SUAL? - CAVAB!

SUAL? - CAVAB!

Sual: Ana dildə namaz qılmaq olarmı?

Cavab: Bütün ilahi kitablar insanlara Allahın buyruqlarını çatdıran peyğəmbərlərin danışdıqları dildə nazil edilmişdir.

 Hz.Peyğəmbərimiz Muhamməd (s.ə.s) Ərəbistanda ərəblər arasında yetişdiyi və ərəb dilində danışdığı üçün onun təbliğ etdiyi Qurani-Kərim də ərəb dilində nazil olmuşdur.

              Ancaq Uca Rəbbimizin bütün bəşəriyyətə bəxş etdiyi son kitabı və əbədi xitabı olan Qurani-Kərim yalnız ərəblər və ərəb dilini bilənlər üçün yox, bütün insanları zəlalətdən qorumaq, onlara haqqı və həqiqəti öyrətmək, eləcə də hidayət və səadət yolunu göstərmək üçün nazil olmuşdur. Bununla bağlı Uca Allah müxtəlif ayələrdə belə buyurur:

“Bu (Quran), insanlardan ötrü bir xəbər, müttəqilərdən ötrü isə hidayət (doğru yola göstəriş) və nəsihətdir”.(Ali-İmran 3/138);

“Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan”.(əl-Maidə 5/67)

“Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (ən-Nəhl 16/44)

Qurani-Kərimin ərəb dilində nazil olmasında şübhə yoxdur. Lakin hər bir müsəlmanın ərəb dilini öyrənməsi mümkün olmadığı və Qurani-Kərimin ərəb dilini bilməyənlərə də təbliğ edilə bilməsi üçün başqa müxtəlif dillərə tərcümə edilməsinə, qısa və uzun şərhlərə (təfsir) ehtiyac duyulmuş və bununla bağlı zərurət yaranmışdır.

Həqiqətən də, tarixə nəzər saldıqda İslamın ilk dövrlərindən bəri buna ehtiyac duyulduğu və bəzi səhabələrin tərcümə fəaliyyətlərinə müraciət etdiyi nəzərə çarpır. Məsələn, burada Salman Farisidən nümunə vermək olar. Belə ki, mənbələrdə qeyd olunduğuna görə, o, iranlı soydaşlarının tələbləri qarşısında “Fatihə” surəsini fars dilinə tərcümə etmiş və sonrakı alimlər də bu və ya digər dəlillərdən müxtəlif nəticələr çıxarmışlar.

Məlumdur ki, Quran Uca Allahın Hz.Muhammədə (s.ə.s) Cəbrayıl (ə.s) vasitəsi ilə nazil etdiyi mənaya dəlalət edən ləfzlərin (hökmlər ifadə edən kəlmələrin) adıdır. Yəni Qurani-Kərim həm mənası, həm də ləfzi ilə Uca Allahın kəlamıdır. Yalnız mənası ilə yox, Rəsulullahın (s.ə.s) qəlbinə ləfzləri ilə endirilmişdir. Məhz bu səbəbdən Qurandakı ləfzlərdən anlaşılan və başqa ləfzlərlə (kəlmələrlə) ifadə edilən məna Quran deyil. Çünki nazil edilən ləfzlərdən başqa, hətta ərəb dilində belə olsa, başqa sözlərlə ifadə edilən məna Uca Allahın kəlamı deyil, tərcüməçinin ondan anladığı mənadır. Halbuki Quran məfhumunda yalnız məna yox, onun bir rüknü olaraq ləfzləri də var. Uca Allah belə buyurur: “Şübhəsiz ki, bu (Quran) aləmlərin Rəbbi tərəfindən nazil edilmişdir! Onu Cəbrayıl (Ruhul-əmin) endirdi: (Günahkarları Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) peyğəmbərlərdən olasan deyə, sənin qəlbinə (nazil etdi); Özü də açıq-aydın ərəb dilində” (əş-Şüəra 26/192-195); (Ya Rəsulum!) Biz onu (sənə göndərilən ilahi Kitabı) ərəbcə Quran olaraq nazil etdik” (Taha 20/113); “Biz (onlara) nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər”. (əz-Zümər 39/28) Bundan əlavə bir çox ayələrdə (Füssilət, 41/3; Yusif, 12/2; Rəd, 13/37; Nəhl 16/103; Şura, 42/7; Züxrüf 43/3; Əhqaf, 46/12) də Qurani-Kərimin ərəb dilində olduğu vurğulanır və buradan aydın olur ki, Qurani-Kərim yalnız mənası ilə deyil, ləfzi ilə birlikdə Uca Allahdan nazil edilmişdir. İslam alimləri tərcüməni Quran saymamışlar və bu məsələdə həmfikir olmuşlar.

Hər dilin başqa dillərdə olmayan özünəməxsus ifadə, üslub və izah etmə xüsusiyyətləri vardır. Heç bir tərcümə əslinin yerini tuta bilməz və heç bir tərcümə hər cəhətdən əslinə tam uyğun ola bilməz.

Digər tərəfdən, eyni dildəki onlarla tərcümə və şərh arasından bir nəfərin tərcüməsini seçib hər kəsin bunu mənimsəməsi də qeyri-mümkündür. Bəzən bir ayənin iki və ya daha çox mənalara gəlmə ehtimalı da olur. Bu kimi hallarda hansı tərcümənin əsas alınması məsələsi də çox müəmmalıdır.

Bu məsələ ilə bağlı məzhəb imamlarının fikirlərinə gəlincə, qeyd edək ki, İslam hüquqşünaslarının (fəqihlər) əksəriyyətinə görə, namazda ana dildə qiraət yalnız müvəqqəti olaraq mümkündür: “Fatihə” surəsini bilməyən bir müsəlman yalnız onu öyrənənə qədər müvəqqəti olaraq öz ana dilində tərcüməsi ilə namaz qıla bilər. Hətta İmam Şafei buna da qarşı çıxmış və öyrənənə qədər “qiraətsiz” qılmalıdır demiş, bənzər görüşdəki başqa alimlər də “təkbirlərlə” namaz qılmalıdır fikrini irəli sürmüşlər. İslam alimlərindən ana dildə ibadətə yalnız Əbu Hənifənin fikrində rast gəlmək mümkündür. Ancaq bununla yanaşı o, bunun məkruh olduğunu bildirmiş və bəzi mənbələrdə qeyd olunduğuna görə daha sonra bu fikrindən vaz keçib cümhurun (əksəriyyətin) fikrini qəbul etmişdir.

Son olaraq onu da vurğulamaq lazımdır ki, heç şübhəsiz, bir müsəlman ən azı namazda oxuduğu Qurani-Kərim ayələrinin mənalarını bilməli və namazda onları anlayaraq, dərk edərək və təfəkkür edərək oxumalıdır. Təbii ki, namazda oxunarkən Qurani-Kərim əsli ləfzləri ilə ərəbcə oxunmalı, lakin Uca Rəbbimizin bizə olan öyüd-nəsihətini, fərzlərini, qadağalarını öyrənmək və onun irşadından istifadə etmək məqsədi ilə tərcümə, şərh və təfsirləri də oxunmalı, bunlar ətraflı mütaliə edilməlidir. Bütün bunlar eyni zamanda ibadət hesab olunur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz