ROBOT OLMAQ İSTƏYİRSƏN?!
Əvvəllər televizorun bir vəzifəsi var idi. O, fərqli uzaqlıqda yayımlanan televiziya siqnallarını qəbul və vizual təsvir etmək üçün istifadə olunan qurğu kimi fəalliyyət göstərirdi. Telefonun bir vəzifəsi var idi. O, səsi ötürmək və almaq üçün istifadə olunan telekommunikasiya cihazı olaraq istifadə edilirdi. Saat sadəcə vaxtı göstərirdi.
Qələmlər sadəcə yazmaq üçün, gözlüklər isə daha yaxşı görmək üçün istifadə edilirdi. Bir müddət sonra isə bir çox əşyaların daşınmasına belə ehtiyac qalmadı. Bir cihazın içərisinə onlarla əlavə cihazın iş funksiyası əlavə edildi. Fotoaparat, videokamera, televizor, saat, kalkulyator, not dəftəri kimi əlavə əşyalar bir mobil cihazın içərisinə qoyularaq insanın əlinə verildi. Ona lazım olan hər şey bir cihaz içərisindən idarə olunmağa başladı. Həm də ən yüksək keyfiyyətlə birlikdə.
Günü-gündən inkişaf edən texnologiya dünyası bunun kimi daha çox yeniliklərə imza atdı. Süni intellektli robotlar, ağıllı evlər, özü idarə olunan avtomobillər və s. Hər şeyin bu qədər inkişaf etməsini arzu edən insanın isə özünün geridə qalması mümkün deyildi. Özünün iş potensialını artırmaq üçün hələ ki, bədəninə xaricdən heç bir qurğu yerləşdirə bilməsə də, bunun əvəzinə daxili potensialına yüklənərək bu işin öhdəsindən gəlməyə çalışdı. Əvvəllər bir xarici dil bilən insan yüksək qiymətləndirilirdisə, indi bu, adi hal olaraq qəbul olunur. Bu sahədə insanları təəccübləndirmək üçün ən azı üç xarici dili öz ana dilin kimi mənimsəməyi bacarmalısan. İnsanlar arasında bu inkişafı təmin etmək üçün davamlı rəqabət xaricdən nə qədər cəlbedici görünsə də, bir o qədər insan psixikası üçün təhlükəlidir.
Belə ki, insan nə qədər bu inkişafa ayaq uydurmağa çalışsa da, bir müddət sonra insan olduğunu unudur və ruhsuz robotlara çevrilir. Çünki bizim yüz il əvvəlki babalarımızdan fiziki olaraq heç bir yerimiz fərqlənmir. Onların yaşadığı dünyada hadisələr yavaş baş verdiyi halda indi hər şey sürətli baş verir. Belə demək mümkündürsə, o zaman insanlar normal gəzirdilərsə, indi insanlar yaşamaq üçün qaçmağa məcbur olublar. Qaçdığın zaman isə ətrafındakı gözəllikləri görmədən irəliləyirsən. Nəticə etibarilə intellektimiz ruhumuzu özü ilə birlikdə götürmək istəmir. Davamlı maddi ehtiyacları qarşılamaq üçün çalışdığımız dünyada mənəvi ehtiyaclarımızı unudub ruhumuzun inkişafını gözardı edirik.
İnsan düşünən və duyan bir varlıq olduğu üçün sadəcə davranışları aspektindən dəyərləndirilməməlidir. O bir çox şeyləri düşünsə də, duyduqları məhduddur. Üzərinə yüklənən yükün səviyyəsi çoxaldıqca duyğuları azalmağa, davranışları çoxalmağa başlayır. Necə ki, bir çox işi eyni anda yerinə yetirib, bir çox qabiliyyətlərə sahib olan robotlardan duyğular tələb edilmədiyi kimi, insanlar da duyğusuz robotlara bənzədilir. Onun gülməsinə, ağlamasına, sevinməsinə imkan yaradılmır.
Bir insandan bir çox vəzifələr tələb edilir. Həmin tələb olunan vəzifələri yerinə yetirə bilməyənlər isə işçi komandasının sıralarından təcrid olunur. Eynilə bir çox funksiyanı yerinə yetirən texnoloji kəşflərdən sonra sadəcə bir işi icra edən əşyaların dəyərdən düşməsi kimi. Hər nə qədər bir insanın bir çox qabiliyyətlərə sahib olması onun şəxsi karyerası baxımından müsbət xarakterizə edilsə də, həmin qabiliyyətlərin başqaları tərəfindən istismar olunması onun daxili hüzurunu məhv edir. Bu qabiliyyətlərdən istifadə edərək daha çox qazanılan maddi məvacib, insanın mənəvi rahatlığının çoxalmasında və xoşbəxtlik duyğusunun artmasında əhəmiyyətli rola sahib olmur.
Biz sadəcə daha çox qazanmaq üçün çalışırıq. Daha çox qazanmaq üçün isə daha çox qabiliyyətlərə sahib olub bu qabiliyyətlərimizi satmağa məcbur oluruq. Bunları bizdən almağa çalışan insanlar isə bu yarış marafonuna bizim kimi, bəlkə də, milyonlarla insanları çıxarıb öz seçimlərini onların arasından edir. Vaxt olur ki, biz onların seçdiyi insanlar arasında belə olmuruq.
Nəticə etibarı ilə, insanın tələbatları çoxaldıqca onu yerinə yetirmək üçün daha çox işləyib daha çox qazanmağa ehtiyac duyur. Əslində isə insanın yaşaması üçün çox şeyə ehtiyacı yoxdur. Biz sadəcə başqalarına özümüzü sübut etmək üçün çox şeyləri əldə etməyə çalışırıq. Bizim seçimlərimizi və həyat şəraitimizi ətrafımızdakı insanlar müəyyənləşdirir. Başqalarının seçimlərinin əsiri olmamaq isə öz əlimizdədir. Bu problemin öhdəsindən insanlığımıza hörmət edib başqalarının əlindəki robota çevrilməməklə gələ bilərik. Duyğularımıza, sevgilərimizə və mənəvi dünyamıza sahib çıxaq ki, insanlığımızı unudub robot kimi yaşamayaq. Axı biz robot deyilik!
ŞƏRHLƏR