BİR HƏDİS
عَنْ ابْنَ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: مَنِ اقْتَنَى كَلْبًا، لَيْسَ بِكَلْبِ مَاشِيَةٍ، أَوْ ضَارِيَةٍ، نَقَصَ كُلَّ يَوْمٍ مِنْ عَمَلِهِ قِيرَاطَانِ
Abdullah ibn Ömərdən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “Kim çoban iti və ov iti xaricində it bəsləyərsə, hər gün onun savabından iki qırat (ölçü vahidi) azalar”. (Buxari, Zəbaih, 6)
Allah-Təala kainatı müəyyən bir nizam üzrə yaratmışdır. Bu nizam daxilində canlı və cansız bütün varlıqların müəyyən bir həyat tərzi vardır. O cümlədən insana ən yaxın varlıq olan heyvan sinfi də müəyyən bir nizam daxilində öz varlığını davam etdirməkdədir. Bu varlıqların hər biri, Quranın bəyan etdiyi kimi, ən mükəmməl varlıq olan insanın istifadəsinə verilmişdir. Bunun müqabilində insandan hər bir canlını məqsədinə uyğun olaraq istifadə etməsi tələb olunmuş və müəyyən məsələlərə diqqət etməsi lazım gəldiyi bildirilmişdir. Yuxarıda qeyd olunan hədisdə Həzrət Peyğəmbər (s.ə.s) bu məsələyə diqqət çəkmiş və məqsədsiz şəkildə it bəsləməyin İslam dininə görə qadağan olduğunu bəyan etmişdir. Çünki itin öz təbii mühitindən uzaqlaşdırılaraq insan ilə iç-içə yaşamağa məcbur edilməsi əslində onun təbiətinə zidd bir haldır. Bir çox halda bu ona yaxşılıq deyil, zülmdür.
İnsanın məqsədsiz bir şəkildə it bəsləməsi Həzrət Peyğəmbərin buyurduğu: “Ona dəxli olmayan (boş işləri) tərk etməsi kişinin müsəlmanlığının gözəlliyindəndir”, (Tirmizi, Zöhd, 11) - hədisi ilə də ziddiyyət təşkil etməkdədir. Çünki insanın əsas yaradılış məqsədi Rəbbinə təzim etmək olduğuna görə, bu yolda ona maneə törədəcək səbəblərin başında əlaqəsiz işlərə meyl etmək gəlməkdədir ki, it bəsləmək də bu qəbildən qəbul edilə bilər. Bundan əlavə, cəmiyyətdə yardıma ehtiyacı olan insanlar varkən bir heyvanın insandan önə keçirilərək əzizlənib bəslənməsi dinin qəti olaraq qarşı çıxdığı bir haldır. Bu hal insani münasibətləri zədələməklə yanaşı, bu işlə məşğul olan insanları öz həmcinslərinə qarşı da yadlaşdırmaqdadır. Həzrət Peyğəmbər (s.ə.s): “İçində it və şəkil olan evə mələklər (əsla) girməz”, (Buxari, Bədul-xəlq, 17) - buyuraraq ev daxilində it bəsləməyin Allahın rəhmətindən uzaqlaşmağa səbəb olacağını ifadə etmişdir.
Bütün bunlarla yanaşı, hədisdə məqsədli şəkildə it bəsləməyə icazə verildiyi diqqət çəkməkdədir. Belə ki, burada çoban iti və ov iti qeyd olunsa da, hədisin başqa təriqlərində əkinçilik məqsədi ilə də it bəsləməyə icazə verildiyi görülür (Müslim, Müsaqat, 57). Hədisin sonunda məqsədsiz şəkildə it bəsləyən kimsənin hər gün əməlindən iki qırat əskiləcəyi ifadə edilmişdir ki, bu ölçünün həqiqi mahiyyətini izah etmək mümkün deyildir.
ŞƏRHLƏR