SƏDƏQƏDƏKİ BƏRƏKƏT

SƏDƏQƏDƏKİ BƏRƏKƏT

Sədəqə vermək dinimizdə ən ülvi sayılan ibadətlərdən biridir. Maldan sədəqə vermək ilk baxışda malın azalması kimi görünsə də, əslində, bu, belə deyil. Bəqərə surəsinin 261-ci ayəsində Allah-Təala buyurur: 

“Mallarını Allah yolunda xərcləyənlərin halı yeddi sünbül verən bir toxuma bənzəyir ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah dilədiyi kimsənin (mükafatını) artırar. Allah (hər şeyi) əhatə edən, biləndir”. Başqa bir ayədə isə belə buyurulur:

“Mallarını gecə və gündüz, gizli və aşkar (yoxsullara) sərf edənlərin öz Rəbbi yanında böyük mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər”. (əl-Bəqərə 274)

Həzrət Peyğəmbərimiz (s.ə.s) də belə buyurur: “Sədəqə vermək malı azaltmaz. Qul başqalarının səhvlərini bağışladıqca Allah onun şərəfini artırar. Kim Allah üçün təvazökar davransa, Allah da onu yüksəldər”. (Müslim, Birr 69; Tirmizi, Birr 82)

Görüldüyü kimi, həm ayeyi-kərimədə, həm də hədisi-şərifdə zənn edilənin əksinə olaraq çox açıq və dəqiq bir ifadə ilə sədəqənin malı azaltmayacağı bildirilməkdə və hətta müjdələnməkdədir. Çünki təsəddüq edilən (sədəqə verilən) hər şeyin qarşılığını Allah-Təalanın özünün verəcəyi vəd edilmişdir.

Sədəqə Allaha yaxınlıq məqsədi ilə xərclənən mal deməkdir. Onun dünyadakı nağd faydasını ehtiyacı qarşılandığı üçün: “alan”,  axirətdəki faydasını isə savabı qat-qat olduğu üçün: “verən” görər.

Hansı maldan sədəqə verilərsə, o mal bərəkətlənər. Verənə Allah yenə verər. Qarşılığı ya dünyada, ya axirətdə, ya da hər ikisində birdən ən az on misli ilə veriləcəyinə görə mal mənəvi və maddi olaraq bərəkətlənmiş və artmış olar. Yəni sədəqə malı ya maddən, ya da mənən artırar, qətiyyən azaltmaz. O halda xəsis davranmağa ehtiyac yoxdur; comərdlik bərəkət gətirər.

Allah üçün verilən sədəqə malı əsla nöqsanlaşdırmaz. Sədəqənin bərəkəti mütləq malın, qazancın üzərində görülər. Bunun üçün dünyada malını artırmaq, axirətdə də savabını çoxaltmaq istəyən kəs sədəqə verməkdən geri qalmamalıdır.

Bunu da əsla unutmayaq ki, hər gözəllik və yaxşılıq bərəkət, şərəf və izzət qaynağıdır. Sədəqə verməyin alimlər tərəfindən izah edilən 10 faydası var; bunun beşi dünyada, beşi isə axirətdədir.

 

Sədəqənin dünyadakı beş faydası:

1. Malı təmizləyər. Hədisi-şərifdə buyurulur ki: “Malınızdakı günah çirklərini sədəqə ilə təmizləyin!” (Tənbihul-Qafilin)

2. Günahları təmizləyər. Hədisi-şərifdə buyurulur ki: “Suyun atəşi söndürdüyü kimi, sədəqə də günahları yox edər”. (Tirmizi)

3. Xəstəlikdən və bəladan qoruyar. Hədisi-şərifdə buyurulur ki: Xəstələrinizi sədəqə ilə müalicə edin! Sədəqə hər xəstəliyi və bəlanı önləyər”. (Beyhəqi)

4. Möhtacları sevindirər. Bu xüsusda hədisi-şərifdə buyurulur: “Ən fəzilətli əməl möhtaclara yemək və geyəcək vermək və möminləri sevindirməkdir”. (Təbərani)

5. Ruzini artırar, malı bərəkətləndirər. Şeytan malı ya israf etdirər ya da insana xəsislik etdirər, xeyrə xərcləməyə əngəl olar; “Yoxsul olarsan, əlin daralar” deyə qorxudar. Müsəlman Allah yolunda xərcləməkdən qorxmamalıdır! Səbə surəsinin 39-cu ayəsində buyurulur: “..(Allah yolunda) nə xərcləsəniz, Allah onun əvəzini verər. O, ruzi verənlərin ən yaxşısıdır!”

Sədəqənin axirətdəki beş faydası:

1. Qiyamətin dəhşətindən qoruyar. Hədisi-şərifdə buyurulur: “Sədəqə qəbir əzabından qoruyar, qiyamətdə sahibini himayəsinə götürər”. (Beyhəqi)

2. Cəhənnəmdən qurtarar, cənnətə qoyar və dərəcəni yüksəldər. Hədisi-şərifdə buyurulur: Allah rizası üçün verilən sədəqə Cəhənnəm atəşindən qoruyar”. (Təbərani).

3. Savabı artırar. Hədisi-şərifdə buyurulur ki: “Malını Allah yolunda xərcləyənin savabı 700 mislinə qədər artar”. (Beyhəqi)

4. Sirattan asan keçirər.

5. Malın hesabını verməyi asanlaşdırar.

Sədəqə haqqında Həzrət Peyğəmbərimizin (s.ə.s) buyurduğu bəzi hədisi-şəriflərlə də tanış olmaq mövzumuz baxımından faydalı olar. Buyurulur ki:

(Qiyamət günü) hesabı görülənə qədər hər kəs sədəqəsinin kölgəsində olacaqdır”. (Səhih ibn Hibban)

“Gizli sədəqə Rəbbin qəzəbini söndürər”. (Sünəni Tirmizi)

“Sədəqə pis ölümə mane olar”. (Əhməd b. Hənbəl, Müsnəd)

“Kədərləri və çətinlikləri sədəqələrlə düzəldin. Belə etsəniz, Allah sizin çətinliklərinizi aradan qaldırar, düşmənlərinizə qarşı sizə kömək edər, şiddət və çətinlik anında ayaqlarınızı sabit edər”.  (Feyzul-Qadir)

“Merac gecəsi cənnətin bir qapısında: “Sədəqə vermənin birə-on misli savabı, borc vermənin isə birə-on səkkiz (misli) savabı vardır” deyə yazılmış olduğunu gördüm”. (Sünəni ibni Macə)

“Mallarınızı zəkatla qoruyun, xəstələrinizi sədəqə ilə müalicə edin, bəlaları da dua ilə önləyin”. (Beyhəqi, Şuabul-iman)

“Sədəqə suyun atəşi söndürdüyü kimi xətaları silər”. (Sünəni Tirmizi)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz