DOĞMA DİL VƏ MİLLİ KİMLİK MƏSƏLƏSİ

DOĞMA DİL VƏ MİLLİ KİMLİK MƏSƏLƏSİ

Mən Sovet dövrünü qismən görmüş adamam, oxuduğum orta məktəbdə həm doğma, həm də rus sektorlarında dərslər keçirilirdi. O zaman Bakıda uşaqları rus sektoruna qoymaq dəb idi, belə deyək, rus dili uğura çatmağın yollarından biri sayılırdı.

Azərbaycan müstəqilliyini əldə edəndən sonra bir müddət biz əks prosesin şahidi olmağa başladıq, yəni valideynlər kütləvi şəkildə öz uşaqlarını Azərbaycan sektorlarına qoymağa, hətta rus dilində ibtidai sinifdə oxuyan övladlarını Azərbaycan siniflərinə keçirməyə başladılar.

İndi biz yenidən əks prosesə şahidlik etməkdəyik. İş o yerə çatıb ki, öz uşağını rus dilində məktəbin hazırlıq sinfinə qoyan qonağım bu yaxınlarda mənə belə bir etiraf etdi: “evdə uşaqla (oğlunun dörd yaşı var) Azərbaycanca danışmırıq ki, qoy rus dilini lazım olan səviyyədə bilsin”. Qonağım idi deyə, mübahisə-filan etməyə lüzum görmədim, - reaksiyam eləcə susmaq oldu.

Məlumdur ki, dil milli identifikasiyanı müəyyənləşdirən ən əsas amillərdən biridir. Yəni hər hansı millətin, etnik qrupun yox olması, elmi dillə desək, assimilyasiyaya məruz qalması ilk növbədə dilin unudulması ilə baş tutur. Dilini unudan millət nəticədə öz mədəniyyətini və adət-ənənələrini də unudur və böyük millətlərin içində əriyib, - bu prosesdə sözsüz ki, qarışıq izdivacların da rolu olur, -  gedir.

Düzdür, hələ Sovet dönəmində, rus dilinin indikiylə müqayisədə daha dominant olduğu dövrdə belə azərbaycanlılar assimilyasiyadan xilas ola bildilər. Tutaq ki, bunun əksi olaraq, Qazaxıstanda ruslaşma prosesi bu ölkənin şimalında yaşayan qazaxların assimilyasiyası ilə nəticələnmişdi.[1]

Amma hal-hazırda Bakının mərkəzi küçələrində insanların bir-biriylə, valideynlərin uşaqlarıyla kütləvi şəkildə rus dilində danışması anlaşılan deyil, hərçənd, kimsə onların qabağını kəsib deyə bilməz ki, öz dilində danış, çünki bura sənin vətənindir və s. Digər tərəfdən, buna görə kiməsə o səbəbdən irad bildirilə bilməz: məsəlçün, irad bildirilən adamlar sırf öyrənmək məqsədiylə öz aralarında rus dilində danışdıqlarını söyləyərlər. Əlbəttə, bütün sadaladıqlarımız versiyalardır və bəlli olan məsələ budur ki, kiməsə küçədə, ofisdə rus dilində danışmağı qadağan edə bilmərik.

Fikrimcə, yeganə çıxış yolu yenə də ölkədə, daha dəqiq desək, Bakıda maarifləndirmə işlərinin aparılmasıdır.[2] Maarifləndirmə isə ilk növbədə təbliğat yolu ilə aparıla bilər. Yenə də ilk növbədə övladların doğma dildə məktəbə qoyulması və Azərbaycan sektorlarında oxuyan uşaqların rus sektorunda oxuyanlardan  səviyyə və savadca aşağı olması mifini məhv etmək lazımdır. Buna ən gözəl misal kimi beynəlxalq olimpiadalarda doğma dildə təhsil alan şagirdlərin əldə etdiyi uğurları göstərmək olar. Daha sonra insanları öz aralarında Azərbaycan türkcəsində danışmağa sövq edən təbliğat vasitələrindən istifadə etmək olar. Bunun üçün sosial videoçarxlardan istifadə etmək, sosial şəbəkələrdə kampaniyalar aparmaq, bir sözlə, cəmiyyətin mümkün qədər daha çox təbəqəsini əhatə edən layihələr həyata keçirmək mümkündür.


[1] İllər öncə Azərbaycanda keçirilən mədəni tədbirlərin birində tanınmış bir qazax yazıçısı ilə söhbət edirdim. Mənə belə bir etiraf etdi: sizin ölkədə hamının öz dilində danışmasından zövq alıram. Sonra ölkənin şimalında yaşayanları nəzərdə tutaraq, mənə dedi ki, bizdə öz dilini və mədəniyyətini itirmiş elə qazaxlar var ki, onları biz artıq qazax saymırıq.

[2] Qeyd edək ki, hələ SSRİ dönəmində Azərbaycanın əyalətlərində rus məktəbləri olsa belə, orda yaşayan insanlar öz aralarında doğma dillərində danışırdı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz