XEYRƏ AÇAR OLANLAR

XEYRƏ AÇAR OLANLAR

Həzrət Peyğəmbər (s.ə.s) bir hədisi-şərifində belə buyurur: “İnsanlar arasında elə kəslər var ki, onlar xeyrə açar, şərə kiliddirlər. Elələri də var ki, şərə açar, xeyrə kiliddirlər. Allahın xeyir açarlarını verdiyi kəslər necə də bəxtiyardırlar. Şərin açarlarını verdiyi kəslərin vay halına!” (İbn Macə, Müqəddimə, 19) Bu Nəbəvi təlimat bizə xeyir və şərin mübarizə meydanına çevrilən dünya məkanında bir möminin üzərinə düşən ən ali vəzifənin nə olduğunu göstərməsi baxımından böyük əhəmiyyət daşıyır. Müsəlman olduğunu söyləyən heç kəs bu xeyir-şər savaşından uzaq qala bilməz.

 Çünki İslam dini bizə bunu əmr edir. Quranda möminlərin vəsflərindən bəhs olunarkən onların “orta ümmət” olduqları bildirilir. Rəbbimiz Muhamməd ümmətinin insanlara yaxşılığı əmr edib, pislikdən çəkindirən bir ümmət olduğunu vurğulayaraq bizim üçün bir həyat tərzi ortaya qoyur. İlahi əmrlərə qulaq verdiyimiz zaman görürük ki, yaşadığımız cəmiyyətdə xeyirlərin vüsət tapması məqsədi ilə haqq olduğuna inandığımız yoldan çıxanları yenidən bu yola qaytarmaq üçün əlimizdən gələni etmək məcburiyyətindəyik. Çünki hər birimiz başda ailəmiz olmaqla öncə yaxınlarımızın, qonşularımızın, yaşadığımız cəmiyyətdəki insanların və ən nəhayət, bütün dünyada yaşayan insanların hidayət tapması üçün çalışmaqla mükəlləfik. Elə isə insanların hidayətinə vəsilə olmaq üçün mövcud olan və əlimizin çatdığı bütün vasitələrdən istifadə etməliyik.

Hər şeydən əvvəl dilimizlə insanları hidayət yollarına dəvət etməli, onları pis əməllərdən çəkindirməliyik. Allah Rəsulu (s.ə.s) səhabələrinə öyrətdiyi hər şeyi digər insanlara çatdırmalarını istəyər, bu xüsusda ən böyük fədakarlığı da şəxsən özü edərdi. Hələ İslamın ən ağır dövrü kimi səciyyələndirilən Məkkə dövründə belə dəfələrlə şəhərin ən azğın müşriklərinin qapısına gedərək onları Allahın dininə dəvət etmişdir. Hətta iş o yerə çatmışdı ki, bir dəfə Əbu Cəhl Hz. Peyğəmbərin bu dəvətindən bezərək belə demişdir: “Əgər bütün bunları bizi Allahın hüzurunda təbliğ etdiyinə dair şahid göstərmək üçün edirsənsə, özünü yorma. Mən orada vəzifənə sadiq qaldığını söyləyəcəyəm”. Biz də bu gün Allah Rəsulunun davamçıları olaraq sözlü təbliğ mövzusunda əlimizin çatdığı hər kəsə bu dinin həqiqətlərini çatdırmaq məcburiyyətindəyik. Üstəlik bugünkü müsəlmanların insanları hidayətə dəvət xüsusunda məsuliyyətinin daha böyük olduğunu da yaddan çıxarmamalıyıq. Texnoloji imkanlarla, inkişaf edən rabitə vasitələri ilə artıq dünyadakı bütün insanların bir-birinə qonşu qədər yaxın olduğunu nəzərə alaraq daxil olduğumuz sosial şəbəkələrdə, müxtəlif saytlarda xeyrə vəsilə olacaq paylaşımlar etməliyik. Söylədiyimiz hər sözün, eləcə də yazdığımız hər cümlənin hədəfi  insanlığın qurtuluşu olmalıdır.

Digər tərəfdən, insanlara əməllərimizlə də yaxşı örnək olmaq kimi mühüm bir öhdəlik daşıdığımızı unutmamalıyıq. Çünki insanlar söylədiyimiz sözdən çox əməlimizə baxar. Xüsusilə şəklə və şəkilçiliyə əhəmiyyət verilən zəmanəmizdə zahirə sirayət edən hal və davranışlarımız İslamın gözəlliklərini əks etdirməlidir. Sahib olduğumuz əxlaqi dəyərlərin ən yaxşı göstəricisi əməllərimiz olmalıdır ki, bizə baxanlar müsəlman kimliyi altında fərqli bir insan xarakterinə məftun olsunlar. Ticarətdə dürüstlük, qonşuluqda mehribanlıq, dostluqda sədaqət, işdə məsuliyyət kimi üstün xislətlər həyat tərzimizin ayrılmaz parçası olmalıdır. Üzümüzə baxanlar İslamın simasını çöhrəmizdə müşahidə etməlidirlər. Çünki Hz. Peyğəmbər və əshabı insanlara sözdən daha çox fellə təsir etmiş və minlərlə insanın Allaha gedən yolda bələdçisi olmuşdur.

Əgər özümüz, övladlarımız və bütün insanlıq üçün parlaq gələcək arzulayırıqsa, xeyrə açar olmaq məcburiyyətindəyik. Dünya və axirət səadətinə nail olmaq istəyiriksə, şərlərə kilid olmalıyıq. Unutmayaq ki, bir cəmiyyətdə pis əməl sahiblərinə mane olmayanlar həmin cəmiyyətin pozulmasında ən az onlar qədər məsuliyyət daşıyırlar. Allah Rəsulunun hədisi ilə başladığımız bu yazını bir başqa hədislə yekunlaşdırmaq yerinə düşər. İnsanlığın qurtuluşu üçün az qala özünü həlak edərcəsinə çalışan Hz. Muhamməd Mustafa bir hədisi-şərifində belə buyurur: “Allaha and olsun ki, ya insanlara yaxşılığı əmr edər, pis əməldən çəkindirərsiniz, ya da Allah-Təala içinizdəki pisləri sizə ürcah edər. Belə olduqda aranızdakı xeyir sahibləri dua edərlər, amma duaları qəbul olunmaz”. (Əhməd b. Hənbəl, Beyhəqi) Həzrət Peyğəmbərin xəbərdarlıq etdiyi bu acı aqibətə düşməmək üçün hər birimiz bir an öncə dinimizin gözəlliklərini söz, hal və davranışlarımızla bütün bəşəriyyətə çatdırmaq məcburiyyətindəyik. Allahın xeyir açarlarını verdiyi kəslər necə də bəxtiyardırlar…   

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz