BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

فَبِمَا رَحْمَةٍ مِنَ اللّٰهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ

“Allahın mərhəməti sayəsində onlarla yumşaq rəftar etdin. Əgər kobud və daş ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Ona görə də onları əfv et və onların bağışlanmaları üçün dua et! (Ali-İmran, 3/159)

Təfsirlərdə qeyd edilən bir rəvayətə görə, yuxarıdakı ayə Uhud döyüşündə Həzrət Peyğəmbərin əmrinə itaət etməyən bəzi səhabələrə qarşı onun bağışlayıcı olması və mülayim davranması səbəbilə nazil olmuşdur. Bu ayeyi-kərimədə Həzrət Peyğəmbərin (s.ə.s) yüksək əxlaqı, qəlbinin yumşaqlığı, insanlara qarşı şəfqət və mərhəmətinə işarə edilmiş, eyni zamanda biz möminlər üçün də əxlaqi prinsiplər ortaya qoyulmuşdur. Peyğəmbərimiz (s.ə.s) Allah-Təalanın ona bəxş etdiyi bu insani keyfiyyətlər sayəsində insanlarla gözəl ünsiyyət qurmuş və onları öz ətrafında toplaya bilmişdir. Ayədə də buyurulduğu kimi, əgər Peyğəmbər (s.ə.s) insanlara qarşı kobud olsaydı və qaba davransaydı, bir çox kimsələr ondan üz döndərər və nəticə etibarilə İslam dinindən uzaqlaşardılar.

İnsanların sevgisini qazanmaq asan iş deyil. Eyni zamanda hər kəsi məmnun etmək də çox çətin məsələdir. Ancaq Həzrət Peyğəmbər (s.ə.s) bütün çətinliklərin öhdəsindən gəlmiş, şəfqəti və mülayimliyi sayəsində hər kəsin sevgisini və rəğbətini qazanmışdır. Heç şübhəsiz, sosial münasibətlərdə mülayim davranmağın böyük əhəmiyyəti vardır. Çünki fəzilət sahibi bir insan belə kobud davrandıqda insanlarda ona qarşı nifrət hissi oyanar. İnsanlar kobud və qaba insanlardan daim uzaq durmaq istəyərlər. Bununla bağlı olaraq bir hədisi-şərifdə buyurulur: “Mülayim olmayan insan bütün xeyirlərdən məhrum olmuş kimidir”. (Müslim, Birr, 74) Qarşılaşdığı neqativ hallar qarşısında belə kobudluğa yol verməyərək insanlara şəfqət göstərən peyğəmbərimiz özü mülayim olduğu kimi, səhabələrini də bu cür davranmağa təşviq etmiş və belə buyurmuşdur: “Kimin cəhənnəmə girməyəcəyini və ya cəhənnəmin kimi yandırmayacağını sizə xəbər verimmi?! Mehriban olan, hər kəslə yaxşı davranan, mülayim xasiyyətli olub insanlara kömək edən insanları cəhənnəm odu yandırmaz!” (Tirmizi, Qiyamət, 45)

Həzrət Peyğəmbərin (s.ə.s) insanlarla mülayim rəftar etməsi, onlara qarşı mərhəmətli və əfv edici olması bir çox insanın İslam dinini qəbul etməsində böyük rol oynamışdır. Hər bir işdə müsəlmanlar üçün üsveyi-həsənə (ən gözəl nümunə) olan Allah Rəsulu İslamın təbliğ edilməsində mülayim olmağımızın nə dərəcədə əhəmiyyət kəsb etdiyini bizə göstərmiş, yuxarıdakı ayə də bu həqiqəti vurğulamışdır. Ayənin sonunda isə mülayimlik və  əfv etmək arasındakı incə əlaqəyə diqqət çəkilmiş, insanların qüsurlarını bağışlamağın nə qədər gözəl bir xüsusiyyət olduğu ifadə edilmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz