ƏXLAQ VƏ DİN
Əxlaq sözü yaratmaq və yaradılış mənasını verən “xaləqa” kökündən törəmişdir. Bu kökdən xalq və xuluq şəklində, eyni xüsusiyyətə malik iki gövdə ayrılır. Hərf fərqi olmayan, yalnız hərəkə fərqi olan bu iki söz insanın iki fərqli istiqamətini ifadə edir.
“Xalq” insanın gözlə görünən, əllə tutulan maddi varlığının yaradılışını, “xuluq” isə onun xasiyyət, xarakter, təbiət, səciyyə, adət və davranış kimi mənəvi yaradılışını izah edir. Məhz bu ikinci mənanın cəmi “əxlaq” kəlməsi ilə ifadə edilir.
Əxlaq mövzusu üzərində bütün dinlər əhəmiyyətlə dayanmışdır. Amma əxlaq mövzusunda ən böyük qiyməti və əhəmiyyəti İslam dini vermişdir. İslamın gözəlliklərindən biri də gözəl əxlaqa, yüksək ədəbə dəvət etməsi, pis əxlaq və xüsusiyyətlərdən çəkindirməsidir. Bu din kamil bir din olduğuna görə şəriət və ağıl baxımından bəyənilən hər şeyi özündə cəm etmişdir.
Din və əxlaq tarix boyu çox yaxın əlaqə içərisində olmuşdur. İslamın əsas məqsədi də əxlaqlı bir nəsil və cəmiyyət yetişdirməkdir. Beləliklə, insanları əxlaqla dolu bir həyat yaşamağa təşviq edərək onların mənəvi zirvələrə qalxmasını təmin edir. Yer üzərinə göndərilən peyğəmbərlər göndərildikləri yerlərdə əxlaqsızlığı aradan qaldırmaq və bu əxlaqsızlığa düçar olmuş insanları bu bəladan qurtarmaq üçün göndərilmişdilər. Din bizə axirət həyatından xəbər verir; axirət həyatı üçün yaşayan insanların qəlbinə, davranışlarına və həyat tərzinə bir əxlaq pəncərəsi açır. Əxlaq isə insanlar arasında mədəni əlaqələrin inkişafında böyük rol oynayır və insanları bir-birinə qarşı mərhəmətli, şəfqətli olmağa səsləyir.
Göründüyü kimi həm kitabımız Qurani-Kərim, həm də Rəsulullah (s.ə.s) əxlaqa çox əhəmiyyət vermişdir. Əgər insanın əxlaqı gözəl olmazsa, onun ibadətindən ona bir fayda olmaz. Bir məsələni heç zaman unutmayaq ki, gözəl əxlaq inancın və ibadətin insanın davranışlarına təsiri üzərində qurulur.
Əxlaq fitri və islami olmaqla iki hissəyə bölünür: Fitri əxlaq insanın yaradılışından gələn əxlaqdır. Fitri əxlaqa primitiv şeylər daxildir. Məsələn, geyim, bir az da olsa böyüklərə hörmət etmək və s. Əgər fitri əxlaqı olan insan islami əxlaqla örtünməzsə, artıq onda olan fitri əxlaq tükənər. Bu bir növ yerə basdırılan ağac fidanına bənzəyir ki, o, öz canındakı suyun hesabına yarpaq açar, hətta çiçəkləyə də bilər. Lakin bu müddət ərzində torpaqla ünsiyyət qura bilməszə, yəni torpaqdan özünə lazım olan maddələri ala bilməzsə, öz canındakı su qurtardıqdan sonra qurumalı olar. İnsan da gələcəyindən əmin olmaq üçün həddi-büluğ yaşına yetdikdən sonra öz davranışlarını ibadətlə və İslam əxlaqı ilə gözəlləşdirməlidir
Əxlaq cəmiyyətin formalaşmasına da çox böyük təsir göstərir. Belə ki, millət adı verilən böyük camaat ailələrin bir yerə yığılmasından meydana gəlir. Ailələr də fərdlərdən meydana gəlir. O halda bir millətin güclü olması, xoşbəxtlik içində yaşaması ailələrin sağlam bir təmələ sahib olmasına bağlıdır. Ailənin sağlam və rahat olması isə ailə üzvlərinin əxlaqi vəzifələri yerinə yetirmələri ilə mümkündür. Bu səbəblə, hər şeydən əvvəl cəmiyyəti meydana gətirən fərdlərin təmiz əxlaqlı olması böyük əhəmiyyət daşımaqdadır. Çürük taxtalardan möhkəm bir gəmi düzəldilə bilməyəcəyi kimi, yaxşı əxlaq sahibi olmayan, məsuliyyət hissi daşımayan fərdlərdən də güclü və möhkəm cəmiyyət meydana gələ bilməz.
İslama görə əxlaq imanla əlaqədardır və qaynağını dindən – Qurani-Kərim və sevimli peyğəmbərimizdən alır. Şəriətin əmr etdiyi kimi yaşamaq əxlaqlı və gözəl bir həyat yaşamaq hesab olunur. İslam əxlaqı beynəlxalq prinsipləri ilə insan və cəmiyyətin xoşbəxt olmasını hədəf götürür. İslam inanc əsasları ilə bərabər tutarlı bir həyat təqdim etdiyi üçün iman, əxlaq və ibadət aralarında ayrılmaz bir bağla bir-birinə bağlanmışdır.
Allah (c.c) Qurani-Kərimdə Peyğəmbərimizə: “Şübhəsiz, sən böyük bir əxlaq üzərindəsən”(əl-Qələm surəsi) buyurur. Rəsulullah (s.ə.s) İslam dinini insanlığa təbliğ edərkən seçkin insanlığı və gözəl əxlaqı ilə insanlığa örnək bir şəxsiyyət olmuşdur. Xanımı Hz.Aişə Rəsulullahın gözəl əxlaqı haqda belə demişdir: “Çirkin söz söyləməzdi, həya ,tərbiyə və nəzakətə zidd bir hal və hərəkətə yol verməzdi. Pisliyə pisliklə qarşılıq verməzdi. Əfv edər, bağışlayardı...”
Bir hədisi-şərifdə belə buyurulur: “Tərəziyə qoyulan əməllər arasında gözəl əxlaqdan ağır gələcək bir şey yoxdur”. İnsan gözəl əxlaq sayəsində nafilə oruc tutub, nafilə namaz qılan insanlar dərəcəsinə yüksələr.
ŞƏRHLƏR