üçün göndərildiyini və həyatımızda əyani şəkildə tətbiq edilə biləcəyini səhabələr bütün incəlikləri ilə yaşayaraq göstərmişlər.

Zənginləşmə və güclü olma şüarı üzərinə bina edilən kapitalizm zehniyyətinin hökm sürdüyü bu günümüzdə müsəlmanların heç gündəmlərinə almadıqları xüsuslardan biri də sosial nizamın əsaslarından biri kimi qəbul edilən “isar” anlayışıdır. Lüğətdə “hər hansı bir şeyi təmənnasız olaraq başqasına vermək” mənasını daşıyan “isar” kəlməsi dini terminologiyada “bir möminin özünün ehtiyacı olduğu halda mömin qardaşının ehtiyacını görməsi” mənasını daşıyır. Yəni isar – mömin qardaşını özündən üstün tutmaqdır. İsar İslam dinindəki comərdlik anlayışının ən zirvədəki nöqtəsidir. İslam tarixi boyunca bu incəlik hər daim yaşanmış və yaşadılmışdır.

Səadət əsrinə nəzər saldıqda isarla əlaqəli bir çox nümunələr qarşımıza çıxır. Səhabə nəsli insana təmənnasız olaraq verilən nemətlərin sahibinin Uca Allah olduğunu bilir və verilən bu nemətlərə şükür nişanəsi kimi də bəxş edilən mal-mülkdən ehtiyacı olanlara verilməsinin labüdlüyünü anlayırdı. Hətta comərdlikləri elə bir səviyyədə idi ki, bəzən etdikləri əməlləri təqdir edən ayələr nazil olurdu. Məsələn, bir nəfər Peyğəmbərimizin (s.ə.s) hüzuruna gələrək: “Mən aclıq içində və çətin vəziyyətdəyəm!” - deyir. Allah Rəsulu (s.ə.s) xanımlarının birinə xəbər göndərib yeməyə bir şey istəyir, ancaq anamız: “Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, evdə sudan başqa verməyə heç nə yoxdur!” - deyir. Sonra digər xanımından yeməyə bir şey istəyir, O da eyni cavabı verir. Ta ki, bütün xanımları: “Səni haqq peyğəmbər olaraq göndərən Allaha and olsun ki, evdə sudan başqa heç nə yoxdur!” - deyə cavab verəndə Peyğəmbərimiz (s.ə.s) üzünü əshabına tutub: “Kim bu qardaşımızı bu gecə qonaq etmək istəyir?” - deyə soruşur. Əbu Talha: “Mən, ya Rəsulallah!” - deyərək onu evinə qonaq aparır. Evə çatanda zövcəsinə Allah Rəsulunun qonağına yaxşı baxmağı tapşırır. (Digər rəvayətdə isə:) Evdə yeməyə bir şey olub-olmadığını soruşur. Xanımı da: “Xeyr, sadəcə uşaqlara çatacaq qədər bir şey var!” - deyərək cavab verir. Bunun müqabilində Əbu Talha: “Onda birtəhər uşaqların başını qat. Süfrəyə gəlmək istəsələr, yatırt. Qonaq içəri girəndə şamı söndür. Özümüzü elə göstərərik ki, guya biz də yeyirik,” - deyir. Qonaq evə girəndən sonra süfrəyə otururlar. Dedikləri kimi də edirlər. Qonaq qarnını doyurur, ancaq ev sahibləri ac yatırlar. Səhər açılır. Sübh namazında Allah Rəsulu (s.ə.s) namazı qıldırıb əshabına tərəf çevrilir və Əbu Talhaya: “Doğrusu, Allah-Təala axşam zövcənlə birlikdə qonağa etdiyiniz (fədakarlıq və) ikramdan razı qaldı. Haqqınızda: “...Özləri ehtiyac içində ola-ola başqalarını özlərindən üstün tutarlar” (əl-Həşr 9) ayəsi nazil oldu”- deyərək müjdəni verir. (Buxari, Müslim)

Comərdlik deyiləndə ilk ağıla gələn şəxslərdən biri də həya timsalı Hz.Osmandır. Hz.Osman zənginliyin şükrünü əda etmək üçün ehtiyacı olan yoxsul kimsələrə tez-tez kömək edər, onlara təmənnasız mal-dövlətindən paylayardı. Bu hadisə onun nə qədər əliaçıq olduğunu göstərmək üçün kifayətdir: Mədinədə quraqlıq və qıtlıq ili idi. Hz.Osman Şamdan 100 dəvəlik karvanla buğda gətirmişdi. Tacirlər buğdanı almaq üçün onun yanına gəldilər. Ona istədiyi qədər, hətta dəyərindən daha artıq miqdarda pul təklif etdilər. Ancaq hər dəfə Hz.Osman: Sizdən daha çox verən müştərim var”, - deyə qarşılıq verirdi. Vəziyyətdən çıxış yolu tapa bilməyən tacirlər ondan Hz.Əbu Bəkrə şikayət etdilər. Hz.Osmanı hər kəsdən yaxşı tanıyan Hz.Əbu Bəkr onlara belə dedi: “O, Rəsulullahın kürəkənidir. Cənnətdə onun yoldaşıdır. Siz onun sözlərini səhv başa düşmüsünüz. Gəlin, bərabər gedək, məsələni aydınlaşdıraq”. Hz.Osmanın yanına çatanda Hz.Əbu Bəkr ona camaatın onun sözlərinə və verdiyi cavaba görə üzüldüklərini söylədi. Hz.Osman belə cavab verdi: “Ey Rəsulullahın xəlifəsi! Onlardan daha yaxşı müştərim var idi və mənə malımın 700 qatını verirdi. Mən də buğdanı birə 700 mislini verənə satdım”. Hz.Osman bu sözləri ilə malını Allah yolunda sədəqə olaraq verdiyini ifadə edirdi. Çünki bir müddət sonra bütün karvanı Mədinədəki yoxsullara təmənnasız olaraq payladı. Bu hərəkətinə görə Hz.Əbu Bəkr onu çox təqdir etdi və alnından öpdü. Cahiliyyət dövrü adlandırılan o qaranlıq dönəmi aydınlığa çevirən və insanlığın heyranlıq duymasına səbəb olan anlayış məhz bu anlayış idi.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz